“Dövlət müəssisəsini ata mülki kimi idarə edənlər başqasını rahatlıqla şərləyə bilirlər”

Foto: Osman Rzayevin şəxsi arxivindən

Arzu Rzayeva: “Prokurorla yaxşı münasibətləri sayəsində qisas aldılar”

İlyarımdır həbsdə olan və bugünlərdə 6 il 6 ay azadlıqdan məhrum edilən “demokratik.az” saytının rəhbəri Osman Rzayevin (Nərimanoğlu) həyat yoldaşı ondan qisas alındığını iddia edir. Göygöl sakini Arzu Rzayeva deyir ki, ərinə qarşı plan hazırlandığı haqda onun həbsindən bir neçə gün öncə xəbərdarlıq olunmuşdu.

“Xəbərdarlıq olunmuşdu ki, “torbasını tikirlər”

Osman Göygöl Mərkəzi Xəstəxanasında dərman maxinasiyaları, yeyintilər barədə materiallar hazırlamışdı. Yazılanlar da konkret faktlara əsaslanırdı. Xəstəxananın rəhbəri Vasif Əliyevin rayonun prokuroru ilə yaxşı münasibətləri var. Elə bu münasibətlərin sayəsində də Osmandan qisas aldılar. Xəstəxanada bu məsələni bilənlər əvvəldən Osmana xəbərdarlıq eləmişdilər ki, “sənin torbanı tikirlər”. Dövlət müəssisəsini ata mülki kimi idarə edənlər başqasını rahatlıqla şərləyə bilirlər”, – Arzu Rzayeva Meydan TV-yə danışır.

Osman Nərimanoğlu rəhbərlik etdiyi saytda onları rüsvay edəcək məlumatları yaymamaq üçün müxtəlif adamları hədələyib, onlardan pul almaqda ittiham olunur. Zərərçəkmiş qismində tanınanların əksəriyyəti də Göygöl Mərkəzi Xəstəxanasının rəhbəri və işçiləridir: direktoru Vasif Əliyev, şöbə müdiri Əlikömək Alıyev, həkim Rəşad Əkbərov və s.

“Tələb elədi ki, xəstəxanadan görüntülər gətirilsin”

Vasif Əliyev məhkəmədə deyib ki, Osman Nərimanoğlu puldan ötrü xəstəxanaya gəlib. Onu xəstəxananın arxa qapısına çağırıb, orada görüşüb.

Arzu Rzayevanın sözlərinə görə, xəstəxanada çoxsaylı kameralar var. Əgər belə bir hadisə baş vermiş olsaydı, görüntüləri ortaya qoyardılar:

Osman özü də məhkəmədə bu məsələni qaldırdı. Dedi ki, xəstəxananın dörd tərəfi kamera ilə doludur. Əgər mən ardıcıl şəkildə bu xəstəxanada 9 nəfərdən pul tələb edirdimsə, nə əcəb bu hadisələrdən biriylə bağlı faktınız, sübutunuz yoxdur? Tələb elədi ki, xəstəxanadan görüntülər gətirilsin. Gətirmədilər, çünki yox idi. Ola da bilməzdi. Nə əcəb bunların ağlına gəlmədi ki, şifrəli pul verib, faktla tutsunlar? Osman onları hədələyirdisə, onu faktla tutdurardılar. Eləməyiblər, çünki dedikləri yalandır. Xəstəxananın dərman şöbəsinin müdiri Vüsalə Məmmədova deyir ki, guya Osman ondan 200 manat pul tələb edib. Məhkəmədə vəkil Osmanın telefon nömrəsinin anten dairələrilə bağlı vəsatət qaldırdı, məhkəmə də sorğu verdi. Məlum oldu ki, Osman həmin gün ümumiyyətlə, xəstəxana ərazisində olmayıb”.

Arzu Rzayeva deyir ki, həyat yoldaşının həbsindən sonra telefon müstəntiqdə olub. Onun sözlərinə görə, “demokratik.az” saytında haqqında tənqidi materiallar dərc olunmuş şəxslərlə əlaqə saxlayıb, onları istintaqa çağırıblar, Osman Nərimanoğlunun əleyhinə ifadə vermələrini istəyiblər:

Onlara deyilib ki, “həbs olunub, siz də əleyhinə ifadə verin”. Bir neçə nəfər bizə xəbər verdi. Aralarında elələri var ki, əksinə, onun özü Osmanı şantaj edib. O səs yazılarını da məhkəməyə təqdim elədik. Təəssüf ki, əhəmiyyət verilmədi…”.

Arzu Rzayeva əlavə edib ki, hökm yanvarın 25-də çıxarılsa da, hələ məhkəmə onu verməyib. Bu üzdən vəkil hələ ki, hökmdən şikayət hazırlamayıb. Amma Osman Nərimanoğlu özü saxlandığı 2 saylı Gəncə İstintaq Təcridxanasından apelyasiya şikayəti yazıb göndərib.

40 yaşlı Osman Nərimanoğlu haqqında 6 il 6 ay azadlıqdan məhrumetmə hökmünü Gəncə Ağır Cinayətlər Məhkəməsində Roman Ələkbərlinin sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb. Hökmdə iddia olunur ki, sayt rəhbərinə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə verilmiş ittiham məhkəmədə təsdiqini tapıb.

Ana səhifəSiyasət“Dövlət müəssisəsini ata mülki kimi idarə edənlər başqasını rahatlıqla şərləyə bilirlər”