Dövlət əleyhinə çağırışda ittiham olunan cəbhəçilərin istintaqı yekunlaşıb

Zaur Əsgərov və Gündüz Mirzəyev. Foto: Şəxsi Facebook səhifələri

İstintaq yekunlaşsa da, onlar ev dustaqlığına buraxılmayıblar

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir ay öncə həbs edilən iki fəalı – Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevlə bağlı istintaq yekunlaşıb. Dövlət əleyhinə çağırışlarda ittiham olunan bu şəxslərin işi yaxın günlərdə məhkəməyə göndəriləcək.

Bu barədə məlumat verən Zaur Əsgərovun vəkili Nemət Kərimli bildirib ki, artıq istintaqın başa çatdığını nəzərə alaraq, hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib:

“Artıq istintaq bitib, şahidlərə təsir göstərməsi ehtimalı ilə bağlı göstərilən əsas da aradan qalxıb. Zaur Əsgərovu həbsdə saxlamaq üçün heç bir əsas yoxdur”.

Vəsatətə aprelin 10-da Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə vəsatəti təmin etməyib və Zaur Əsgərov ev dustaqlığına buraxılmayıb.

Vəkili onun dövlət əleyhinə çağırışlar ittihamını qəbul etmədiyini bildirib.

Bu iş üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Martın 7-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları – Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyev dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək saxlanılıblar.

Onlar Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) üzrə ittiham olunublar. Bu maddə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Martın 29-da AXCP Gündüz Mirzəyevin partiya üzvlüyündən çıxarıldığını açıqlayıb və partiyadan bildirilib ki, Binəqədi rayon şöbəsinin Məclisi bu haqda qərar qəbul edib. İddia olunur ki, səbəb Gündüz Mirzəyevin partiyanın nizamnamə və məramını pozmasıdır:

“Təbii ki, Gündüz bəyin qanuni hüquqları bütün vətəndaşlarımız kimi müdafiə olunacaq. Amma partiya nizamnaməsini və məramını ciddi şəkildə pozan kimsə partiya sıralarında qala bilməz. Bizim yolumuz demokratiya, hüquqi dövlət qurmaq yolu, mübarizəmiz də konstitusiondur, sivildir. Partiyada zorakı çağırışlar heç bir şəkildə qəbul edilmir”- partiyadan verilən məlumatda belə deyilirdi.

AXCP-dən verilən məlumata görə, hazırda partiyanın 15-ə yaxın üzvü həbsdədir. Onlar ittihamları rədd edir və siyasi baxışlarına görə sifarişlə həbs olunduqlarını bildirirlər.

Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bildirirlər.

Ana səhifəSiyasətDövlət əleyhinə çağırışda ittiham olunan cəbhəçilərin istintaqı yekunlaşıb