Tofiq Yaqublu

Mənbə: Meydan TV

Başlıq: Tofiq Yaqublu

Dövlət ittihamçısı Tofiq Yaqubluya iş istədi

Məqalə yeniləndi:  1 Sentyabr 2020

Tofiq Yaqublu: "Bu məhkəmə erməni əsriliyindəki Şahbaz və Dilqəmin məhkəməsindən də ədalətsiz keçdi"

Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası verilməsi tələb olunub. Sentyabrın 1-də Nizami Rayon Məhkəməsində dövlət ittihamçısı Əsədulla Ramazanov bu təkliflə çıxış edib. Prokuror iddia edib ki, T.Yaqubluya Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsilə verilən ittiham məhkəmədə sübuta yetirilib.

Budəfəki məhkəmə iclası da prosesə T.Yaqublunun yaxınlarının, ictimai-siyasi fəalların, jurnalistlərin buraxılmamasına görə qalmaqalla başlayıb: “Operativ Qərargah növbəti yumşalmaya getdi, muzeylər belə, açıldı. Ora da adamları buraxırlar, siz buraxmırsız? Nə qədər yer var, o yerin sayına uyğun da adamlar buraxılmalıdır. Heç kim özbaşınalıq eləməməlidir. Ramiz Mehdiyevin kürəkəninin məhkəməsindən birbaşa yayım eləmək olar, Tofiq Yaqublunun məhkəməsinə heç kim buraxıla bilməz? Buraxın, gəlsinlər görsünlər ki, mundir geyinib nə oyunlardan çıxırlar burada...”

Hakim Operativ Qərargah və Ali Məhkəmənin tövsiyələrinə istinad edərək, yenə də T.Yaqublunun qızı Nigar Həzidən başqa heç kimi buraxmayıb.

T.Yaqublu təkcə işinə baxan hakim Nəriman Mehdiyevə yox, bütövlükdə Nizami Rayon Məhkəməsinə yazılı şəkildə etiraz verib. Bildirib ki, bu məhkəmənin sədri Ələddin Cəfərov da vaxtilə onun haqqında sifarişlə hökm çıxarmışdı:

“Qızım istisna olmaqla, yaxın qohumlarım, jurnalistlər, ictimai-siyasi xadimlər məhkəməyə buraxılmır. Şahidlər dindiriləndə hakim onların ifadələrini yönləndirir, düzəliş edir. Özünü ittiham tərəfi kimi aparır. Təqsirsizliyimi sübut edəcək dəlillərlə bağlı vəsatətlərimizi əvvəl baxılmamış saxladı, sonra rədd etdi. İclas zamanı qaldırılan vəsatətlə bağlı “qoy gedim, görüm nə deyirlər” deməklə əslində, sifarişlə qərarlar verildiyini təsdiqlədi. Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov 1998-ci ildə tam təqsirsiz olduğum halda, sifarişlə haqqımda ittiham hökmü çıxarıb. Burada məhkəmə zalındakı akvariumda da mənim yanımda Penitensiar Xidmətin əməkdaşlarını oturdub, hər şeyə nəzarət edirlər. İstintaqda Cavanşir Novruzov dindirildiyi halda, məhkəmədə onun əvəzinə Novruz Novruzov dindirildi. Məhkəmə zalına on nəfərdən artıq adamın buraxılmasını qadağan edən normanı mənə göstərmir ki, hamı bilir. Hamı onu bilir ki, sən saxtakarlığı, yalanı müdafiə edirsən, şərə xidmət edirsən. Sənin bu vəzifəyə təyin olunmağına səbəbkar olan qohumun Ramiz Mehdiyev korrupsionerdir...”

Etiraz baxılmamış saxlanılıb. T.Yaqublu da, vəkilləri də buna etiraz edərək bildiriblər ki, bütövlükdə məhkəməyə verilən etiraza Bakı Apelyasiya Məhkəməsi baxıb qərar verməlidir. Amma hakim Nəriman Mehdiyev fikrini dəyişməyib.

T.Yaqublunun daha bir vəsatəti həm özünün, həm də vurduğu, təhqir etdiyi iddia olunan Elxan Cəbrayılov və Cəvahir Cəbrayılovanın telefonunun anten məlumatlarının alınması barədə olub. T.Yaqublu deyir ki, telefonların əhatə dairəsi haqda məlumatlar alınsa, həmin gün Cəbrayılovların onu əvvəldən izlədiyi sübut olunacaq.

Bu vəsatət də təmin edilməyib.

Məhkəmədə şahid qismində Xanbala Ağayev dindirilib. O, hadisə yerinin müayinəsi protokoluna imza atıb. Məhkəmədə bildirib ki, nə maşınların toqquşduğunu görüb, nə də kiminsə kimisə döydüyünü:

“Bazara gəlmişdim. Çıxanda dedilər ki, baxış protokoluna qol çək. İstəmədim. Xahiş etdilər, razılaşdım. Mən bu kişini (Tofiq Yaqublunu) görməmişəm orada. Xarici maşın da park olunmuş vəziyyətdə idi...”

İttihamda yazılıb ki, T.Yaqublu E.Cəbrayılovun yoluna çıxıb, nəticədə qəza baş verib. T.Yaqublu isə bildirir ki, maşını heç yerindən tərpətməyib, park olunmuş vəziyyətdə işində oturub gözləyib ki, həyat yoldaşı və daha bir qohumu bazardan çıxsın, onları aparsın. Həmin vaxt bir maşın gəlib onu vurub, ardınca da həmin maşının sürücüsü və yanındakı qadın onun maşınına tərəf hücum edib. Bu zaman anlayıb ki, təxribatdır.

T.Yaqublu həmçinin işini aparmış Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyevin məhkəməyə çağırılıb dindirilməsi haqda da vəsatət qaldırıb:

“İfadə verməkdən imtina etdiyim halda, protokola adımdan ifadə yazıb. Öz vəkilim təmin edilmədiyinə görə etiraz olaraq protokola imza atmamışam. O isə yazıb ki, heç bir əsas olmadan imza atmamışam. Yalan yazıb ki, guya mənə öz vəkilimi dəvət etmək imkanı yaradılıb. Maya Yaqublunu aldadıb ki, guya mən ifadə vermişəm. Üzləşmədə ifadə vermədiyim halda, ifadə verdiyimi yazıb. Hadisənin görüntüsünün - əsas sübutun telefonda olduğunu bildiyi halda, iki ay sonra mənim iştirakım olmadan baxış keçirib. Guya bu müddətdə telefonun kodunu bilməyib. Bəs niyə məndən soruşmayıb? Bu da yalandır, martın 27-28-də mənim telefonuma müdaxilə ediblər”.

Vəkillər bildirib ki, müstəntiq həm dindirilməli, həm də onun haqqında prokurorluğun araşdırmalara başlaması üçün xüsusi qərar çıxarılmalıdır. Çünki bu işdə çoxsaylı qanun pozuntularına yol verib.

Müstəntiq Ramil Əliyevin qardaşı Samir Əliyev (o da polis olub) keçmiş həyat yoldaşını öldürüb yandırmaqda təqsirləndirilərək, 20 il azadlıqdan məhrum edilib. Vəkillər bildirib ki, Samir Əliyevə vəkillik etmiş Elxan Şükürov indi də T.Yaqublunun işində zərərçəkmiş qismində tanınan Cəbrayılovlara vəkil təyin edilib. Vəkil Elçin Sadıqov bunun təsadüf olmasının şübhəli göründüyünü vurğulayıb.

Daha sonra məhkəmədə şahid qismində T.Yaqublunun həyat yoldaşı Maya Yaqublu dindirilib: “Martın 22-də bazarlığa getmişdik. Qardaşımın oğlu da bizdə idi, o da bizimlə getdi. Biz düşüb bazara girdik, Tofiq Yaqublu maşında bizi gözlədi. Başqa yerə gedəsiydik, qəbiristanlıqda gülləri sulamalıydıq deyə, tələsirdik. Təzəcə bazara girmişdik ki, Tofiq Yaqublu zəng elədi, dedi ki, geri qayıdın, maşını vurdular. Gələndə gördük camaat toplaşıb. Bunun yanındakı da (Cəvahir Cəbrayılovanı nəzərdə tutur-red.) Tofiq Yaqublu maşınının qapısını dartır. Tofiq mənə görə qapını açanda o qadın əl atıb az qaldı onu didsin. Nalayiq sözlər danışırdı. Camaat bunlara nələr dedi... Dedilər ki, kişi oturduğu yerdə adamın maşınını vurmusuz, söyürsüz, utanmırsız? Bunların üzünə tüpürənlər vardı. Onları çağırın, gəlib düzünü danışsınlar”.

T.Yaqublu deyir ki, hadisə baş verən ərazidə çoxlu sayda təhlükəsizlik kameraları var. Əgər istintaqa həqiqəti üzə çıxarmaq maraqlı olsaydı, o görüntüləri alıb, işə əlavə edərdi:

“Niyə mən tələb edirəm videonu, bunlar yox? Çünki bunlara həqiqət lazım deyil”.

Məhkəməyə T.Yaqublunun telefonu gətirilib. Amma məlum olub ki, telefonda o görüntülər yoxdur. T.Yaqublu həqiqətin üzə çıxmaması üçün görüntülərin silindiyini bildirib:

“Telefonun gətirilməsini ona görə təmin etdiniz ki, bilirsiniz o telefondan görüntüləri siliblər. Hakim olsaydınız, ədalətli araşdırma aparsaydınız, hadisə günü mənim və üzümə duranların telefonlarının əhatə dairəsinin müəyyənləşdirilməsi barədə vəsatətimizi təmin edərdiniz. Onda görünərdi ki, o adamlar həmin gün məni izləyiblər. Mən harada olmuşamsa, onlar da orada olublar”.

T.Yaqublu telefona baxandan sonra bildirib ki, nəinki hadisənin görüntülərini, “Facebook” hesabını, hətta nəvəsinin videolarını da siliblər.

Vəkillər bildirib ki, telefon maddi sübut kimi tanınmadığı halda, aylardır ki, polis idarəsində saxlanılır. T.Yaqublunun telefonuna polis idarəsində müdaxilə edildiyini vurğulayan vəkillər bunun həm şəxsi həyata müdaxilə, həm də mülkiyyət hüququnun pozuntusu olduğunu vurğulayıb.

Vəkil Aqil Layıc vəsatət qaldırıb ki, məhkəmə mütəxəssis vasitəsilə videoların bərpasına nail olsun: “Mən özüm də bu işi bacarıram. Amma mütəxəssis dəvət edək, bərpa olunsun”.

Hakim vəsatəti təmin etməyib.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan edilib. Prokuror qısa çıxış edərək, T.Yaqubluya 4 il 6 ay həbs cəzası verilməsini istəyib.

Vəkillər etiraz ediblər, bildiriblər ki, heç sənədlər tədqiq olunmayıb, T.Yaqublu ifadə verməyib, amma məhkəmə istintaqı tamamlandı.

“Ədalətsizliyin təntənəsinə etiraz edirəm...”, - deyə vəkil A.Layıc etiraz edib.

T.Yaqublu isə məhkəməsinin erməni əsirliyində olan azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovun Xankəndidəki məhkəməsilə müqayisə edib: “Bu məhkəmə erməni əsirliyindəki Şahbaz və Dilqəmin məhkəməsindən də ədalətsiz keçdi...”

Sentyabrın 2-də T.Yaqublu məhkəməsində son sözünü deməlidir. Ardınca isə hökm oxunacaq.

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  1 Sentyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xsvk0w

Ən çox baxılan