Gültəkin Hacıbəyli: ”26 sentyabr refendumu respublika üsul-idarəsindən imtina deməkdir”
Hikmət Hacızadə: ”Bu cür pozuntular Azərbaycanın nüfuzuna böyük zərbədir”
“Azərbaycan siyasi hakimiyyəti yaxşı başa düşür ki, sentyabrın 26-da referenduma çıxartdığı dəyişikliklər Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları ofisi tərəfindən müsbət rəy almayacaq”.
Bunu Meydan TV-yə Milli Şuranın beynəlxalq məsələlər üzrə koordinatoru Gültəkin Hacıbəyli ABŞ Dövlət Departamentinin Konstitusiya Aktı layihəsi ilə bağlı Azərbaycan hökümətinə çağırışını şərh edərkən deyib.
ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Tonner “Amerikanın səsi”nə deyib ki, Azərbaycan höküməti Konstitutsiya dəyişiklikləri ilə bağlı referendum layihəsini Avropa Şurasının Venesiya Komissiyasına və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə (ODIHR) təqdim etməlidir.
G.Hacıbəyli xatırladıb ki, Venesiya Komissiyası dəfələrlə yerli qanunvericiliyə verdiyi ekspert rəylərində hakimiyyət bölgüsü prinsipinin pozulduğunu, həddindən artıq güclü icra hakimiyyətinin mövcud olduğunu, məhkəmələrin asılılığını və çox zəif, qeyri-funksional parlamentin olduğunu bildirib: “Bu baxımdan rəsmi Bakıya gerçək hakimiyyət bölgüsüylə bağlı tövsiyyələr təqdim etmişdi. Venesiya Komissiyasının əsas tələbi hakimiyyət bölgüsündəki qeyri-bərabərliyin aradan qaldırılması, yəni parlament səlahiyyətlərinin artırılması, icra strukturunun səlahiyyətlərinin məhdudlaşdırılması və məhkəmələrə gerçək müstəqilliyin verilməsi olub. 26 sentyabr referendumuna çıxarılan dəyişikliklər isə nəinki həmin tövsiyyələrinə və AŞPA-nin dəfələrlə səsləndirdiyi tələblərin mahiyyətinə uyğun gəlir, əksinə, Konstitusiya daha mürtəce xarakter alır və qanunvericilik repressivləşir. Eyni zamanda, Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərə də kölgə düşür. Çünki Avropa İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Avropa Konvensiyasının tərəfiyik və sənəddə təsdiqlənən konkret hüquqlar var. Həm də Konstitusiyanın 155-ci maddəsi vətəndaş hüquq və azadlıqlarıyla bağlı dəyişiklikləri qadağan edir. Məsələn, heç bir ciddi zəmin olmadan vətəndaşın mülkiyyət toxunulmazlığı tapdanır, yaxud vətəndaşlıq hüququndan məhrum edilməsi üçün konstitusion əsas yaradılır. Bütün bunlar çox ciddi narazılıq doğurur. Elə hakimiyyət də bunları bildiyindən referendumun təşviqat və təbliğat mərhələsini yay aylarına saldı. Bu dövrdə beynəlxalq təşkilatlardan rəy almaq imkanları da məhdud olur”.
G.Hacıbəyli hökumətin təklifləri beynəlxalq təşkilatlara təqdim etməməsini belə dəyərləndirdi: “Bu yöndə Azərbaycana cəzaların verilməsinin hüquqi mexanizmi yoxdur, amma bu, siyasi baxımdan ölkənin imicinə çox böyük zərbə vuracaq. Çünki 26 sentyabr refendumu faktiki olaraq demokratiyadan, respublika üsul-idarəsindən imtina deməkdir. Bundan əlavə insan və vətəndaşlıq hüquqları sahəsində çox ciddi geriləmə olduğundan reaksiya analoji olacaq”.
Siyasi şərhçi Hikmət Hacızadə isə hesab edir ki, rəsmi Bakının Konstitusiya Aktı layihəsini Venesiya Komissiyası və ODIHR-ə təqdim etməməsi ölkənin nüfuzuna böyük zərbə olacaq və Qarabağ məsələsində Azərbaycanın maraqlarının əleyhinə işləyəcək: “Ermənilər beynəlxalq təşkilatlarda və danışıqlar prosesində bəyan edəcəklər ki, Azərbaycanda anti-demokratik referendum keçirməklə Konstitusiyanı daha da mürtəceləşdiriblər. Ona görə Azərbaycanın daxilində yaşamaq istəmirik. Məsələ ondadır ki, rəsmi Bakı bu cür dəyişiklikləri beynəlxalq təşkilatlara təqdim etməyi öhdəlik kimi üzərinə götürüb. Əgər Azərbaycan öhdəliyi yerinə yetirmirsə, deməli, vicdanlı üzv hesab olunmur. Bu cür pozuntular Azərbaycanın nüfuzuna böyük zərbədir və adları çəkilən təşkilatlar da dövlətə mənfi münasibəti gücləndirəcək”.
Azərbaycan prezidneti İlham Əliyev iyulun 18-də Konstitusiya Aktı layihəsini Konstitusiya Məhkəməsinə təqdim edib. Bir həftə sonra məhkəmə layihəyə müsbət rəy verib.
Layihədə bir çox dəyişikliklər nəzərdə tutulur, bu sıraya prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması, birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentə Milli Məclisi buraxmaq, yeni seçkilərin vaxtını elan etmək və digər səlahiyyətlər daxildir.
Referendum sentyabrın 26-da keçiriləcək.