Dövlət Komitəsi: Füzulidə tikilmiş evlər məcburi köçkünlərə veriləcək

“Yaşayışa hazır olan 4687 mənzil isə ölkə rəhbərliyinin tapşırığının icrası üçün istifadə olunacaq”.

Source: google.az


"Yaşayışa hazır olan 4687 mənzil isə ölkə rəhbərliyinin tapşırığının icrası üçün istifadə olunacaq"

“Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Həmin qərara əsasən, Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir.

İlham Əliyev deyib ki, bu, kifayət qədər böyük bir proqramdır. Həmin mənzilərə həm müharibəyədək növbədə duran şəhid ailələri, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərin yaxınları yerləşdirilməlidir.

“Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaq. Mən hər şeyi həmişə necə var, elə də demişəm. Bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək düzgün qərardır”, – deyə İlham Əliyev bildirib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Meydan TV-yə bildirilib ki, hazırkı mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2020-ci ildə tikintisi başa çatdırılmış və məcburi köçkünlərin yerləşdirilməsi aparılmayan yeni mənzillər təqdim ediləcək.

Bu məqsədlə müvafiq tədbirlərin görülməsinə artıq başlanılıb: “Belə ki, 2020-ci ildə Bakı şəhərinin Qaradağ rayonundakı “Ümid” qəsəbəsində 180 ailə üçün beşmərtəbəli 3 yaşayış binasının, Binəqədi rayonunun Xocasən qəsəbəsində doqquzmərtəbəli 5 binadan ibarət 810 ailəlik yeni məhəllənin, 624 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, inzibati binanın və texniki infrastruktur obyektlərinin, Sabunçu rayonunun inzibati ərazisində doqquzmərtəbəli 30 binadan ibarət 1512 ailəlik məhəllənin, 1200 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, inzibati binanın, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Abşeron rayonu ərazisində doqquzmərtəbəli 35 binadan ibarət 1890 ailəlik məhəllənin, 1512 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Samux rayonu ərazisində dördmərtəbəli 9 binadan ibarət 200 ailəlik məhəllənin, 144 şagird yerlik məktəb binasının, 50 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin, həkim məntəqəsinin və texniki infrastruktur obyektlərinin, Ağdam rayonunun Quzanlı qəsəbəsində 50 mənzilli beşmərtəbəli binanın, Lənkəran şəhərində 45 mənzilli beşmərtəbəli binanın, Füzuli rayonunda 95 fərdi yaşayış evindən ibarət olan yaşayış qəsəbəsinin inşası başa çatdırılıb”.

Komitə bildirir ki, ölkə rəhbərliyinin göstərişinə əsasən, Füzuli rayonunda tikilmiş evlər məcburi köçkünlərə veriləcək: “Yaşayışa hazır olan 4687 mənzil isə ölkə rəhbərliyinin tapşırığının icrası üçün istifadə olunacaq. Prezident İlham Əliyev bundan sonra məcburi köçkünlər üçün evlərin ancaq işğaldan azad edilmiş torpaqlarda tikiləcəyini bildirib və qeyd edib ki, bunun üçün xüsusi proqram hazırlanıb həyata keçiriləcək. Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yeni ev və mənzillərlə təmin edilməsi mərhələli şəkildə həyata keçiriləcək. Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını təmin etmək üçün dövlət bütün zəruri tədbirləri görəcək”.

Sentyabrı 27-də Azərbaycan və Ermənistanın təmas xəttində başlayan döyüşlər noyabrın 9-da bitib.

44 gün çəkən İkinci Qarabağ müharibəsində Azərbaycan 3 minə yaxın hərbi qulluqçusunun həlak olduğu açıqlanıb.

Ana səhifəSosialDövlət Komitəsi: Füzulidə tikilmiş evlər məcburi köçkünlərə veriləcək