Səfirlik: “Məqsəd regional əməkdaşlığı inkişaf etdirməkdir”
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda katibin köməkçisinin yeni təyin olunmuş müavini Erika Olson Cənubi Qafqaza səfər edəcək.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, Erika Olson regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstanda görüşlər keçirəcək.
Bildirilir ki, Yerevanda olarkən DAS Olson 2-4 noyabr tarixlərində ABŞ-ın Ermənistandakı səfiri Lin M.Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C.Deqnan və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqerlə birlikdə Missiya Rəhbərlərinin regional toplantısında iştirak edəcək.
Bundan əlavə, görüşə amerikalı həmsədr Endryu Şoferin və USAİD-ın Vaşinqton ofisinin direktorunun müavini Aleksandr Sokolovskinin də qatılacağı bildirilir.
“Biz çoxdankı ənənəni bərpa etməkdən və regiondakı hər üç ölkə ilə bağlı siyasətimizi daha yaxşı əlaqələndirmək üçün fikir və məlumat mübadiləsi aparmaq üçün regiondan və Vaşinqtondan olan həmkarlarımızla bir araya gəlməkdən məmnunuq. İştirakçılar Ermənistan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə daxili müzakirələr, eləcə də məlumat xarakterli görüşlər keçirəcəklər”, – deyə səfirliyin məlumatında qeyd olunur.
ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin bundan əvvəlki toplantıları 2018-ci ildə Tbilisidə, 2019-cu ildə Bakıda keçirilib.