“Azərbaycan humanitar səbəblərdən onu təcili azad etməlidir“
ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini 36 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmovu azad etməyə çağırıb.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays “Twitter” hesabında yazıb.
Ned Prays bildirib ki, onlar Saleh Rüstəmovun vəziyyətinin pisləşməsi barədə məlumatlardan çox narahatdılar:
“Azərbaycan humanitar səbəblərdən onu təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır”.
Dekabrın 11-də AXCP-nin qadın fəalları Penitensiar Xidmətin qarşısında Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiya keçirməyə cəhd ediblər. Polis aksiyanın qarşısını alıb.
Xatırlatma
AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 36 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.
O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.
Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun tələblərini yerinə yetirilməsi üçün ölkə rəhbərliyinə, ictimaiyyətə müraciət edib. Bugünədək rəsmi olaraq heç bir addım atılmayıb. Buna görə də bir qrup fəal aksiya keçirmək qərarını verib və dekabrın 1-də, saat 15.00-da Bakının “Fəvvarələr bağı”nda aksiya reallaşdırılıb.