Deputat Elmira Axundova dövlət büdcəsi hesabına nəşr olunan rəsmi qəzetlərdən gileylənib. O, “modern.az”a açıqlamasında dövlət qəzetlərinin bir-birini təkrarladığını deyib:
“Mən həmişə demişəm ki, ”Respublika”, “Azərbaycan” və “Xalq qəzeti” bir-birini təkrarlayır, 4-5 səhifə eyni materialları çap edirlər. Mən istərdim ki, bu qəzetlərdə rəngarənglik, müxtəliflik olsun. Senzura da yoxdur, daha sərbəst formatda yazılmış, daha açıq gözlə baxılan, problemli məqalələr çox olsun”.
Deputat daha sonra söyləyib ki, təhsildəki problemlər, məişət zorakılığı məsələsi və qadına qarşı zorakılıq faktları, kütləvi qırğınlar, mənəvi-psixoloji problemlər, gənc ailələrin, sosial, işsizlik probleminin kökləri araşdırılmalıdır.
Qeyd edək ki, Prezident Administrasiyası, Nazirlər Kabinetinin nəşrləri olan bu qəzetlərdə birmənalı şəkildə rəsmi agentlik məlumatlarından savayı, yeni heç nə görmək mümkün deyil. Günümüzün sosial-iqtisadi problemləri, təxirəsalınmaz və təcili həll olunmalı məsələləri gündəmə gətirməyən bu qəzetlərin dərc edilməsinə görəsən, nə ehtiyac var?
“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev də adları çəkilən rəsmi dövlət qəzetlərinin nəşrinə ehtiyac yoxdur. Onun sözlərinə görə, həmin qəzetlərin nəşri dövlət vəsaitinin, oxucu əsəblərinin sərfiyyatına gətirib çıxarır. Bu baxımdan, Arif Əliyev ümumiyyətlə, dövlət qəzetlərinin ləğvini təklif edir. Onun fikrincə, bu çap informasiya vasitələrinin xaricində müvafiq formada dövlət mülkiyyəti bərqərar olmalıdır. Beləcə, onsuz da dövlətin nəzarətində olan informasiyalar cəmiyyətə çatdırıla bilər.