Dövlət layihələrinin batmağa qoymadığı “İmprotex”

Məmurlara verilən “BMW” markalı maşınlar üçün tender keçirilmir

Neft pulları ölkəyə ayaq açar-açmaz dövlət orqanları, yüksək ranqlı məmurlar üçün xidməti avtomobillərinin alınmasına başlanıldı. Bu avtomobillərin sayı və markası artdıqca, büdcədən ayrılan vəsait də çoxaldı. İqtisadçı ekspertlər büdcə ayrılmaları haqda açıqlama versələr də, büdcədən hansı marka avtomobildən neçə ədəd və hansı dövlət qurumu üçün alınması barədə heç bir məlumatın olmadığını dedilər.

Source:
Improtex-BMW
Improtex-BMW

Neft pulları ölkəyə ayaq açar-açmaz dövlət orqanları, yüksək ranqlı məmurlar üçün xidməti avtomobillərinin alınmasına başlanıldı. Bu avtomobillərin sayı və markası artdıqca, büdcədən ayrılan vəsait də çoxaldı. İqtisadçı ekspertlər büdcə ayrılmaları haqda açıqlama versələr də, büdcədən hansı marka avtomobildən neçə ədəd və hansı dövlət qurumu üçün alınması barədə heç bir məlumatın olmadığını dedilər.


“Büdcə normativi müəyyənləşdirmir”

Adının açıqlanmasını istəməyən iqtisadçının sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarı olsa da, həmin qərar daha çox maşınların say həddini, eləcə də maşınların yürüşünü və istehlak edəcəyi yanacağı müəyyənləşdirir: “Büdcə normativi müəyyənləşdirmir ki, hansı həddə maşına minmək olar. İkincisi, çeşid məsələsidir. Baxın avtomobil parkına, hər çeşiddə maşın var. Beynəlxalq təcrübədə necə ki, geyim uniformaları var, unifikasiya olunmuş maşın parkı olur. Bu, həm büdcədə səmərəlilik baxımından, həm də ayrı-ayrı məmurların daha bahalı, dəbdəbəli avtomobildə gəzmək iştahasının qabağını almaq baxımından çox vacibdir”.

Bir neçə il öncə İqtisadi Tədqiqatlara Yardım Mərkəzi xidməti avtomobillərə ayrılan vəsaitə işıq tutdu. Belə ki, iqtisadçı Azər Mehtiyevin açıqlamasına görə, hələ 2012-ci ildə Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda təxminən 1 milyon 135 min avtomobil olub: «Amma onlardan neçəsinin xidməti maşın olmasını dəqiqləşdirə bilmədik. Daha doğrusu, Azərbaycanda xidməti maşınların statistikasının aparılmadığını bildirdilər. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin apardığı araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda vəzifəli şəxslərin xidməti avtomobillərinin qiyməti 80 mindən 200 min avroyadək dəyişir».

Hazırda ölkədə manatın devalvasyaya uğraması da dövlət qurumlarının maşın almaq sevdasını gözündə qoymayıb. Belə ki, yenə də adının açıqlanmasını istəməyən iqtisadçı deyir ki, 2016-cı ildə nəqliyyat vasitələrinin alınmasına dövlət büdcəsindən 6.5 milyon manat ayrılıb: “İllər üzrə sadalasaq, 2007 – 86.7 milyon manat, 2008 – 33.6 milyon, 2009 – 45.3 milyon, 2010 – 32.0 milyon, 2011 – 40.9 milyon, 2012 – 28.3 milyon, 2013 – 42.3 milyon, 2014 – 24.6 milyon, 2015 – 24.5 milyon manat vəsait ayrılıb. Bu illər ərzində büdcə sektoru üçün nəqliyyat vasitələrinin alınmasına 358.2 milyon manat xərclənib”.


Məmurların sərəncamında olan maşınların sayı bəlli deyil

İqtisadçının sözlərinə görə, bu gün məmurların sərəncamında dəyəri 100-150 min dollar aralığında dəyişən 7-ci seriya “BMW” və “S” klass “Mersedes”lərin sayı-hesabı yoxdu: “Dəfələrlə vətəndaş cəmiyyəti təkliflər etdi ki, hökumət bütün büdcə təşkilatlarının avtomobil parkı, il ərzində alınan yeni maşınların sayı, markası və qiymətləri ilə bağlı məlumatları saytlarda yerləşdirsinlər, amma bu təklifə heç kim əməl etməyib. İndi kim bu suala cavab verə bilər ki, hazırda dövlət orqanlarına nə qədər avtomobil xidmət edir, növə görə onların tərkibi necədir? Bunu heç kim bilmir”.


“BMW” markalı maşınları ölkəyə kim gətirir?

Elə iqtisadçının sadaladığı avtomobil markalarından birinin – “BMW” avtomobillərinin arxasınca getdik. Bu avtomobilləri ölkəyə keçmiş nazir Fizuli Ələkbərov və qardaşı Nizami Ələkbərovun (İsmayıllı rayonunun keçmiş icra başçısı) qurduğu “İmprotex Motors” şirkəti gətirir. Nazir olduğu dönəmdə şirkəti F.Ələkbərovun həyat yoldaşı İradə Ələkbərova və oğul Vüqar Ələkbərov idarə edib və şirkət keçmiş nazirin dostu olduğu deyilən Həsən İsmayılovun adına rəsmiləşdirilib. Hazırda şirkəti vəzifədən uzaqlaşdırıldıqdan sonra yenə də Fizuli Ələkbərov idarə edir. Bunu onun oğlu Vüqar Ələkbərov virtual.org saytına müsahibəsində də (http://virtualaz.org/bugun/38576) deyib.

Fizuli Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik edib. Onun nazir postundan uzaqlaşdırılmasına oğlu Vüqarın İsmayıllı rayonunda yerləşən otelindəki qarşıdurma səbəb olub. Belə ki, 2012-ci il yanvar ayının 23-24-də İsmayıllı rayonunda V.Ələkbərovun sahibi olduğu “Çıraq” otel yandırılıdı. Otel “Vafi” MMC-yə məxsus idi. Vergilər Nazirliyindəki bazada “Vafi” MMC-nin təsisçisi kimi Vüqar Ələkbərovun adı göstərilir. Sənəd ortaya çıxdıqda böyük səs-küyə səbəb oldu və jurnalistlərin məlumat əldə etmək üçün istifadə etdiyi səhifə qapadıldı. Bununla bərabər oteldə baş verən qalmaqaldan sonra rayonda iğtişaşlar baş verdi. Rayonun icra başçısı Fizuli Ələkbərovun qardaşı Nizami Ələkbərov da öz vəzifəsindən azad edildi. Yerli camaat iğtişaşlara otelin priton xidməti göstərməsini, Vüqar Ələkbərovun onları təhqir etməsini səbəb göstərsə də, nəticə bir neçə nəfərin həbsi ilə yekunlaşdı. Onların arasında ReAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu da var. Sonradan İsmayıllı hadisələri zamanı həbs olunan yerli sakinlər azadlığa buraxılsa da bu, İlqar Məmmədova və Tofiq Yaqubluya şamil olunmadı. Onlar hadisə günü İsmayıllıda olmasalar da, kütləvi iğtişaşlara çağırışetmə maddəsi ilə həbs olunublar. T.Yaqublu bu il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. İlqar Məmmədovun işi isə təkrar məhkəmə baxışındadır.


Şirkətlər qrupu “İmprotex”

“İmprotex Group”-un tarixinə baxaq. Hələ 1991-ci ildə qurulan “İmprotex” MMC sonradan böyüyərək holdinqə çevrilir. 1996-cı ilin 14 sentyabrında isə Bakıda “İmproşop” mağazalar şəbəkəsi açılır. Bu haqda məlumat Heydər Əliyevin hakimiyyəti illərində iştirak etdiyi görüş və səfərlərini, nitqlərini əks etdirən kitabda verilib. Həmin şəbəkənin açılışında eks prezident Heydər Əliyev çıxış edir.

Getdikcə böyüyən holdinqə aşağıdakı şirkətlər daxildi:

1. İDC 2000 MMC

2. İmprotex Travel Tours and Conferences

3. İMEX MMC

4. İmprotex Marine and Sports Facilities

5. İmprotex Truceks and Buses

6. İmprotex Real Estate

7. İmprotex İndustries

8. İmprotex Aqrotexservis

9. İmprotex Commercial Vehicle

Holdinq müxtəlif istiqamətlər üzrə də dövlət satınalmalarında iştirak edir. Yalnız bir istiqamətin adı tender siyahısına düşmür –


“BMW” avtomobillərinin alınması.

Ölkəyə bir neçə marka avtomobil gətirən “İmprotex”-in tərkibində MAN avtomobilləri də var. Şirkətlə bağlı məlumat verən və adını gizli saxlayacağımız A. İlkinin (ad və soyad şərtidir – red) sözlərinə görə, hazırda MAN-da satış dayandırılıb: “MAN şirkəti “İmprotex Şirkətlər Qrupu”na (holdinqə) daxil olan bir neçə şirkətdən biridir. Hazırda çox ağır durumdadır, demək olar ki, fəaliyyəti tam məhdudlaşıb. Ümumiyyətlə, «İmprotex»-də «BMW»-dən başqa, avtomobil satışı ilə məşğul olan digər şirkətlər demək olar, dayanıb. “İmprotex Motors” isə dövlət layihələri hesabına ayaqdadı. Avropa oyunları zamanı da məhz “İmprotex”-in əli ilə Prezident Administrasiyası üçün 200 ədəd son model xidməti avtomobillər gətirilib”.

“Bu sahədə də təsərrüfatsızlıq və korrupsiya halları çox yayılıb”

Fransada diplomat işləmiş Arif Məmmədovun sözlərinə görə, Strasburqdakı xidməti maşın «BMW 730»-u da «İmprotex Motors” alaraq onlara göndərib: “Həmin avtomobil də nazirliyin nəzdində saxlanılır. Düşünürəm ki, bu cür şirkətlər yuxarılara məxsusdu, sadəcə başqa adamların adı ilə rəsmiləşdirilir”.

İqtisadçı Azər Mehtiyev mətbuata verdiyi açıqlamasında bildirib: ““Nazirlər Kabinetin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarının qəbulundan aylar keçsə də, icrası istiqamətində heç bir addım atılmır. Hökumətin məlum qərarı dövlət təşkilatlarında olan avtomobillərin sayını və sərf olunan yanacağın həcmini məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Bunun nəticəsi olaraq nazirlər, dövlət məmurları ən müasirlərindən tutmuş, ən bahalılarına qədər ən müxtəlif avtomobil markalarından xidməti maşın kimi istifadə edirlər. Özü də yalnız dövlət büdcəsi hesabına deyil, həm də özlərinin büdcədən kənar vəsaitləri hesabına xidməti avtomobillər alırlar. Məsələn, Dövlət Neft Şirkətinin istifadəsində olan xidməti maşınların sayı-hesabı yoxdur. Bütün bunlar onun nəticəsidir ki, bir çox sahələrdə olduğu kimi, bu sahədə də təsərrüfatsızlıq və korrupsiya halları geniş yayılıb”.

«Əslində hökumət qurumları hesabat verməlidir ki, əvvəlki illərdə alınmış nə qədər avtomobilin istismar müddəti bitib və onların satışından büdcəyə nə qədər vəsait daxil olub. Bu vəsaitə neçə ədəd və hansı marka avtomobil alınıb. Bu suallar açıq qalır” – deyə sual verir adının açıqlanmasını istəməyən iqtisadçı ekspert.

Uzun illər dövlət qurumlarında məmur işləmiş iqtisadçı Oqtay Haqverdiyevin sözlərinə görə, xidməti avtomobillərin müddəti olsa da, nazirlər bu müddətə baxmırlar: “Düzdür, bizim normativ aktlarla tənzimlənir. Birinci şəxslər adətən o normaya baxmırlar, daha doğrusu, o qədər də baxmırlar. Bahalı avtomobillər alırlar. “Jiquli” almayacaqlar ki?! Bəzi nazirlər vardı ki, zavodun özünə sifariş verirdilər. Qabaqlar olub, indi bilmirəm. Büdcənin hesabına zirehli avtomobillər də sifariş verirlər”.


Tender keçirilmir

Dövlət büdcəsindən xidməti avtomobillərin alınmasına vəsait həmişə ayrılır, limit də qoyulur: “Hər il Nazirlər Kabineti tərəfindən limit də qoyulur ki, nə qədər ayrı-ayrı idarələrin avtomobili ola bilər. Onların benzin normasını da verirlər, aylıq xərclərini də ödəyirlər. Yenə deyrəm, birinci şəxslər hansısa qanunpozma edirlərsə, onların adı xüsusi siyahıda olur. Onlara söz deyilmir” – iqtisadçı Oqtay Haqverdiyev deyir.

Hər hansı şirkətin xidməti avtomobilləri alarkən tenderdə iştirakı məsələsinə gəlincə, O. Haqverdiyev bildirdi ki, tender keçirilmir: “Heç bir tender keçirilmir. İdarədən söhbət gedirsə, ora pul ayrılır maşın almağa. Burda nə tender keçirmək lazımdır, mağazada var. Elə də eləmirlər. Bir az ucuz olsun deyənə adətən xaricə sifariş edirlər, elə daha ucuz alınır. Onu xüsusi ilə sifariş edirlər və daha ucuz alıb baha rəsmiləşdirirlər. Mən işləyəndə mənim də maşınım vardı. Norması çatdı götürdüm. Mən işə gələndə köhnə maşın idi, ancaq istismar müddəti bitməmişdi. Bir ildən sonra bitdi və biz maşını dəyişdik. Markasını deməyəcəm, o qədər də bahalı maşın deyildi. 2003, ya da 2004-cü ildə 15 000-lik maşın idi”.

“İmprotex Motors” şirkətinin əməkdaşının sözlərinə görə (bu əməkdaşın adını onun öz xahişi ilə gizli saxlayacağıq – red), Avropa Oyunları zamanı “BMW Group”-dan yüksək çinli məmurlar üçün 200 ədəd avtomobil alınıb. Həmin avtomobillərin seriyası isə müxtəlif olub.

Şirkət əməkdaşı təsdiqləsə də, bu fəaliyyət tender siyahısında öz əksini tapmayıb. Belə ki, 2015-ci ildə baş tutan I Avropa Oyunları iyun ayında keçirilir və ötən ilin yanvar-sentyabr aylarını əhatə edən tender sənədində “BMW” avtomobillərinə rast gəlinmir. “İmprotex”-in adına isə Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinə aid müsabiqədə rast gəlirik.

2015-ci ildə “İmprotex” şirkətlər qrupuna daxil olan daha bir şirkət “İmprotex Travel Tours and Conferences” şirkəti də tender qalibi olur.

Şirkət rəsmisinin sözlərinə görə, ölkəyə ilk xidməti avtomobillər 2009-ci ildən alınıb: “Ən köhnə partiya olub. Onlar da heç biri köhnəlməyib. Bir söz deyim ki, ən köhnə partiya 2005-ci ildə “Volkswagen”lər alınıb. Onlar da hələ istismardadı. Bu avtomobillərdən əvvəl isə 2001-ci ildə “Tofaş” firmasından “Fiat” markalı avtomobillər alınıb. Onlar da rayonlarda balansdadı. Hələ də sürülür”.

Avropa Oyunları zamanı yol polisləri üçün də yeni avtomobillər alındı. “İmprotex”-in əməkdaşı həmin avtomobillərin xüsusi gücləndirilmiş avtomobillər olduğunu vurğuladı: “Onlar 5-10 ilə köhnəlmir. Sifariş olunan avtomobillər də xüsusi sifarişli avtomobillər hesab olunur, onlar texniki baxımdan fərqli olur və hər adam ala bilməz. Avropa Oyunları zamanı alınan avtomobillər isə yeni avtomobillərdi”.

Müsahibimiz dedi ki, alınan modellərin içində 320-dən (qiymətilər dillerin internet səhifəsində verilib – red ) 520-ə, 328, 528-ə, 740, 750 var: “Modellər də müxtəlifdi. 3-cü seriyanın 320-də var, 328-də var. Məbləğ ilə bağlı məlumatım yoxdu və olsa da belə onu demək hüququm yoxdu. Tenderin keçirilməsi ilə bağlı dəqiq heç nə deyə bilmərəm, ancaq lazım olan standartların hamısına əməl olunur”.

Müsahibimiz Avropanın özündə belə xidməti avtomobillərin minumum 12-13 il işlədildiyini vurğuladı.


Xidməti ömrünü “bitirən” avtomobillər hara gedir?

Xidməti avtomobillərin sonrakı “taleyi” ilə bağlı məqam da qaranlıq qalır. Qanuna görə, istismar müddətini başa vurmuş xidməti avtomobilləri Dövlət Əmlak Komitəsi hərraca çıxarmalıdır. Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirdi ki, bu iş Nazirlər Kabinetinin müvafiq qərarları əsasında həyata keçirilir: “Birmənalı demək olmur ki, avtomobil 1990-cı, ya da 1992-ci ilindi. Baxır avtomobilin necə istismar olunmasına, neçə il işlədilməsinə. Aşınmalarla bağlı qərara baxmaq lazımdı. Əgər maşın aşınıbsa, nəqliyyat vasitəsini saxlamaq mümkün deyilsə, hissələri və özü hərraca çıxarılır”.

Q.Xəlilov ünvanlanın sualların ona elektron poçt vasitəsilə göndərilməsini xahiş etsə də, onlara cavab vermədi. Həmin suallar bunlardır:

1. İstismar müddəti neçə il götürülür?

2. Bu avtomobillər və onların hissələri qiymətləndirilərkən real bazar qiymətləri nəzərə alınır, ya daha ucuz təklif olunur?

3. Hansı marka avtomobillər hərraca çıxarılır?

4. Hərracdan alınan vəsait dövlət büdcəsinə, yoxsa əlaqəli qurumun hesabına keçirilir?

5. Bugünə qədər neçə xidməti avtomobil hərracda satılıb?

6. 2012-2015-ci illərdə neçə avtomobil və hansı marka avtomobillər hərraca çıxarılıb

Dövlət Əmlak Komitəsinin rəsmi internet səhifəsində “Nəqliyyat vasitələrinin hərracı” bölümündə müxtəlif avtomobillərin və onların hissələrinin hərraca çıxarılması barədə məlumatlar yerləşdirilib. Bu məlumatların içində yalnız martın 9-da start qiyməti 11019 manat, 2006-cı il istehsalı olan “BMW- 523”-ün hərraca çıxarıldığı göstərilib.


Müqavilə şərtləri gizli tutula bilər

Yenidən “BMW”, “Rollce-Royce”, “MİNİ” avtomobillərinin ölkədə rəsmi dilleri kimi tanınan “İmprotex Motors” şirkəti ilə əlaqə saxladıq. Özünü şirkətin satış meneceri kimi təqdim edən Elşən adlı şəxsin sözlərinə görə, dövlət müqavilələrinin içində gizli tərəflər ola bilər və buna da müqavilənin şərtlərinə əsasən sirr qalacaq bilgilər aiddi.

“BMW Group”-un maliyyə hesabatlarını incələdikdə orada nə Azərbaycanın, nə də “İmprotex Motors”un adı var. Bir neçə ölkədə zavod və şöbəsini açan şirkət bizə yaxın ölkələrdən Rusiya və Türkiyə ilə əməkdaşlıq edir. Əsasən Rusiyaya avtomobillər şirkətin Avstriyada olan zavodundan gətirilir. Kalininqrad şəhərində yerləşən şöbədən “BMW Group”-a məxsus avtomobillər almaq üçün hər cür imkan yaradılıb. Bunun üçün Rusiyadakı şirkətə məxsusi bank da açılıb.


Fazil Mustafa: “Bu sahədə her şeyin qaydada olduğunu düşünmürəm”

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, xidməti avtomobillərlə bağlı informasiya şəffaf olmadığına görə, avtomobillərin kimlərə və hansı qiymətə alınması, eləcə də verilməsi barədə bilgisi yoxdur: “Hansısa statistik rəqəmlər də açıqlanmır ki, bir fikir bildirəsən. Hər halda bu sahədə her şeyin qaydada olduğunu düşünmürəm. Müşahidəm onu göstərir ki, xidməti vəzifəsi uyğun gəlməyən adamlara da xidməti avtomobillər verilməsi halları var. Maşınların alınmasında, qiymətlərin təyin olunmasında korrupsiya amilləri də yer almaqdadır. Ancaq bu mövzuda statistik bilgilər verilsə, daha dəqiq fikir bildirmək olar”.

Mətbuatda “İmprotex Motors”-un hətta oğurluq maşın satışı ilə bağlı məqalə yer alıb. Belə ki, hüquqşünas İlham Məmmədov bu haqda mətbu orqana özü danışıb: “Hüquqi yardım göstərdiyim, ancaq adını gizli saxladığım müvəkkilim “İmprotex Motors”-dan avtomobil alıb, ancaq texniki baxış zamanı həmin avtomobilin oğurluq olduğu üzə çıxıb. O, 12 aprel 2013-cü ildə Ayna Sultanovanın heykəli yaxınlığında yerləşən avtosalona gedir və orada satışa qoyulmuş “BMW” markalı avtomobil onun xoşuna gəlir. O, avtomobili almaq üçün avtosalonun sahibi İslama müraciət edir. İslam isə bildirir ki, bu avtomobil ona deyil, Qobustan RİH-nin başçısı Adil Məmmədovun oğlu Aqil Məmmədova məxsusdur. Və İslamın vasitəçiliyi ilə mənim müştərim Aqillə görüşüb. Aqil bildirib ki, avtomobili 60 min manata satır və bu qiymət mənim müştərimə sərf edib. Razılaşmadan sonra mənim müştərim alqı-satqıdan öncə “BMW”-nin Azərbaycanda rəsmi dileri olan “İmprotex Motors” şirkətində texniki baxışdan keçməyi təklif edir. Və Aqil Məmmədov bununla razılaşır”.

Vəkilin sözlərinə görə, avtomobilə baxışdan sonra usta bildirib ki, alınan avtomobil oğurluqdur: “Avtomobilin kodu saxtalaşdırılıb. Bundan başqa, avtomobilin siqnalizasiya sistemi sındırılıb. Bu sistem “BMW” şirkətinə imkan verir ki, oğurlanmış avtomobil harda olsa da, yerini müəyyən eləsin”.

Hüquqşünas İlham Məmmədov bu faktı Meydan TV-yə təsdiqlədi. Müştərisinin adının çəkilməsini istəmədiyini deyərək, məhkəməyə qədər faktla bağlı hüquqi yardım ediyini sonra isə bu işdən uzaqlaşdığını bildirdi: “O məsələ bağlanıb, iş sahibi hər hansı məlumat vermək istəmir. Mən o işdə hüquqi nümayəndə olmuşam. İşin nəticəsi barədə məlumatım yoxdu, çünki həmin işin ortasında bu işdən çəkildim”.


Tender siyahısında “BMW” yoxdu

“BMW Group”-un səhifəsində axtarış apardıqda “İmprotex Motors”un adı bircə dəfə sadəcə yerli diller kimi çəkilir. O da “Mini” avtomobillərinin 2012-ci ildə Bakıya humanitar yürüşü çərçivəsində.

Dövlət orqanlarını xidməti avtomobillərlə təmin etməsinə baxmayaraq, bu istiqamət üzrə bircə dəfə də olsun tender siyahısına adı düşmür. Müxtəlif istiqamətlər üzrə isə həm “İmprotex Motors”, həm də “İmprotex” şirkətlər qrupuna daxil olan “İmprotex Travel”, “İmprotex Marine” and “Sport Fasilities”-in adlarına tender siyahısında tez-tez rast gəlinir. Belə ki, əlimizdə olan 2010-cu ilin mart-dekabr aylarını əhatə edən tender sənədinə əsasən bu şirkətlərdən yalnız biri müsabiqədə iştirak edib.

2010-cu il mart-dekabr

Ancaq tender siyahısı tam olmadığından Daşkəsən rayonu üçün alınan çoxfunksiyalı 21 teleskopik yükləyicinin neçəyə başa gəldiyini müəyynələşdirə bilmədik. Bu haqda Daşkəsən rayonundakı yenidənqurma və quruculuq işlərindən bəhs edən məqalədə yazılıb. Məqaləyə görə bu sifarişi “İmprotex Truck and Buses” şirkəti həyata keçirib (https://dashkesan.wordpress.com/oktyabr/).

Tenderlər nəticəsində xidmətə görə əldə olunan vəsaitin cəmi məbləğini hesablamadıq. Bir halda ki, bu, tam siyahı deyil və deməli, bizim görəcəyimiz rəqəmlər də tam olmayacaq.


Xaricdə necədi?

İqtisadçı A.Mehtiyev mətbuata beynəlxalq təcrübədən söz açıb. O bildirib ki, Azərbaycandan fərqli olaraq, xarici ölkələrdə məmurların xidməti avtomobillərlə təchizatı müəyyən qanunla tənzimlənir: “Məsələn, Gürcüstan prezidentinin sərəncamı ilə heç bir məmur 15 min avro dəyərindən yuxarı xidməti avtomobilə minə bilməz. Estoniyada isə məmurların xidməti avtomobilləri xüsusi şirkətlərdən kirayələnir və bunun müqabilində həmin şirkətə ildə 6 500 – 7 000 avro dəyərində vəsait köçürülür. Bu da 5 illik istismar müddəti bitəndən sonra həmin avtomobilin satılması problemini yaratmır”.

Onun sözlərinə görə, Türkiyədə büdcə zərfi ildə bir dəfə parlamentə təqdim olunarkən orada alınacaq avtomobillərin sayı və qiyməti də öz əksini tapır. Bu da korrupsiyanın qarşısının alınması və şəffaflıq baxımından irəliyə atılmış addımdır.

P.S. Təəssüf ki, avtomobillərin istehsalı ilə məşğul olan, Almaniyada yerləşən BMW Group-a ünvanladığımız suallara cavab ala bilmədik.

Ana səhifəAraşdırmaDövlət layihələrinin batmağa qoymadığı “İmprotex”