”Toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqlar üçün fəaliyyət məkanı daraldılıb”
ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların durumuna dair illik hesabatını açıqlayıb. “contact.az” yazır ki, hesabatın Azərbaycanla bağlı hissəsində konstitusiya ilə vətəndaşlara dini inanclarını ifadə etmək hüququnun verildiyi, lakin hökumətin xüsusilə də, qeyri-ənənəvi hesab etdiyi dini qrupların üzvlərinin din azadlığını məhdudlaşdırdığı deyilir.
“Rəsmilər toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqları məhdudlaşdırıb və dini qruplar da daxil olmaqla, vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını daraldıb”, – sənəddə qeyd olunur.
Hesabatda deyilir ki, etibarlı rəqəmlər olmasa da, bəzi yerli müşahidəçilərin siyasi məhbus hesab etdiyi dini fəalların sayı 2014-cü ildə 52, hazırda 46-dır. Rəsmilərin azlıqda olan “Yehovanın Şahidləri” və “Sələfilər” dini qruplarının üzvləri və din xadimi Fətullah Gülənin davamçıları olmaqda şübhəli bilinən şəxslərin toplaşdığı yerlərdə reydlər keçirdiyi deyilir.
ABŞ Dövlət Departamentinin hesabatında bildirilir ki, noyabr ayında Daxili İşlər Nazirliyinin (DİN) polis qüvvələri Nardaran kəndinə daxil olaraq ekstremizm ittihamları ilə müstəqil “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə də daxil olmaqla, 14 nəfəri həbs edib. ”Növbəti dörd gün ərzində DİN-in polis qüvvələri kəndə quru yolu ilə gediş-gəlişə məhdudiyyətlər qoyub və evbəev axtarış aparıb. Mediada verilən xəbərlərə əsasən, DİN təxminən 38 nəfəri saxlayıb, onların çoxu sonradan ittiham irəli sürülmədən azad edilib. Hökumətin verdiyi bəyanata əsasən bu tədbirlər “Müsəlman Birliyi” Hərəkatı tərəfindən milli təhlükəsizliyə, hədələrə cavab olaraq görülüb. Bununla belə, bəzi demokratiya və insan hüquqları fəalları ittihamların saxta olduğunu bildirib”, – hesabatda qeyd edilir.
Hesabatda bəzi dini qrupların qeydiyyatdan keçməsi ilə bağlı problemlərin olduğu, hökumətin dini ədəbiyyatın ölkəyə gətirilməsi, paylanması və satışı ilə bağlı məhdudiyyətlər tətbiq etdiyi, dini dözümlülüyün dəstəklənməsi məqsədilə seminarlar keçirdiyi göstərilir.
Birləşmiş Ştatlar hökuməti 2015-ci ilin iyul ayına olan məlumata əsasən, Azərbaycan əhalisinin 9.8 mln nəfər olduğunu bildirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil edir. Bunların 65 faizi şiə, 31 faizi isə sünni müsəlmanlardır. Ölkə əhalisinin dörd faizini rus və gürcü pravoslav kilsəsi və erməni apostol kilsəsinin üzvləri, molokanlar, xristianlar, yəhudilər və bəhailər təşkil edir.