Mənbə: Meydan.TV

“Dövlət bizi küçəyə atmaqdansa, polisə avtomat verib öldürtsün”

“Dövlət bizi küçəyə atmaqdansa, polisə avtomat verib öldürtsün”

Keçmiş kondisioner zavodunun işçiləri iyulun 6-da magistral yolu bağlayıb. Onlar Xətai rayonunda yerləşən işçi yataqxanasında ötən əsrin sonlarında yerləşdirilib, ev növbəsinə dayanıblar. Lakin daha sonra zavod bağlanıb, işçilər də yataqxana otaqlarının daimi sakininə çevriliblər. İndi isə bu uçuq-sökük binadan da çıxma vaxtı yetişib.

“Bizi çox incidirlər. İcra Hakimiyyətinin işçiləri gəlib deyir, 30000 manat veririk, çıxın buradan. 30 000 manata verim buranı, mən sonra harada qalım? 2 uşağım var. Köməklik eləyin, yazığıq biz”- yataqxana sakini Ağasəlim Aslanov deyir.

“Bu yataqxananın sakinləri çarəsizdirlər. Əgər çarəmiz olsa, biz də gedib özümüzə şərait qurarıq, bu qədər əzab çəkmərik yollarda. Mən həftədə 1 kq pomidor, meyvə ala bilmirəm evi necə alım? Dövlətə 1 manat borclu qalanda bütün qurumlar üstümüzə gəlir – “borclusunuz”! Bəs biz nə edək? Hara gedək, kimə deyək? Axı biz Azərbaycan dövlətinin vətəndaşıyıq...”- işçi yataqxanasının sakini Nanə Hacıyeva gileylənir.

Əraziyə gələn Xətai rayon icra başçısının müavini Etibar Əhmədov sakinlərə onların yaşayış yeri ilə bağlı verilən qərarı oxuyur:

“Bakı şəhərinin Səbail, Suraxanı, Sabunçu, Binəqədi Xətai rayonları ərazisində yerləşən 16 binaya dair: Bu binalar üzrə sahəsi 30 kvadrat metr və daha az olan 444 mənzildə yaşayan ailələrin hər birinə 30 000 manat olmaqla, cəmi 13 milyon 320 min manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi göstərilir”.

Prezidentin köməkçisi Əli Həsənovun Bakı şəhər İcra Hakiliyyəti başçısı Eldar Əzizova ünvanlandığı məktubda sakinlərə 30 000 min manat kompensasiya verilməsi nəzərdə tutulduğu deyilir.

“30 000 manata maşın qarajı da almaq olmaz. Ev yoxdur bu qiymətə. Bu o deməkdir ki, 146 nəfər ailə küçədə qalırıq,”- yataqxana sakini Ramilə Quliyeva deyir.

“Bizi küçəyə atmaqdansa, 2-3 polisinə avtomat versin, bizi öldürsün! Ölmüşük biz. “Səsinizi çıxarmayın, səs salmayın...” Bəs nə edək? Gizli qalsın hər şey? Axı biz yaşamaq istəyirik...”- işçi yataqxanasının sakini Nanə Hacıyeva söyləyir.

Kondisioner zavodunun işçiləri qəzalı vəziyyətdə olan binada rahat deyillər. Onlar uçulub tökülən daşlar altında təhlükədə yaşayırlar. Lakin indi istədikləri kompensasiya verilənədək bu binadan çıxmamaq uğrunda mübarizə aparırlar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6t8msg

Ən çox baxılan