Dövlət büdcəsi xərclərinin 11,2 milyardı hansı sosial hədəflərə yönələcək?

Foto: Smile Studio AP\shutterstock

2026-cı ilin dövlət büdcəsi xərclərinin təqribən 27 faizi hədəfyönümlü proqramlara uyğun olaraq xərclənəcək. Dövlət maliyyəsinin idarə edilməsinin əsas prioritet istiqamətlərini müəyyən edən orta müddətli xərc çərçivəsində (OMXÇ) 4 sektor üzrə 32 proqramın icrası nəzərdə tutulur.

Bu sektorlar “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi”, eləcə də islahatlara yeni cəlb olunmuş “Sosial müdafiə və sosial təminat” sahələridir.

Gələn il büdcədən 11 milyard 237 milyon manat məhz bu sektorlar üzrə hədəfyönümlü proqramların maliyyələşdirilməsinə ayrılacaq.

Maliyyə Nazirliyinin “2026-2029-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi” sənədinə əsasən, büdcə xərclərinin proqram təsnifatında “Təhsil” sektoru üzrə 10 proqramın həyata keçirilməsi üçün 5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Buraya məktəbəqədər təhsil, ümumi və ali təhsil, peşə və orta ixtisas təhsili, eləcə də idarəetmə, tədqiqat və rəqəmsallaşdırma daxildir. Qarşıya qoyulan əsas hədəf insan kapitalını inkişaf etdirmək və təhsilin keyfiyyətini artırmaqdır.

 Bu proqramlar çərçivəsində “Məktəbəqədər təhsil” proqramına 505,7 milyon manat, “Ümumi təhsil” proqramına 2,98 milyard manat, “Peşə təhsili”nə 107,6 milyon manat, “Orta ixtisas təhsili”nə 122,5 milyon manat, “Ali təhsil” proqramlarına 784,09 milyon manat ayrılması planlaşdırılır.

Bundan əlavə, təhsil sistemində idarəetmə mexanizminin təkmilləşdirilməsi və maddi-texniki təminata 367,9 milyon manat, “İnsan kapitalının inkişafı və kadrların peşəkar fəaliyyətinin stimullaşdırılması” proqramına 60,8 milyon manat, təhsil sahəsində tətbiqi tədqiqatlara isə 7,79 milyon manat ayrılması nəzərdə tutulub. “Xarici ölkələrin nüfuzlu universitetlərində Azərbaycanşünaslığın təşviqi” proqramına dövlət büdcəsindən 1,2 milyon manat ayrılacaq. Qeyd edək ki, 2025-ci il üçün bu istiqamətdə xərc 1,3 milyon manat təşkil edib və indiyədək nə kimi təşviqlərdən söhbət getdiyi ictimaiyyətə açıqlanmayıb.

Təhsil sisteminin rəqəmsallaşdırılmasına 74,8 milyon manat vəsait nəzərdə tutulur.

“Sosial müdafiə və sosial təminat” sektorunda 9 proqram üzrə 4 milyard 578,8 milyon manat ayrılması nəzərdə tutulur. Bu istiqamətdə ən böyük xərc müavinət və ödənişlərə (kompensasiyalara) yönəldiləcək -1 milyard 310 milyon manat.
Prezident təqaüdlərinin verilməsinə 831,3 milyon manat, ünvanlı dövlət sosial yardımlara 467,3 milyon manat, məşğulluq tədbirlərinin həyata keçirilməsinə isə 141,6 milyon manat ayrılacaq. Dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə 1,7 milyard manat nəzərdə tutulub.

“Kənd təsərrüfatı” sektorunda 8 proqram üzrə 1 milyard 226,5 milyon manat,
“Ətraf mühitin mühafizəsi” sektorunda isə 5 proqram üzrə 415,8 milyon manat vəsait ayrılması planlaşdırılır.

“Ətraf mühitin mühafizəsi” sektoruna ayrılacaq vəsaitin böyük hissəsi – 357,4 milyon manat – “Ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi” proqramına yönəldiləcək. “Meşələrin bərpası” proqramına isə 21,2 milyon manat ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, «Büdcə sistemi haqqında” Qanuna edilmiş dəyişikliklə 2019-cu ildən Azərbaycan dövlət büdcəsinin funksional xərclərinin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydası tətbiq edilir.

Böyük Qayıdışa dair I Dövlət Proqramına 17,6 milyard, Sosial-iqtisadi inkişaf Strategiyasına isə 24,6 milyard xərclənib

Maliyyə Nazirliyinin “2026-2029-cu illər üzrə Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ)” hesabatında qeyd olunur ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsasında Milli Xərc Prioritetləri müəyyənləşdirilir. Həmin Milli Xərc Prioritetləri “Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında tərtib olunur.

Maliyyə Nazirliyinin sənədinə əsasən, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına 2024-cü ilədək 24,6 milyard manat xərclənib. 2025-ci ildə bu strategiyanın icrası üçün 6,3 milyard manat, 2026-cı ildə isə 4,6 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

“İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına isə 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat xərclənib. 2025-ci ildə bu məqsədlə 4,3 milyard manat vəsaitin ayrılması planlaşdırılır.

Ekspertlərin fikrincə, artıq beş ildir ki, büdcənin nəticəyönümlü hədəfləri müəyyənləşdirilir, ona uyğun proqramlar tərtib olunur və böyük məbləğlər ayrılır. Lakin proqramların icrasının effektivliyi və hesabatlılığı zəifdir. Dövlət büdcəsinin icrasına dair sənədlərdə isə son beş ildə qarşıya qoyulan hədəflərin nəticələrinə dair səhih və dolğun tədqiqatlar təqdim etmir.

Ana səhifəXəbərlərDövlət büdcəsi xərclərinin 11,2 milyardı hansı sosial hədəflərə yönələcək?