Dövlət maraqlarını təmsil edən jurnalist

Ya dövlətçilikdən, ya jurnalistikadan bixəbər…

Source:

Qarabağda başlayan savaşların nə qədər sürəcəyini, hansı tempdə, hansı itkilərlə davam edəcəyini, nəticəsinin necə olacağını qabaqcadan proqnozlaşdırmaq olduqca çətindir. Mediaya düşən, bu olayları tərəfsiz, qərəzsiz, mümkün qədər soyuqqanlı şəkildə işıqlandırmaq, bu mürəkkəb, həssas günlərdə xəbərə susayan, xəbər üçün alışıb-yanan insanlara düzgün informasiya verməkdir.

Elə savaş başlayan gün də, insanlarımızda jurnalistikaya, jurnalistlərə qarşı xüsusi iddialar, xüsusi ittihamlar başladı. Sosial şəbəkələrdə trend fikirlərdən biri də “jurnalistlər bu həssas anda dövlətimizin maraqlarını qorumalıdır” kimi qəti tələb ovqatında bir bəyanatdır.

Bu fikirləri onlarla, az qala yüzlərlə istifadəçidən oxuyandan sonra, anladım ki, peşəkar jurnalistlər həm xalqa, həm də jurnalistika ilə məşğul olduğu halda, bu sahənin təməl prinsiplərindən xəbərsiz olan, ya da xəbəri olduğu halda, özünü klounluğa qoyan bəzi adamlara jurnalistin işinin, missiyasının, öhdəliklərinin nə olduğunu izah etməlidirlər.

Mənsə, onlar başlayana qədər on ildə təcrübəmdən, öyrənə bildiklərimdən, ölkədə və xaricdə işinin peşəkarı olan insanlardan mütləq olduğunu eşitdiyim bir neçə məqamı yazmaq istəyirəm.

Başlayaq, “ölkə əleyhinə xəbər” ifadəsindən.

Əzizlərim, xəbər bu kateqoriyalara bölünə bilər: Yoxlanmış, bir neçə mənbədən yoxlanmış, təsdiqini tapmış, yaxşı yoxlanmamış, təsdiqini tapmamış, mənbələrin bəzilərinin təsdiq etdiyi, bəzilərinin inkar etdiyi xəbər, qəliz xəbər, sadə xəbər, inkişaf edən, yenilənən xəbər…bu siyahını uzatmaq olar, amma siyahı nə qədər uzansa da “ölkə əleyhinə” və ya “ölkənin xeyrinə” kimi kateqoriyalara bölündürülən xəbərlər bu siyahıda olmayacaq. Dünyanın heç bir yerində, heç bir özünə hörmət edən jurnalist bu kateqoriyada xəbərin mövcudluğunu iddia edə bilməz. Xəbər ölkənin əleyhinədirsə, bu, ölkənin problemidir, jurnalistin və ya jurnalistikanın yox.

“Dövlətin maraqlarına xidmət edən”, “dövlətin maraqlarını qoruyan jurnalist” ifadələri…Hörmətli jurnalist dostlar, mən Jurnalistika fakültəsini bitirməmişəm. Bizim təhsil sistemində, jurnalistika fakültəsində bəlkə də belə bir dərs keçir, jurnalistin boynuna belə bir öhdəlik qoyurlar, bilmirəm. Ona görə də, bu barədə bir təcrübəsi olanlar, qoy yazıb, paylaşıb, bizi də maarifləndirsinlər. Məni isə dövlət maraqları, ölkə maraqları və jurnalist işinin nə qədər kəsişdiyini, bu məsələdə jurnalistin nə qədər güzəştə gedə biləcəyi məsələsi həmişə maraqlandırıb və iştirak elədiyim bütün treninqlərdə, seminarlarda peşəkarlara bu sualı vermişəm, oxuduğum jurnalist dərsliklərində bu sualın cavabını axtarmışam və aldığım bütün cavablar indi deyəcəklərimə haqq qazandırır:

Jurnalistin dövlətin maraqlarını qorumaq kimi bir öhdəliyi yoxdur. Birincisi, ona görə ki, bu iş, bu missiya jurnalistin kompetensiyasında deyil. Yəni jurnalist dövlətin “mətbəxində” olmadığı üçün bu an, bu dəqiqə hansı xəbərin dövlətin marağına xidmət etdiyini, hansı xəbərin isə maraqların ziddinə xidmət etdiyini bilmərrə bilə bilməz.

Bunu keçdik. İkincisi, jurnalistin işinin, missiyasının, öhdəliyinin heç bir halda ilkin və ya ikinci, üçüncü, dördündü, qırx mininci adı dövlətin maraqlarını qorumaq deyil. jurnalistin ilkin, müqəddəs, birmənalı şəkildə işinin adı oxucularını, tamaşaçılarını, dinləyicilərini xəbərləndirmək, onlara informasiya verməkdir. Bu informasiya dövlətin maraqlarına xidmət edir, ya etmir, bu da dövlətin problemidir.

Dövlətin maraqlarını qorumaq, bu maraqlara xidmət etmək isə dövlət qulluqçularının borcudur, işidir. Dövlətin büdcəsindən buna görə maaş alan insanlar var ki, onların elə işinin adı bu maraqları qorumaqdır. Onlar bu maraqları elə qorumağa borcludurlar ki, hansısa xəbər bu maraqlara zərər verə bilməsin. Ya da o xəbər maraqlara zərər verəcəksə, o xəbər kənara sızmasın. Jurnalist bu xəbəri necəsə tapırsa, bunun bircə adı var: deməli, jurnalist öz xəbər tapmaq işini yaxşı, dövlət işçisi isə özünün xəbər gizləmək işini pis görüb.

Və bu heç bir halda jurnalistin günahı deyil.

Jurnalistin ən müqəddəs və qeyd-şərtsiz öhdəliyi oxucusuna informasiya verməkdir. Düzgün, təhrifsiz, bəzəksiz, xəbərin kimin maraqlarına xidmət etdiyini düşünmədən. Onu oxucunun oxucu kimi maraqları narahat etməlidir.

Bu ənənənin, bu mədəniyyətin ölkə mətbuatında yoxluğunun səbəbidir bütün bu pafoslu, gülməli ifadələr, maraq söhbətləri. Çünki mətbuat bu ölkədə həmişə ya dövlətin, ya oliqarxın, ya da müxalifət liderinin hesabına mövcud olub. Ölkədə bir media orqanı, bir qəzet, bir televiziya heç vaxt oxucu, tamaşaçı, dinləyicinin abunəsi hesabına mövcud olmadığından, heç kimi oxucunun maraqları düşündürmür. Kimisə dövlətin maraqları düşündürür, kimisə oliqarxın maraqları, kimini də müxalifətin…

Və nə vaxta qədər ki, azərbaycan oxucusu özü media maliyyələşdirməyəcək, oxuduğu, aldığı informasiyanın haqqını ödəməyəcək, ona kiminsə maraqlarına xidmət edən xəbər verəcəklər.

Hamınını maraqlarına, bircə onun öz maraqlarından başqa…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəDövlət maraqlarını təmsil edən jurnalist