Dövlət ittihamçısı Qənimət Zahidin qohumlarına iş istədi

Müdafiəçi: ”Həbsin yeganə səbəbi Qənimət Zahidin qohumu olmalarıdır”

Source:
Qənimət Zahidin qohumları
Qənimət Zahidin qohumları


Müdafiəçi: ”Həbsin yeganə səbəbi Qənimət Zahidin qohumu olmalarıdır”

İyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda Fransada yaşayan “Azərbaycan saatı” verilişinin rəhbəri Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesi izləyən Meydan TV əməkdaşının məlumatına görə, iclasa hakim Eldar Mikayılov sədrlik edib. İclasda çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O bildirib ki, məhkəmə zamanı təqsirləndirilən şəxslərə qarşı ittihamlar şahid ifadələri və ekspert rəyləri ilə sübuta yetirilib.

Daha sonra prosesdə Rüfət Zahidovun vəkili Bəhruz Bayramov müdafiə nitqi ilə çıxış edib. O deyib ki, bir sutka çıxış etsə də, əhəmiyyəti yoxdur: “Bu cinayət işi quraşdırılmış teatr səhnəsidir. Şahid ifadələri, ekspert rəyləri də bu teatrın tərkib hissəsidir və bu çox dırnaqarası tamaşadır. Rüfət həbs olunan zaman onun hüquqları pozulub. Rüfətlə Rövşənin heç bir əlaqələri olmayıb, onların telefon danışığı olması, görüşməsi sübuta yetirilməyib. Təqsirləndirilən şəxslərə bəraət verilməlidir. Həbsin yeganə səbəbi Qənimət Zahidin qohumu olmalarıdır. Onlar Qənimət Zahiddən imtina ərizəsi yazıb müxtəlif qurumlara göndəriblər və onunla əlaqələri yoxdur. Bu günahsız insanlar azadlığa buraxılmalıdırlar. Onların həbsdə olması haqsızlıqdır. Bu gün bu insanları şərləyənlərin övladları sabah öz valideynlərinə görə cavab verməli olacaqlar”.

Proses iyunun 20-də davam etdiriləcək.

Hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. Onlar ittihamı qəbul etmirlər, qohumları Qənimət Zahidə görə şərləndiklərini düşünürlər.

Ana səhifəXəbərlərDövlət ittihamçısı Qənimət Zahidin qohumlarına iş istədi