Dost. Kitab. Vicdan.

İnsanlığın inciləri

Source:

Amerikalı yazıçı Mark Tvenin məşhur sitatı bu gün üçün də aktualdır: “Yaxşı dostlar, yaxşı kitablar və rahat vicdan – bax, budur ideal həyat. Əsl dost sən haqlı olmayanda sənin yanında olandır, çünki haqlı olduqda istənilən şəxs sənin yanında olacaq”.

Ətrafınızdakı  bir çox insanın tez-tez “həyatda əsl dost yoxdur” ifadəsini eşitməmiş olmazsınız. Bu fikirdə olanlar barədə konret fikir yürütmək asan deyil. Çünki həmin ifadələri işlədənlərin əksəriyyətinin rahat vicdana malik olduğu şübhə doğurur. Həm də əgər statistika göstərirsə ki, ölkəmizdə kitab oxumanın səviyyəsi aşağıdır, o zaman Mark Tvenin sitatınındakı “ideal həyatın” elələri üçün mövcud olmasından danışmaq olduqca çətinləşir.

“Rahat vicdan” məsələsinə gəldikdə isə, bütövlükdə Azərbaycanda baş verən haqsızlıqların fonunda susanları görərkən, vicdanlı insanların defisitliyi çoxumuza daha aydın bəlli olur. Haqsız duruma düşərkən dost saydığınız birinin yanınızdan itməsindən yazmağa isə lüzum yoxdur. Səbəb isə məmləkətimizdə etibarsız şəxslərin çox olmasıdır.

Mənim şəxsən yaxşı dostlarım var amma ən yaxın dostum və ya dostlarım mövcud deyil, hansıki, bir çox şeyimi onunla ya da onlarla bölüşüm. Yaxşı kitablarım var və elə onlara ürəkdən bel bağlayıb, ən yaxın dostlarım hesab edirəm. Rahat vicdanımı isə məhz eqomla daim mübarizə apararaq, ümumi maraqlar naminə hədəflərimin miqyasını genişləndirməklə qazandığım vətəndaş mövqeyimi aşkar ortaya qoymaqla müəyyən etməyə çalışıram. Vicdanın rahat olmasının müəyyən olunması həm də insanın gecə yatağına uzanarkən gündəlik olaraq qarşılaşdığın haqsızlıqlara gücün çatdığı şəkildə susmağının, daim şikayət edib, tənbəllik əbasına bürünməyinin, əxlaqdan-namusdan danışıb, küçədəki qız-qadınlara sataşmağın, istənilən müəsisədə rüşvət alıb-verməyinin, əlində resurslar olduğu halda bilgilənib, faydalı olmamağını şəxsiyyətinə yaraşdırmayıb, islahata başlamamağınla mövcud ola bilər.

Mirzə Cəlil yazırdı ki, müsəlman ölkələrində ona görə inqilablar baş vermir ki, inqilabın əlifbasını təşkil edən kitablar müsəlman xalqlarının dillərinə çevrilməyib. Bizdə bir nömrəli olaraq təfəkkür inqilabına ehtiyac var. Düşüncələr pas atıb. Yenilik işartıları güclə sezilir. Ölkədə dəyişiklik istəyən klassik müxalifət kitab tərcümə edib, nəşr etmir. 2011-ci ildən ölkədə fəaliyyət göstərən gənc NİDA vətəndaş hərəkatı bu günə kimi 5 kitab tərcümə edib, nəşr ediblər.Hələ axırıncı nəşr etdiyi kitabı pulsuz paylayırdılar. Bax budur cəmiyyətə töhfə vermək. Amma bu çox azdır.

Politoloq Azər Rəşidoğlu da öz siyasi təhlilində ölkəmizdə müxalifət düşərgəsinin passivliyi və beynəlxalq nüfuzunun zəifləməsi barəsində bunları demişdi: “Qərb siyasi dairələrində Azərbaycan müxalifətinin müəyyən hissəsinin marginal, korrupsiyaya uğramış və sistemsiz olması barədə rəy formalaşıb.  Azərbaycan müxalifətinə demokratik cəmiyyət quruculuğu üçün ayrılmış dəstəyin səmərəsiz və təyinata uyğun olmayan istiqamətlərdə sərf olunduğunu öz təcrübəsindən bilir. 1993-cü ildən başlayaraq müxalifətə yaxın QHT-ə ayrılan qrantlardan artıq əsər əlamətin belə olmaması buna bir sübutdur.

Bu gün hakimiyyət QHT sektorunu tamamilə darmadağın edib, hüquq müdafiəçiləri repressiyalara məruz qalıb, lakin uzun illər boyunca milli-demokratik düşərgəyə yaxın QHT-ə heç də az olmayan məbləğ ayrılıb. Bu pullar bir sıra hallarda demokratiyanın inkişafına deyil, sədrlərin rifah halının yaxşılaşdırılmaısna yönəlib. Qonşu Gürcüstanda müxalifət liderləri alınan qrantları demokratiyanı öyrənməyə sərf edəndə, Azərbaycanda pulların mənimsənilməsi halları mövcud olub”.

Ona görə bir çox qrant yeyənlər vaxtı ilə Bakıda 4 evə məxsus olduğu halda, bir dənə siyasi, mədəni dəyişikliyə xidmət edən kitab tərcümə edib, nəşr etməmişdilər. Səriştəsizlikləri də nəticədə öz aqibətlərini pis elədi. Xalqa isə heç nə çatmadı.

İnsanlar anlamırlar ki, bir kitabın dilimizə tərcümə edilməsi cəmiyyətimiz, gələcəyimiz üçün nə qədər faydalıdır. Günel Mövluda açıq-aşkar lənət və ölüm diləyənlər onun ədəbi inkişafımız üçün xeyirli olacaq xarici romanları dilimizə tərcümə etməsindən xəbərsizdilər?! Və ya Xalid Hüseynin dünyaca məşhur bestselleri olan “Çərpələng uçuran” əsərini tərcümə vicdan məhbusu Xədicə İsmayılı vətən xaini adlandıranlar ədəbiyyatımız, mədəniyyətimiz üçün nələr ediblər axı? İnsanın kimsədən xoşu gəlməməsi təbii haldır amma gərək haqqpərəst olasan. Olanlara qiymət verməyi bacarasan.

Facebook vasitəsilə başlanan və ədəbi inkişafımıza faydalı olan bir hərəkatdan da bir neçə sətir yazmaq istəyirəm. Onlar virtual aləmdə kitab propaqandası ilə məşğuldular. Beləki, kitaba hədsiz sevgisi olan, asudə vaxtını mütaliə ilə dəyərləndirən insanların cəm olduğu “Kitabsevərlər” qrupu 2009-cu ildə yaranmış, bu günə kimi də fəaliyyətini uğurla davam etdirməkdədir. Qrup mütaliə sahəsində yalnız kitab oxumaqla kifayətlənməyib maarifləndirmə istiqamətində də bir sıra uğurlara imza atmışdır. Nəticələr: Nikolas Sparksın “Gündəlik” romanı (qrupun könüllü tərcüməçilərinin birgə işi), Harper Linin “Bülbülü öldürmək” (kiril əlifbasından latın qrafikalı əlifbaya keçərək yenidən nəşr), “Həyatın qanunu” (Qərb ədəbiyyatından yeni tərcümə hekayələr), “Şəhrizad” (Şərq ədəbiyyatından yeni tərcümə hekayələr) və  Dünya Uşaq Ədəbiyyatından Seçmə Hekayələr toplusu olan  “Gəlincik evi”  adlı kitablarını nəşr etdirmişlər.

Bu kitabların adını qeyd etməklə bir həqiqəti xüsusi vurğulamaq istəyirəm ki, bu görülmüş işlərdə qrupa heç bir təşkilat və orqandan maddi dəstək olmamışdır, bu insanlar nə etmişlərsə öz gücləri – maddi imkanları hesabına etmişlər. Könüllü olaraq bir təmənna ummadan bu yöndə daim əllərindən gələn işlərə qoşulub fədakarlıq göstərmişlər. Onlara yalnız stimul verən kitab sevgisi olmuşdur. Bunlardan başqa Kitabsevərlər qrupu kitab təbliği sahəsində digər yolları da sınayaraq uğurla həyata keçirir. Xeyli real görüşlər, kitab müzakirələri, kitabsevərlerin təbiət qoynunda gəzintiləri, virtual məkanda ( facebook sosial şəbəkəsindəki Kitabseverler qrupunda) oxuduqları kitablar haqqında təəssuratlarını paylaşmaq, virtual olaraq kitab müzakirələri, həvəsləndirici kitab hədiyyələri verilən intellektual müsabiqələr, kitablarla fotosessiyalar və s. Belə vətəndaşlarımızın olması məni çox sevindirir.

Bir çox hallarda internetdə dilimizə tərcümə olunmayan xarici əsərləri görəndə çox üzülürəm. Arzu edirəm ki, yetərincə pulum ola və həmin kitabları tərcümə edib, nəşr etməkdə vasitəçi olum. Unutmayaq və nəticə çıxaraq ki, bizi zülmətdən aydınlığa kitablar çıxara bilər!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəDost. Kitab. Vicdan.