Dövlət Departament seçkilər haqda açıqlama yaydı, Əli Həsənov cavab verdi

Azərbaycan müstəqil, dinamik inkişaf edən dövlətdir, heç vaxt öz siyasətini kimlərinsə istəyinə uyğun qurmur və bundan sonrakı dövrdə də hər hansı qüvvənin ona öz iradəsini qəbul etdirmək cəhdlərini yolverilməz hesab edəcək

Source:


Azərbaycan müstəqil, dinamik inkişaf edən dövlətdir, heç vaxt öz siyasətini kimlərinsə istəyinə uyğun qurmur və bundan sonrakı dövrdə də hər hansı qüvvənin ona öz iradəsini qəbul etdirmək cəhdlərini yolverilməz hesab edəcək

ABŞ Dövlət Departamenti noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərində beynəlxalq müşahidəçilər yetərincə olmadığından seçkilərin yekunlarını dəyərləndirməyə çətinlik çəkib.

“Turan İA”-ın müxbiri məlumat verib.

Dövlət Departamentinin mətbuat üçün bəyanatında deyilir ki, təəssüf ki, Azərbaycan hökuməti ATƏT DTİHB-nin seçkilərə kifayət qədər müşahidəçi göndərməsinə imkan verməyib ki, bu da təşkilatın monitorinq keçirməsinə imkan yaratmayıb.

“ATƏT DTİHB-nin iştirakı olmadan biz Azərbaycanın DTİHB-nin əvvəlki seçkilərdə irəli sürdüyü tövsiyələrə uyğun olaraq irəliləyiş əldə edib-etmədiyini söyləyə bilmərik. Bu tövsiyələr fundamental azadlıqlara aid olub”, – Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Elizabet Tryudo bildirib.

Bundan öncə ATƏT DTİHB bildirib ki, Bakının məhdudiyyətləri etimad doğuracaq monitorinqin keçirilməsini imkansız edir. Lakin Bakıda hakimiyyət bunu ATƏT DTİHB-nin öz mandatını pozması kimi qiymətləndirib.

ABŞ-ın ATƏT-in Daimi Şurasındakı səfiri Daniel Baer bildirib ki, Azərbaycan DTİHB-yə maneçilik törətməklə səhvə yol verir.

“Mən başa düşürəm ki, Bakı DTİHB ilə xüsusi münasibətlər qurmaq istərdi, lakin bütün iştirakçı ölkələr bilməlidirlər ki, obyektiv qiymətləndirmə metodologiyası “xüsusi münasibətlər” imkanlarını istisna edir”, – o qeyd edib.

Öz növbəsində Dövlət Departamenti bazar ertəsi bəyan edib ki, “əvvəlkitək Azərbaycanda siyasi atmosferin məhdudlaşdırılmasından narahatdır və Bakını beynəlxalq öhdəliklərin tərkib hissəsi kimi dinc toplaşma, birləşmə, müstəqil səslər, media azadlığına hörmətlə yanaşmağa və DTİHB ilə əməkdaşlıq etməyə çağırır.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərə dair münasibətini AzərTAC-a şərh edib.

Ə.Həsənov bildirib ki, Milli Məclisə seçkilər demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilib və Azərbaycan xalqının iradəsini əks etdirib. Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bütün dünyanı əhatə edən 30-dan artıq müşahidə missiyası seçkilərə yüksək qiymət verib. Həmçinin Avropa İttifaqı Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf, əhatəli şəkildə keçirildiyini və yeni parlamentlə əməkdaşlığa hazır olduğunu bəyan edib. Bütün bunları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, Milli Məclisə seçkilərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) tərəfindən müşahidə edilməməsi seçkilərin legitimliyinə kölgə sala bilməz.

Azərbaycan hökuməti müşahidə üçün ATƏT DTİHB-yə müraciət ünvanlayıb və dəfələrlə missiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparmağa açıq olduğunu bildirib. Təəssüf ki, ATƏT DTİHB bu təşəbbüsü layiqincə qiymətləndirməyib və birtərəfli qaydada Azərbaycana missiya göndərməkdən imtina edib. Hesab edirik ki, bu, dövlətlərarası kollegial qurum olan ATƏT-in nizamnaməsinə və prinsiplərinə uyğun gəlməyən, siyasiləşmiş qərardır. DTİHB bu addımla seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atıb.

Azərbaycan hökuməti ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərinə uyğun olaraq üzərinə düşən bütün vəzifələri yerinə yetirir və qarşıdan gələn dövrdə də üzv olduğu təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Bununla yanaşı, Azərbaycan müstəqil, dinamik inkişaf edən dövlətdir, heç vaxt öz siyasətini kimlərinsə istəyinə uyğun qurmur və bundan sonrakı dövrdə də hər hansı qüvvənin ona öz iradəsini qəbul etdirmək cəhdlərini yolverilməz hesab edəcək.

Ana səhifəXəbərlərDövlət Departament seçkilər haqda açıqlama yaydı, Əli Həsənov cavab verdi