Rəşad Ergün
Biz futbolda başladığımız yerə dönmüşük
Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının final mərhələsinə – 1/4 finala yüksəlib. Həm də, qrup birincisi kimi. Özü də, qrupda Portuqaliya, Niderland, Belçika kimi Avropanın “nəhənglər”ini geridə qoyaraq.
Dost və qonşu gürcü xalqını bu böyük uğur münasibəti ilə təbrik edib, sonra… Yox, yox, “o “əjdaha”dan bizdə niyə yoxdur” sualını verməyəcəm. Bizimki suallardan da keçib, ritorikadan da. Biz bütöv bir futbolçu nəslini itirmişik. Hətta bir də yox, bir neçə futbolçu nəslini.
Pozitiv, özünü təsəlli etməyi sevən bəzi azərbaycanlı futbol adamları tez-tez deyirlər ki, “bizdən vaxtı ilə Ələkbər Məmmədov, İsgəndər Cavadov, Nazim Süleymanov, Vəli Qasımov kimi futbolçular çıxıbsa, deməli, yenə çıxa bilər”. Yaxşı təsəllidir. Amma yanlış təsəllidir. Gözəl, xoşniyyətli, pozitiv insanlar, Ələkbər Məmmədovu, Nazim Süleymanovu, Vəli Qasımovu ortaya çıxaran da, futbolçu edən də keçmiş sovet sistemi idi. Həm də, elə qonşu Gürcüstandan, Ermənistandan sovet vaxtı ortaya 15-20 yüksək səviyyəli futbolçu çıxanda, bizdən güc-bəla ilə 3-4 futbolçu çıxıb. Yalandırsa, deyin ki, yalandır.
Sistem çox vacibdir. İstənilən sahədə sistem, nizam-intizam, plan yoxdursa, sonluq, nəticə heçdir, böyük bir boşluq, 0-dır. Azərbaycan futboluna rəhbərlik edən təşkilatda – AFFA-da prezident Rövnəq Abdullayevdən tutmuş, bütün işçilərinə, əməkdaşlarına qədər, heç birinin ortaya sistemli iş, plan qoymağa potensialı çatmır. Ümumiyyətlə, bizim ölkədə futbol sanki məqsədli şəkildə seçilərək yığılmış adamlara, futbolu bilməyənlərə tapşırılıb. Bu adamlar 2008-ci ildən bəri ölkə futbolunu idarə edirlər. Ortada nə var? Bütün yaş qrupları üzrə milli komandaların sayı-hesabı bilinməyən məğlubiyyətləri, qoyun-quzunun otlağına çevrilən stadionlar, FİFA reytinqində 121-ci yer və sair və ilaxır. Bizim heç gürcülər, ermənilər kimi İtaliya, İspaniya çempionatlarında oynayan legioner futbolçularımız da yoxdur. Əslində, bizim futbol adına heç nəyimiz yoxdur. “Qarabağ”? O da bir nəfərin, baş məşqçi Qurban Qurbanovun şəxsi keyfiyyətləri hesabına nəsə etməyə çalışan komandadır. Hə, ölkə futbolu adına ən yaxşı nümunə “Qarabağ”dır ki, orda da sistem yoxdur. Ağdam klubunun uşaq komandalarından ortaya çıxan, Avropa səviyyəli bir futbolçu varmı? Cavab: Xeyr.
Söhbət sistemdən, sistemsizlikdən düşəndə xatırlatmaqdan zövq aldığım bir şey var. İllər əvvəl Azərbaycanda polislər avtomobil sürücülərinin üstünə möhkəm düşmüşdü, təhlükəsizlik kəmərindən istifadə etməyənləri cərimə edirdilər. İllər əvvəl başqa bir şey də olmuşdu: yeraltı keçidlərdən istifadə etməyib, qaydaları pozan piyadalara polislər aman vermirdi, cərimə edirdilər. O vaxt məndə elə təəssürat yaranmışdı ki, bütün bu cəza və cərimə sistemi davam etdikcə avtomobil sürənlər də, piyadalar da dəyişəcək, qaydalara əməl olunacaq. Amma olmadı. Bir müddət sonra polis təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə də, keçidlərdən yararlanmayan, yol hərəkəri qaydalarını pozan piyadalara da əhəmiyyət verməməyə başladı. Və… Hər şey başladığı yerə döndü.
Biz futbolda da başladığımız yerə dönmüşük, 90-cı illərin əvvəllərinə. Ya da, bəlkə, heç vaxt nəyəsə başlamamışdıq da.