R.Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs edilib
Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
“Report”un məlumatına görə, proses hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilir.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.
İ.İsfəndiyarov və A.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.
R.Məmmədov isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələi ilə ittiham olunur.