”Dostluq parkı”nı satmaqda günahlandırılan şəxs məhkəmə zalında həbs edildi

Vəkil istintaqın təzələnməsini istəyib

Source:
Dostluq parki
Dostluq parki
Dostluq parki
Dostluq parki


Vəkil istintaqın təzələnməsini istəyib

Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən “Dostluq parkı” ərazisindəki torpaq sahələrinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə ittiham olunanların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxs Tərlan Hüseynovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib. Vəkil çıxışında məhkəmə istintaqının təzələnməsini istəyib. O, bildirib ki, “Dostluq parkı” deyilən ərazinin Dövlət Torpaq Fonduna aid olub-olmamasını sübut etmək üçün ekspertiza təyin olunmalı idi. Ancaq istintaqda belə bir ekspertiza olmayıb:”Bu adamlara verilən ittihamlardan biri də budur ki, onlar sənədləri, imzaları saxtalaşdırmaqla təqsirləndirilirlər. Lakin imzaları saxtalaşdırıldığı deyilən Tamilla Abıyeva və Qurban Abbasov əsas şahid olsalar da, məhkəmədə dindirilmədilər. İstintaq materiallarına görə, həmin ərazidə torpaqların satışına 2003-2004-cü illərdən başlanılıb, villalar tikilib. Necə ola bilər ki, bütün bunlar Bakı Şəhər İcra Hakimiyyətinin nəzərindən kənarda qalıb. Əslində isə bir sıra hallarda məsələlər icra hakimiyyəti ilə razılaşdırılıb. Ancaq icra hakimiyyətinin səlahiyyətli şəxsləri nə istintaqda, nə də məhkəmədə dindirilib. Orada o qədər villaların tikilməsinə necə göz yumulub? Məhkəmə istintaqı təzələnməli və bütün bu məqamlara aydınlıq gətirilməlidir”.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

Bundan sonra hakim təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı etməsini istəyib. Lakin İlhamə Hüseynova müvəkkili Tərlan Hüseynovun ondan imtina etdiyini deyib və çıxış etmək istəməyib. Bundan sonra məhkəmədə fasilə elan edilib. Fasilədən sonra ev dustaqlığında olan Tərlan Hüseynovun məhkəmə zalında həbs edilməsi ilə bağlı qərar elan edilib və o ,zalda həbs edilib.

Məhkəmə prosesi sentyabrın 19-da davam etdiriləcək.

7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi olmuş Famil Quliyev məhkəmədə verdiyi ifadəsində özünü günahkar bilmədiyini və həbsinin səbəbinin ona aydın olmadığını bildirib. O, qeyd edib ki, yeganə günahı Səbail rayonunun icra başçısının müavini Yavər Allahverdiyevin göstərişinə əməl etməsi olub: “Saxta möhürdən, ştampdan xəbərim yoxdur. Mənə Yavər müəllim zəng edib yaxın adamlardan bir neçəsinin şəxsiyyət vəsiqəsinin surətini ona çatdırmağımı istədi. Mən də işimi itirməmək üçün deyiləni etdim. Mən torpaqların ayrılması ilə məşğul olmamışam. Həmin ərazilərin Dövlət Torpaq Fonduna aid olduğunu da bilmirəm. Bu işdə heç kimlə əlbir olmamışam. Yeganə günahım şəxsiyyət vəsiqələrinin surətini vermək olub. Bilmirəm ki, məni niyə həbs ediblər”.

“Dostluq parkı”nda qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev 2015-ci ildə keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Şəxsən H.Abutalıbovun rəhbərliyi ilə başlayan söküntü işlərindən sonra həmin torpaq sahələrinin qanunsuz olaraq satılması ilə bağlı cinayət işi açılıb.

İlk olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları əmlak alqı-satqısı ilə məşğul olmuş 1972-ci il təvəllüdlü Tərlan Hüseynovu istintaqa cəlb ediblər. 2015-ci ilin iyun ayından T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılmışdı. Xətai Rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarılmışdı. Daha sonra o, ev dustaqlığına buraxılıb.

Ana səhifəXəbərlər”Dostluq parkı”nı satmaqda günahlandırılan şəxs məhkəmə zalında həbs edildi