Dövlət ittihamçısı Eldar Həsənova 11 il iş istədi (yenilənib)

Eldar Həsənov, Foto: Meydan TV

Keçmiş Baş prokurorun əmlakının müsadirə olunması da tələb olunur

1995-2000-ci illərdə Baş prokuror, 2001-2020-ci illərdə isə Azərbaycanın müxtəlif ölkələrdə səfiri işləmiş Eldar Həsənovun 11 il azadlıqdan məhrum olunması istənilib.

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə çıxış edən prokuror bunu təklif edib.Prokuror deyib ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə irəli sürülmüş ittihamlar məhkəmədə təsdiqini tapıb.

Onun sözlərinə görə, bu ittihamlardan 313-cü maddə üzrə məsuliyyətə cəlbetmə müddəti keçib. Ona görə Eldar Həsənov bu maddə ilə də təqsirli bilinməli, lakin ona cəza təyin edilməməlidir. Digər maddələrlə isə ümumilikdə 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı həmçinin onun 3 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan da məhrum edilməsi, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunmasını da təklif edib.

Bundan başqa, prokuror bildirib ki, Xarici İşlər Nazirliyinin Eldar Həsənova qarşı qaldırdığı 18 milyon 500 min manatlıq mülki iddia da təmin edilməlidir.Müsadirəsi təklif olunan əmlaklar Eldar Həsənovun ailə üzvlərinin, o cümlədən övladlarının mülkiyyətində olan mənzil, torpaq sahələridir. Həmin əmlakların üzərinə Eldar Həsənov həbs ediləndən sonra həbs qoyulub.

Prokuror çıxışında iddia edib ki, həmin əmlaklar əslində, Eldar Həsənovundur, sadəcə, qohumlarının adına rəsmiləşib.

Müsadirəsi təklif olunan daşınmaz əmlaklar bunlardır:

Nardaran qəsəbəsində 252 kvadrat metrlik bağ evi;

Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində mənzil;

Yasamal rayonu, Murtuza Muxtarov küçəsində 106 kvadrat metrlik mənzil;

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində mağaza;

Nardaran qəsəbəsində 0.02 hektar torpaq sahəsi;Abşeron rayonunda 5 hektar təsərrüfat təyinatlı torpaq sahəsi;

Xətai rayonunda fərdi yaşayış evi;

Monteneqronun Budva şəhərində mənzil.

Üzərinə həbs qoyulmuş, “Oskar” firmasına məxsus əmlaklara gəlincə, prokuror bildirib ki, onların Eldar Həsənova məxsusluğu məhkəmədə təsdiqini tapmadı. Ona görə də müsadirə olunmamalıdır.

Prokurordan sonra çıxış edən Xarici İşlər Nazirliyinin nümayəndəsi 18.5 milyonluq mülki iddianın təmin olunmasını, dəymiş ziyanın ödənilməsini istəyib.Maliyyə Nazirliyinin nümayəndəsi isə qərarı hakimlərin mülahizəsinə buraxıb.

Eldar Həsənovun vəkilləri çıxışa hazırlaşmaq üçün 10 gün vaxt istəyib. Onlara yanvarın 14-nə qədər vaxt verilib.Eldar Həsənovun vəkilləri prokurorun çıxışının qərəzli və əsassız olduğunu bildirib. Onlar Eldar Həsənovla eyni cinayət işi üzrə təqsirləndirilən, lakin sonradan icraatı ayrılan Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri Fərhad Mollazadə və Səlim Əlizadəyə şərti cəza verildiyi halda, Eldar Həsənova 11 il azadlıqdan məhrumetmə cəzası istənilməsini ayrı-seçkilik kimi qiymətləndirib.

Vəkillərin sözlərinə görə, məhkəmə dövründə müdafiə tərəfinin verdiyi 74 vəsatət rədd edilib, qaldırılan məsələlərin heç biri araşdırılmayıb. Eldar Həsənov 2000-ci ildə Baş prokuror vəzifəsindən azad ediləndən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir:

“Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım  kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Ana səhifəSiyasətDövlət ittihamçısı Eldar Həsənova 11 il iş istədi (yenilənib)