Dövlət istifadə olunmayan torpaqları geri alır

Vahid Məhərrəmov: ”Əsl məqsəd kəndlilərin əlində olan sonuncu torpaqları da almaqdır”

Source:


Vahid Məhərrəmov: ”Əsl məqsəd kəndlilərin əlində olan sonuncu torpaqları da almaqdır”

“İllərdir hasarlanan, becərilməyən kənd təsərrüfatı torpaqları istifadəçilərinə qarşı tədbirlər sərtləşdirilib”.

Əmlak Məsələləri Dövlət Komitəsindən “

APA

” agentliyinə belə deyiblər.

Bildiriblər ki, boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılıb.

“Aşkar edilən belə torpaqlar geri qaytarılır. Monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb. Aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib”.

Komitə bildirir ki, monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb:

“Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, yayılan məlumat Dövlət Statistika Komitəsinin açıqlamalarına ziddir:

“Statistika deyir ki, ölkədə təxminən 1 milyon hektar ərazidə taxıl, 400 min hektarda yem bitkiləri, 200 min hektardan çox ərazidə isə tərəvəz bitkiləri əkilib. Yəni ölkədə mövcud olan əkin sahələrinin hamısından istifadə edilib. İndi də deyirlər ki, hasarlanmış, əkilməmiş hektarlarla torpaq var. Əslində isə düzdür ki, ölkədə çoxlu sayda hasarlanmış torpaq sahələri var. Onlar yüksək vəzifəli dövlət məmurlarına məxsusdur. Onlar həmin torpaqları hasarlayıb, öz istirahətləri üçün şərait yaradıblar”.

Vahid Məhərrəmov

Ekspertin fikrincə, həmin torpaqları dövlət idarələrinin, müəssisələrinin heç biri onların əlindən ala bilməz.

“Onlar o qədər böyük vəzifə sahibləridir ki, bu hökumət getməyənə qədər həmin torpaqlar hasarlanmış vəziyyətdə qalacaq”.

Vahid Məhərrəmov yayılan informasiyanın əsl məqsədinin kəndlilərin əlində olan sonuncu torpaqları da almaq olduğunu deyir:

“Neftdən gözləri qorxan məmurlar kəndlilərin bütün torpaqlarını almaq istəyirlər. Onlar çox yaxşı bilirlər ki, neftdən gələn gəlir bir müddət sonra tükənəcək. Odur ki, gözlərini kənd təsərrüfatına dikiblər. Bundan əlavə, əkib-becərməyən də həmin torpaqları baha qiymətə kəndlilərə icarəyə verəcək. Kəndlilər imkansız adamlardır. Onların torpaqdan istifadə etməməsi mümkün deyil. Onların bütün ümidi torpağadır. İndi dövlət bəhanə gətirir ki, bax, sən torpağından səmərəli istifadə etməsən, əlindən alacağıq. Belə bəhanələrlə o torpaqları kəndlilərin əlindən almaq istəyir. Belə hallar artıq Abşeronda, Qazax-Gəncə bölgəsində, Zaqatalada, Aran bölgəsində var”.

Bir müddət öncə Beyləqanın Milabad kəndinin sakinləri

Meydan TV

-yə bildirmişdilər ki, torpağın adı kəndlinin, dadı məmurlarındır. Torpaq var, amma deyirlər, pambıq əkməlisən. Onun da xeyrini özləri görür:

“Necə? Deyək ki, kilosunu 50-55 qəpikdən alırlar. Onu elə edirlər ki, həmin puldan kəndliyə cəmi 3 qəpik qalır. Onun hamısı dərmana, yerə, texnika haqqına çıxılır. Yerdə kəndliyə 3-5 qəpik qala, ya qalmaya. Bir sözlə, sərf etmir”.

Kəndlilər deyirdilər ki, otlaq sahələrinin çoxunda pambıq əkilib.

“İnsanlar yem dərdindən heyvanlarını satmalı olur. Boş qalan çox az sahənin icarə haqqı isə qalxıb. Bir sözlə, pambıq siyasəti kəndlilərin evin yıxıb”.

Ana səhifəXəbərlərDövlət istifadə olunmayan torpaqları geri alır