Elmira Axundova: ”Sökülən evlərin sahiblərinə hər kvadrata görə 2000 manat kompensasiya verilməlidir”
Deputat Elmira Axundova Milli Məclisdə hökumətin illik hesabatının müzakirəsi zamanı evləri sökülən şəxslərə verilən kompensasiyalardan danışıb:
“Son illər devalvasiyanı nəzərə alaraq hökumətin sökülən evlərə görə kompensasiya məbləğini artıracağını düşünürdük. Lakin hazırda əvvəlki illərdə hesablanan məbləğ 1500 manat təklif edilir ki, bu da, çox azdır. Xüsusilə də nəzərə alsaq ki, “Sovetski” adlanan ərazidə və ətrafında kiçik həcmli evlər kifayət qədərdir. Yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin”.
E.Axundova əlavə edib ki, dövlət hesabına tikilən evlərin 1 kvadrat metri, təmirlə birlikdə 500 manata başa gəlir: “Yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar. O ki qaldı nisbətən iri həcmli evlərin sahiblərinə, yəni 60-80 kvadrat metrdən yuxarı, bunların kompensasiya həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Düşünürəm ki, bu sosial cəhətdən ədalətli olardı”.
E.Axundova müxtəlif regionlarında, xüsusilə də Abşeron yarımadasında vətəndaşların sənədsiz evləri ilə bağlı problemin həllinin təklif edib. O qeyd edib ki, insanlar artıq 20-30 ildir ki, özləri inşa etdikləri fərdi evlərdə yaşamalarına baxmayaraq, onlara sənəd verilmir:
“Həmin ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə “kənd təsərrüfatı təyinatlı” torpaqlar olaraq qeydiyyatdadır. Bu məsələyə kompleks yanaşılmalı və birdəfəlik həll edilməlidir”.
Elmira Axundova deputatı olduğu Masallı rayonunda bir sıra qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və yenidən qurulması məsələsinə baxılmasını da xahiş edib.
Deputat Tahir Rzayev isə deyib ki, tikintisi başa çatsa da, istifadəsiz qalan kifayət qədər çox binalar var: “Çünki Mənzil Tikinti Kooperativləri (MTK) elə qiymətlər qoyblar ki, həmin mənzilləri almağa vətəndaşların maddi imkanı çatmır”.
Deputat təklif edib ki, bu cür yeni tikililərin sahibləri ya vergi ödəməli, ya da satış qiymətlərini endirməlidir:
“Bu mənzillərin boş qalması dövlət üçün də sərfəli deyil. Nə qədər ailələr, gənclər var ki, mənzilsizlikdən əziyyət çəkirlər. Ona görə də təklif edirəm ki, ya bu mənzillərin əmlak vergisi MTK-lar tərəfindən dövlətə ödənilsin, ya da satış qiyməti aşağı salınsın ki, insanlar onu ala bilsin”.