Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən elan edilən tender müsabiqəsinin qalibi “Crystal İnşaat” Açıq Səhmdar Cəmiyyəti olub. Şirkət qurumun Mərkəzi Aparatının inzibati binasında fasad örtüyünün yenilənməsi işlərini həyata keçirəcək və bunun müqabilində 2 milyon 485 min manat alacaq.
Tender nəticələri Dövlət Satınalmalarının Vahid İnternet Portalında dərc olunub. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, 2018-ci ildə yaradılan “Crystal İnşaat” ASC-nin nizamnamə kapitalı cəmi 4 min manat təşkil edir. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11B/2-dir. Şirkətin qanuni təmsilçisi Məmmədov Elgün Qafil oğlu kimi qeyd olunub.
Lakin istər mətbuatda yazılan məlumatlara, istərsə rəsmi mənbələrə əsasən “Crystal İnşaat” ASC-nin də tərkibində olduğu holdinq — “Crystal Group of Companies” ASC deputat Ağalar Vəliyevə və onun ailə üzvlərinə məxsusdur.
Araşdırmalara görə, bu nəhəng qrup deputat Ağalar Vəliyev və onun ailəsi tərəfindən idarə olunur. Vəliyev eyni zamanda Milli Məclisin üzvü və “Azəraqrartikinti” ASC-nin Müşahidə Şurasının sədridir. Qrupun əsas idarəedici fiqurlarından biri isə onun oğlu — Pərviz Vəliyev və qardaşı oğlu Ramin Vəliyevdir.
O, həmçinin Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə prezident İlham Əliyev tərəfindən “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş, 2012-ci ildə isə “Şöhrət” ordeni ilə, 2017-ci ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Pərviz Vəliyev 2024-cü ilin fevral ayından “Crystal İnşaat” ASC-nin Müşahidə Şurasının sədridir. O, həmçinin “Crystal Beton” MMC və digər “törəmə” şirkətlərin də rəhbəridir. Pərviz Vəliyev və onun əmisi oğlunun birlikdə həm təsisçisi, həm də qanuni təmsilçisi olduğu şirkətlər aşağıdakılardır:
“CRYSTAL İNŞAAT” ASC – VÖEN: 1603491051
“CRYSTAL NƏQLİYYAT” QSC – VÖEN: 1301194531
“CRYSTAL BETON” QSC – VÖEN: 1301311521
“CRYSTAL PEN” QSC – VÖEN: 1302329631
“CRYSTAL ŞİRKƏTLƏR QRUPU” MMC – VÖEN: 1504028811
“CRYSTAL MEBEL İNTERYER” MMC – VÖEN: 1308247551
“CRYSTAL QUM-ÇINQIL” QSC – VÖEN: 1504318521
“CRYSTAL REGİON” ASC – VÖEN: 3105550411
“CRYSTAL GROUP OF COMPANİES” ASC – VÖEN: 3102906891
“CRYSTAL PROFIL” MMC – VÖEN: 1008429651
“KRİSTAL BAKI İNŞAAT” QSC – VÖEN: 1505313421
“KRİSTAL BAKI” ASC – VÖEN: 3103396091
“KRİSTAL ABŞERON” MTK – VÖEN: 3100608381
“AZİTAL İNŞAAT” MMC – VÖEN: 1302594151
Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsi aydın şəkildə bildirir:
“Deputatlar ödənişli fəaliyyətlə, o cümlədən sahibkarlıqla məşğul ola bilməzlər.”
Bundan əlavə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz ailə üzvünə, qohumuna yönəltməsi maraqların toqquşmasına səbəb olur.
Bu norma korrupsiya risklərinin qarşısını almağa və dövlət vəzifəsi daşıyan şəxslərin öz mövqeyindən şəxsi maraqlar üçün istifadə etməməsinə yönəlib. Lakin tender qalibi olan şirkətin deputatın ailəsinə bağlı olması bu tələbin faktiki pozulmasıdır.
Bundan əvvəl də Ağalar Vəliyev ailəsinin şirkətləri dövlət layihələrindən milyonlarla manatlıq müqavilələr qazanıb. Lakin bu tenderlərin şəffaflığı və hesabatlılığı ilə əlaqədar hər hansı bir ictimaiyyətə açıq materiallar dərc olunmayıb.
Jurnalistlərin “millət vəkilləri özəl sahibkarlıqla məşğul ola bilməz” replikasına cavab verən Ağalar Vəliyev deyib:
“Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur. Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”.
Bundan əlavə, deputatın oğlunun Gürcüstanda, Ukraynada, Türkiyədə restoran, yaşayış kompleksləri və tikinti biznesləri, həmçinin mülkləri də mövcuddur.
Meydan TV də illlər öncə deputat Ağalar Vəliyevin ”qanuni biznes”i haqqında geniş və detallı araşdırma materialı dərc etmişdi.