Dövlət hesabına vəkil Paşa Umudovun məhkəməsində şahid oldu

Paşa Umudov, Foto: Meydan TV

Prokuror hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi həbslərdə tez-tez dövlət hesabına iştirak edən vəkillərdən biri də Ramiz Mirzəyevdir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin sürücüsü Paşa Umudov tutulanda bu idarədə ona dövlət hesabına təyin edilən vəkil də Ramiz Mirzəyev olub. Lakin Paşa Umudov deyir ki, onun adı vəkil olsa da, özü vəkillik eləməyib.

Paşa Umudovun işini Ali Məhkəmə geri qaytardığına görə bu işə təkrar Bakı Apelyasiya Məhkəməsində baxılır. Martın 3-də məhkəmədə vəkil Ramiz Mirzəyev şahid qismində dindirilib. O, sualların bir çoxuna “xatırlamıram”, “yadımda deyil” cavablarını verib”.

Paşa Umudov bildirib ki, bu vəkili cəmi iki dəfə görüb: bir dəfə idarənin dəhlizində, bir dəfə də çəkiliş aparılanda: “Bu adam dindirmədə iştirak etməyib”.

Prokuror Paşa Umudova verilmiş 4 il 6 aylıq həbs hökmünün dəyişdirilmədən qüvvədə saxlanmasını təklif edib. Onun sözlərinə görə, bu işdə prosessual qanunvericiliyin tələblərinə əməl olunub: “Özü də etiraf edir ki, vəkil həmin vaxt orada olub”.

Lakin Paşa Umudov onunla razılaşmayıb: “Vəkil dindirmə vaxtı orada olmayıb. Formal olaraq çağırıblar ki, gəlib, onların dedikləri sənədlərə qol çəkib getsin. Vəkillik eləməyə gəlməyib”.

Paşa Umudovun vəkili Zibeydə Sadıqova müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Bu üzdən məhkəmə martın 10-na qədər təxirə salınıb.

59 yaşlı Paşa Umudov 2019-cu ilin oktyabrından həbsdədir. O, Nərimanov Rayon Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə təqsirli bilinib və 4 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Bir müddət Ali Məhkəmə apelyasiya instansiyasının qərarını ləğv edərək, işi təkrar araşdırma üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarıb.

Paşa Umudov məhkəmədə bildirib ki, Milli Şuranın 2019-cu il 19 oktyabr mitinqi öncəsi həbs edilib. Həmin ərəfədə ondan başqa da siyasi fəallar da həbs olunmuşdu: “Gözləyirdim ki, məni də həbs edə bilərlər. Xəbərdarlıq eləmişdilər. Ondan əvvəl iki dəfə inzibati qaydada həbs eləmişdilər. Demişdilər ki, üçüncü dəfə inzibati həbs olmayacaq, cinayət işi olacaq, uzunmüddətli həbsə göndəriləcəksən. Ayın 15-də axşam çayxanayaya getmək üçün evdən çıxanda qara “Toyota” maşın dayandı, mülki geyimdə idilər. Mənim cibimə narkotiki qoyan adam Rəşad Verdiyev idi. Adını sonradan bildim, onda tanımırdım. Cibimdən götürüb atdım. Gedib götürdü, yenidən gətirib qoydu…”

Ana səhifəSiyasətDövlət hesabına vəkil Paşa Umudovun məhkəməsində şahid oldu