Dövlət Neft Fondu iqtisadçının iradlarına münasibət bildirib

Qurum əmlak biznesindən olan itkilərlə bağlı deyilənləri təkzib edir

Source:


Qurum əmlak biznesindən olan itkilərlə bağlı deyilənləri təkzib edir

Azərbaycan Respublikası Dövlət Neft Fondu iqtisadçı Qubad İbadoğlunun mayın 4-də açıqladığı məlumatlara münasibət bildirib (https://banker.az/neft-fondu-t%C9%99cili-aciqlama-verib/).

Qubad İbadoğlu

deyirdi

ki, ARDNF əmlak biznesindən milyonlarla pul itirib. Londondakı əmlakdan 57,35 milyon funt sterlinq, Moskvadakı əmlak biznesindən isə 86 milyon dollar itkisi olub.

ARDNF Qubad İbadoğlunun bu dediklərinin doğru olmadığı qənaətindədir. Fond yaydığı məlumatda deyir ki, ARDNF investisiya portfelinin qurulması zamanı, eləcə də onun gəlirliliyinin və risklərinin qiymətləndirilməsini apararkən beynəlxalq ən yaxşı təcrübəyə müvafiq olaraq hər hansı bir əqdin risk və gəlirlilik göstəriciləri əsas götürülməklə deyil, bu işi bütün investisiya portfeli səviyyəsində icra edir. Buna müvafiq olaraq, ARDNF-nin bugünkü investisiya portfeli aktiv növləri, strategiyalar, regionlar, ölkələr və valyutalar da daxil olmaqla fərqli parametrlər üzrə kifayət qədər şaxələndirilib:

“Bu baxımdan Fondun icra etmiş olduğu hər hansı bir konkret əqdin üzləşə biləcəyi qısamüddətli mənfi şokların ümumi portfelin gəlirliliyinə təsiri minimuma endirilib. Digər tərəfdən, şəffaflıq göstəricilərinə görə dünyanın ən öndəgedən suveren fondlarının biri olaraq ARDNF investisiya portfelinin tərkibi və invidual investisiyalar da daxil olmaqla portfel ilə bağlı bütün məlumatları ictimaiyyətə açıqlayır”.

Fond bildirir ki, ARDNF-nin daşınmaz əmlak portfeli də regionlar, sektorlar və strategiyalar üzrə birbaşa, fondlar və müştərək investisiyalar vasitasilə daha da diversifikasiya olunmuş tərkibə malikdir. Bu da öz növbəsində, daşınmaz əmlak portfelinin bir hissəsi itkilərlə üzləşdiyi halda portfelin digər hissələrindən əldə edilən gəlirlər hesabına ümumi müsbət gəlirliliyin qorunub saxlanılmasına töhfə verir:

“Qeyd edilən uğurlu diversifikasiya siyasətinin nəticəsidir ki, ötən ilin nəticələrinə əsasən daşınmaz əmlak portfelinin 2018-ci il üzrə məzənnə fərqi nəzərə alınmadan gəlirliliyi 9,9 faiz təşkil edib”.

ARDNF əlavə edir ki, uzunmüddətli dövrdə özünü doğruldan aktiv növü olaraq daşınmaz əmlak investisiyalarının gəlirliliyi haqqında fikirlər hansısa bir ilin nəticələrini yox, tam investisiya periodunu nəzərdə tutmalıdır. Belə ki, ümumilikdə daşınmaz əmlak yatırımlarına başlanılandan (2012-ci ildən) 2018-ci ilin sonuna qədər orta illik gəlirlilik məzənnə fərqi nəzərə alınmadan təxminən 6,65 faiz olub. Bunun əsasında demək olar ki, ARDNF-nin daşınmaz əmlaka yatırdığı investisiyalar özünü doğruldub:

“ARDNF-nin Londonun “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlak obyektinin 2018-ci il üçün gəlirliliyi daşınmaz əmlak obyektinin dəyərinə təsir edən ən vacib amillərin arasında obyektin icarəyə verilmiş hissəsi, onun hazırkı icarədarlarının kimliyi, icarə müddətinin sonuna qalan vaxt xüsusi yer tutur. Buna uyğun olaraq icarədarların icarə müqaviləsinə xitam verməsi baş tuta bilən haldır ki, bu da daşınmaz əmlak obyektinin qiymətinə əsaslı təsir göstərə bilər. Lakin bu kimi təsir müvəqqəti xarakter daşıyır və əmlaka yeni icarədarlar cəlb edildikdən sonra onun qiyməti artım nümayiş etdirir”.

Daşınmaz əmlak portfelinin gəlirliliyi ilə bağlı daha ətraflı məlumat ilə cədvəldə
Daşınmaz əmlak portfelinin gəlirliliyi ilə bağlı daha ətraflı məlumat ilə cədvəldə

Fond bildirir ki, London daşınmaz əmlak obyektinin icarədarı olan icarənin bitmə müddətinin sonu 2023-cü il olmasına baxmayaraq, HSBC bankının daxili strateji planına əsasən, bank 2018-ci ilin ortasında icarə müqaviləsinə vaxtından əvvəl xitam vermək qərarına gəlib. Bunun nəticəsində də ARDNF-yə 34,7 milyon funt sterlinqi həcmində vəsait ödənib:

“Hazırda binada icarədarın olmaması binanın təmirinə münbit şərait yaradır ki, bunun nəticəsində binanı daha əlverişli şərtlərlə icarəyə vermək imkanı yaranacaq. Sözügedən təmirin yekunlaşdırılması 2020-ci ilin sonuna nəzərdə tutulub”.

ARDNF Rusiyanın Moskva şəhərində olan əmlakı ilə bağlı da açıqlama verib. Bildirib ki, Tverskaya 16 ünvanında yerləşən daşınmaz əmlak obyektində də müvafiq təmir işləri aparılır. Belə ki, obyektin ticarət hissəsi təmir işləri ilə təkmilləşdirmədən sonra tam olaraq H&M şirkətinə icarəyə verilib:

“Hal-hazırda isə obyektin ofis hissəsində təmir işləri davam edir. Bu işlərin yaxın gələcəkdə yekunlaşması nəzərdə tutulub. Təbii ki, bu işlər başa çatdıqdan və yeni icarədarlar cəlb edildikdən sonra obyektin dəyərinin artımı gözlənilir. Digər tərəfdən, son illərdə rus rublunun digər valyutalara qarşı məzənnəsində müşahidə olunan volatillik də Rusiya bazarında bir çox aktivin, eləcə də daşınmaz əmlak obyektlərinin xarici valyutada ifadə olunan qiymətlərinə mənfi təsir edib. Buna müvafiq olaraq, qeyd olunan səbəbdən ARDNF-nin Rusiyada sahib olduğu daşınmaz əmlak obyektinin də xarici valyutada ifadə olunan zərərinin böyük hissəsini valyuta itkisi təşkil edib”.

Fond bu əmlakın yerləşmə yerinin əlverişliliyi və digər amilləri nəzərə alaraq uzunmüddətli dövrdə gəlirliliyinin yüksələcəyinə inanır.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, diqqəti fonun açıqlamasında yer alan 3 məqama yönəldir. Deyir, bəli, ARDNF-nin sahibi olduğu Londonun “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən 57,35 milyon funt sterlinq və ya 121 milyon dollar dəyər itirən 11 min kvadrat metr sahəsi olan daşınmaz əmlak obyekti istifadəsiz qalıb. Bununla bağlı, Dövlət Neft Fondu bildirir ki, hal-hazırda binada icarədarın olmaması binanın təmirinə münbit şərait yaradır ki, bunun nəticəsində binanı daha əlverişli şərtlərlə icarəyə vermək imkanı yaranacaq:

“Sözügedən təmirin yekunlaşdırılması 2020-ci ilin sonuna nəzərdə tutulub. Təbii ki, daşınmaz əmlak obyektinin qısamüddətli dövrdə icarədarsız qalması səbəbindən 2018-ci ilin sonunda aparılan qiymətləndirmə nəticəsində binanın dəyəri azalıb, lakin Londonun tarixi mərkəzində yerləşən bir daşınmaz əmlak obyekti olaraq, yeni icarədarların cəlbindən sonra binanın dəyərinin yüksəlməsi gözlənilir”.

İqtisadçı əlavə edir ki, Moskvanın “göbəyində” Tverskaya 16 ünvanında yerləşən, 18 min kvadrat metr sahəsi olan, bazar dəyəri son 6 ildə 84,5 milyon dollar ucuzlaşan ARDNF-ə məxsus ofis və ticarət mərkəzinin icarəsindən 2018-ci il üçün Fondun büdcəsinə 1 rubl belə çatmayıb:

“Dövlət Neft Fondunun açıqlamasında qeyd olunur ki, Rusiyanın Moskva şəhərində Tverskaya 16 ünvanında yerləşən daşınmaz əmlak obyektində də müvafiq təmir işləri aparılmaqdadır. Belə ki, obyektin ticarət hissəsi təmir işləri ilə təkmilləşdirmədən sonra tam olaraq H&M şirkətinə icarəyə verilmişdir. Hal-hazırda isə obyektin ofis hissəsində təmir işləri davam etməkdədir və bu işlərin yaxın gələcəkdə yekunlaşması nəzərdə tutulub. Təbii ki, bu işlər başa çatdıqdan və yeni icarədarlar cəlb edildikdən sonra obyektin dəyərinin artımı gözlənilir”.

İqtisadçı bildirir ki, Dövlət Neft Fondu son 2 ildə VTB Bankına sərmayələrdən 216 milyon dollar itirib:

“ARDNF isə açıqlamasında bildirir ki, VTB Bankın bütün istiqamətlərdə bazar mövqeyi və payı möhkəmlənib. 2018-ci il VTB Bank üçün mütləq rəqəmlər baxımından uğurlu il olsa da, təəssüf ki, bankın bazar dəyərində azalma tendensiyası müşahidə olunub. Bundan savayı, Rusiya Federasiyasına qarşı tətbiq olunan beynəlxalq maliyyə sanksiyalarının Rusiya dövlət bankları üçün beynəlxalq maliyyə bazarlarından ucuz kapital cəlbetmə imkanını faktiki olaraq yoxa endirməsi və sanksiyaların davam etməsi ( məs. Rusiyanı SWIFT sistemindən ayırma) fonunda VTB Bankın səhm qiymətlərində volatilliyin hələ müəyyən müddət davam edəcəyini gözləmək olar”.

Qubad İbadoğlu deyir ki, bu açıqlamadan çıxan qənaət ondan ibarətdir ki, VTB-yə sərmayələrdən itkilər bu ildə də davam edəcək. Bəs onda niyə biz 3 ildir ki, itirə-itirə gedirik, amma Rusiyadan sərmayələri geri çəkmirik?

“Müəllimi 180-200 dollar, həkimi 120-150 dollar məvacib alan, pensiyaçısı 100-120 dollar təqaüdlə dolanan, uşaq pulluna, tibbi sığortaya, güvənli sosial təminata həsrət qalan, ağır yaşayış şərtləri ilə yoxsulluq və işsizlik girdabında çabalayan vətəndaşları təmsil edən dövlətin Neft Fondunun hər il 100 milyonlar dollar itkisinə necə haqq qazandırmaq olar? Sizcə nə qədər susmalıyıq?”- deyə, iqtisadçı sorğulayır.

Ana səhifəXəbərlərDövlət Neft Fondu iqtisadçının iradlarına münasibət bildirib