Dövlət Departamentinin hesabatında Bakının terrorla mübarizəsindən danışılır

”Bəzi demokratiya və insan haqları fəalları Taleh Bağırzadəyə qarşı ittihamların saxta olduğuna inanır”

Source:


”Bəzi demokratiya və insan haqları fəalları Taleh Bağırzadəyə qarşı ittihamların saxta olduğuna inanır”


İyunun 2-də ABŞ Dövlət Departamenti “Terrorçuluqla Mübarizə: 2015”» hesabatını açıqlayıb. Dövlət Departamenti İranı yenə terrorçuluğa sponsorluq edən ölkə adlandırıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkə Birləşmiş Ştatlarla güclü antiterror əməkdaşlığı edib, Qafqazdan insan, pul və material daşımağa çalışan terrorçu təşkilatlara qarşı fəal dirəniş göstərib. Azərbaycanın terrorçuluqda şübhəli bilinən şəxsləri təqib etdiyi, böyük miqdarda qanunsuz silah-sursatı müsadirə etdiyi, xaricdəki münaqişələrdən Azərbaycana dönən əcnəbi döyüşçüləri həbsə atdığı vurğulanır.

Hesabatda deyilir ki, “Azərbaycan “İslam Dövləti” (İŞİD) silahlı qruplaşmasıyla mübarizədə güclü qətiyyət sərgiləyib, informasiyanı paylaşıb, İraq və Suriyaya əcnəbi döyüşçü axınının, terrorçu qruplaşmaların qanunsuz maliyyələşməsinin önlənməsi yönündə işləyib. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərləri İŞİD və “əl-Qaidə” ideologiyasına qarşı ictimai tədbirlər görüb. Xarici İşlər Nazirliyi dekabrın ortasında elan edib ki, Azərbaycan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Terrora qarşı İslam Koalisiyasına qoşulmağı nəzərdən keçirir”, – deyə hesabatda bildirilir.

Sənəddə o da qeyd olunur ki, dekabrın ortasında Milli Təhlükəsizlik Nazirliyi iki quruma parçalanıb – Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti. İlin sonunadək bu iki yeni xidmətin antiterror fəaliyyətinin necə olacağı, onların uyğun işinin necə inteqrasiya olunacağı bəlli deyildi. Hazırda Daxili İşlər Nazirliyi terrorçuluqla mübarizədə vacib öhdəliklər daşıyır. Spesifik antiterror hərəkətlərini nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyata keçirir. Baş Prokurorluq terrorçuluqla bağlı fərdlərin təqibinə, terror cinayətlərinin təhqiqinə məsuliyyət daşıyır.

Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti terrorçuluq fəaliyyətinin aşkarlanması və önlənməsini səmərəli həyata keçirib, ölkəyə qayıdan əcnəbi döyüşçüləri təqib edib. Ölkəyə giriş zamanı səyahətçilərin yoxlanmasında terrorçu və cinayətkarlar barədə xəbərdarlıq siyahılarından, bioqrafik/biometrik informasiyadan yararlanıb. Digər ölkələrlə informasiya mübadiləsi aparılıb.

Daha sonra sənəddə ölkə qanunvericiliyinə edilən uyğun dəyişikliklərdən, ötən ilin dekabrında qəbul olunmuş dini ekstremizmlə mübarizə qanunundan söz açılır.

“İl ərzində ölkədə terror hücumlarının önlənməsi barədə məlumatlar yayılıb. Ancaq aydın deyil ki, bu tədbirlər real terror hədələrinə yönəlib, yoxsa qeyri-zorakı, müstəqil dini fəaliyyəti məhdudlaşdırmaq məqsədi güdüb. Məsələn, noyabrda Baş Prokurorluq bəyanat yayıb ki, keçmiş siyasi məhbus və dini fəal Taleh Bağırzadə (Bağırzadə) tərəfdarları ilə birlikdə hökuməti devirmək planı hazırlayıb. Hökumət onun Bakının Nardaran kəndində sursat və partlayıcı gizlətdiyini iddia edib. Hüquq-mühafizə orqanları ölkə boyunca xüsusi əməliyyat həyata keçirib, onlarla adamı həbs edib, silah-sursat tapdığını bildirib. Nardaran əməliyyatında zorakı dini ekstremizmdə şübhəli bilinən beş nəfər və iki polis həlak olub. Cinayət işi açılıb. Bəzi demokratiya və insan haqları fəalları bu ittihamların saxta olduğuna inanır”, hesabatda belə deyilir.

ABŞ Dövlət Departamenti daha sonra Azərbaycanın çirkli pulların yuyulmasına qarşı gördüyü tədbirlərdən söz açır. O da vurğulanır ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə zorakılığa çağırışın önlənməsi məqsədilə bəzi məscidlərdə moizələrə nəzarət tədbirləri görüb. Ölkə ATƏT-in, İslam Əməkdaşlığı Təşkilatının, digər regional qurumların fəal üzvüdür, eləcə də NATO ilə antiterror sahəsində işini davam etdirir.

Birləşmiş Ştatlar Azərbaycanın terrorçuluq, narkotik maddələrlə mübarizə, eləcə də enerji sahəsində əməkdaşlığını daim müsbət qiymətləndirib. Bəzi yerli müşahidəçilər isə Azərbaycan hökumətinin bu sahələrdə əməkdaşlığı önə çəkməklə insan haqları pozuntularını pərdələdiyini bildirir. Son iki ildə ölkədə vətəndaş cəmiyyətinə təzyiqlər güclənib, 100-dək siyasi və ictimai fəal, jurnalist və bloqqerin məhz siyasi motivlərlə həbsə atıldığı bildirilir. Amma bu ilin əvvəlində hakimiyyətin mövqeyində bir yumşalma sezilir, bir sıra tanınmış “siyasi məhbuslar” azadlığa buraxılıb.



Turan İA

Ana səhifəXəbərlərDövlət Departamentinin hesabatında Bakının terrorla mübarizəsindən danışılır