Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən cəbhəçilərin məhkəməsi keçirilib

Zaur Əsgərov və Gündüz Mirzəyev. Foto: Şəxsi Facebook səhifələri

Zaur Əsgərov ittihamlarla razılaşmayıb, Gündüz Mirzəyev isə ittihamı qəbul edib

Bu gün, mayın 15-də dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları – Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesə hakim Azər Tağıyev sədrlik edib.

Proses zamanı dövlət ittihamçısı Rauf Malışov ittiham mətnini səsləndirib. Sənədə əsasən, təqsirləndirilən şəxslər – Əsgərov və Mirzəyev – Nizami rayonunda yerləşən 8-ci kilometr bazarında tanış olublar və daha sonra sosial şəbəkələrdə bir sıra siyasi yönümlü qruplarda birgə fəaliyyət göstəriblər.

İttiham mətninə əsasən, onlar hazırda azadlıqdan məhrum edilən Elşən Kərimov və digər şəxslərlə birlikdə “Azərbaycan Naminə Birlik” və “AXCP dostluq” adlı “WhatsApp” qruplarında dövlət əleyhinə çağırışlar ediblər, hakimiyyət dəyişikliyi ilə bağlı müzakirələr aparıblar və bu məqsədlə paylaşımlar ediblər.

İttihamda, həmçinin onların hüquq-mühafizə orqanlarına qarşı təhqiramiz ifadələr işlətmələri də qeyd olunub.

Zaur Əsgərov ittihamlarla razılaşmayaraq özünü günahkar saymadığını bildirib. Emosional anlarda səsləndirdiyi bəzi ifadələrə görə üzrxahlıq edib.

Gündüz Mirzəyev isə üzərinə qoyulan ittihamı qəbul etdiyini, peşman olduğunu və bu cür addımı çətin sosial vəziyyəti səbəbilə atdığını qeyd edib.

Şahid qismində ifadə verən Elşən Kərimov Rusiya vətəndaşı olduğunu, hazırda heç bir partiyaya üzv olmadığını deyib və təqsirləndirilən şəxsləri yalnız “Azərbaycan Naminə Birlik” qrupundan tanıdığını bildirib.

Növbəti məhkəmə prosesi mayın 22-nə təyin edilib.

Cəbhəçilər 2025-ci il martın 7-də saxlanılıbıar.

Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham verilib.

Bu maddədə 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Martın 29-da AXCP Gündüz Mirzəyevin partiya üzvlüyündən çıxarıldığını açıqlayıb və partiyadan bildirilib ki, Binəqədi rayon şöbəsinin Məclisi bu haqda qərar qəbul edib. Səbəb olaraq Gündüz Mirzəyevin partiyanın nizamnamə və məramını pozması göstərilib:

“Təbii ki, Gündüz bəyin qanuni hüquqları bütün vətəndaşlarımız kimi müdafiə olunacaq. Amma partiya nizamnaməsini və məramını ciddi şəkildə pozan kimsə partiya sıralarında qala bilməz. Bizim yolumuz demokratiya, hüquqi dövlət qurmaq yolu, mübarizəmiz də konstitusiondur, sivildir. Partiyada zorakı çağırışlar heç bir şəkildə qəbul edilmir”- partiyadan verilən məlumatda belə deyilirdi.

AXCP-nin hazırda 20-yə yaxın üzvü həbsdədir.

Onlar özlərini təqsirli bilmir, siyasi baxışlarına görə sifarişlə həbs olunduqlarını deyirlər.

Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını, həbs edilənlərin konkret faktlara görə saxlandığını bildirirlər.

Ana səhifəSiyasətDövlət əleyhinə çağırışlarda təqsirləndirilən cəbhəçilərin məhkəməsi keçirilib