Dövlət ittihamçısı 10 il iş istədi, hakim bəraət verdi

Rövşən Əhmədov məhkəmə zalından azadlığa buraxıldı

Source:
Hakim Əfqan Hacıyev foto sosial şəbəkə
Hakim Əfqan Hacıyev foto sosial şəbəkə


Rövşən Əhmədov məhkəmə zalından azadlığa buraxıldı

Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin yaxın qohumu Rövşən Əhmədovun növbəti məhkəmə iclası yekunlaşıb.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı  Fərid Nağıyev çıxış edib. O, R.Əhmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirlənsirilən şəxsin vəkili Adəm Məmmədov çıxış edərək müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. A.Məmmədov bildirib ki, qızıl-zinət əşyalarının çəkisinin nə qədər olması, onların şəkilləri və görüntüləri cinayət işinin materiallarına daxil edilməyib. Onun sözlərinə görə zərərçəkmiş şəxs və şahidlər bir ailə olduğundan məsləhətləşib, oxşar ifadə veriblər.

Təqsləndirilən şəxsin digər vəkili Ülkər Yusifova da çıxışında müdafiə etdiyi şəxsin barəsində bəraət hökmümünün çıxarılmasını istəyib:

“Cinayət işində çox müəmmalı şeylərlə rastlaşdım. Çingiz Baxşıyev qızılların mövcudluğu barədə istintaq zamanı dəfələrlə ziddiyyətli ifadələr verib. Rövşən Əhmədova qarşı ittiham Çingiz Baxşıyevin ehtimalları əsasında verilib. Məhkəmə hökm çıxararkən ehtimallara əsaslana bilməz”.

R.Əhmədov məhkəmədə son söz deyib. O, heç bir günahının olmadığını, qızılların hamısını Çingiz Baxşıyevə qaytardığını və barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Rövşən Əhmədov

Daha sonra hökm elan edilib. Hökmə əsasən, R. Əhmədov barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

R. Əhmədov uzun illər yanında işlədiyi qohumu Ç.Baxşıyevin 800 min manatdan artıq dəyəri olan qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli bilinir.

R.Əhmədov isə məhkəmə prosesləri zamanı ona qarşı irəli sürülən ittihamla razılaşmadığını deyib. O, Çingiz Baxşıyevin həbs edilənə qədər milyonlarla manatını, dollarını, avrosunu, qızıllarını saxlasa da, heç vaxt onlara əl vurmadığını söyləyib.

Ana səhifəXəbərlərDövlət ittihamçısı 10 il iş istədi, hakim bəraət verdi