Dördüncü prezidentliyə aparan yol

Hakimiyyətin ehtiyat namizədi get-gedə zəiflədilməkdədi

Source:


Hakimiyyətin ehtiyat namizədi get-gedə zəiflədilməkdədi

Parlament seçkiləri ilə bağlı gözləntilər başa çatdı. İndi hamını növbəti prezident seçkilərinin taleyi düşündürür. İlham Əliyevin dördüncü dəfə prezident seçkisinə qoşulub-qoşulmaması kadr dəyişikliyinin nəticəsindən asılı olacaq. Bir qədər öncəyə qədər çoxu düşünürdü ki, hakimiyyət eyni şəxsin dördüncü dəfə prezident olmasının nəticələrini düşünərək, yeni namizədini 2016-cı ilin əvvəllərindən elan edəcək. Lakin son qalmaqallı həbslərlə İlham Əliyev cəmiyyətə özünün namizəd olacağı mesajını verdi.

Xatırladaq ki, Azərbaycanda növbəti prezident seçkisi 2018-ci ildə olacaq. 2008-ci ildə ikinci dəfə prezident seçiləndən sonra İlham Əliyevi onun varisi əvəzləməli idi. Konstitusiya eyni şəxsin dalbadal üçüncü dəfə prezident seçkilərində iştirak etməsinə imkan vermirdi. Lakin 2009-cu ildə keçirilən referendumda ölkənin Konstitusiyası dəyişdirildi və İlham Əliyevin qarşısında maneə qalmadı.

Bu gün bir çox beynəlxalq təşkilatlar bu addımı demokratiyaya zidd hesab edərək, rəsmi Bakını kəskin tənqid edirlər. İlham Əliyev isə heç kəsə fikir vermədən 2018-ci ilə hazırlaşır.

Hakim elitadan dövlət başçısı postuna iddiaları olan namizədlərin fikri elə beşikdəcə boğulur. Eyni zamanda, prezident anlayır ki, eyni simaların 20 il ərzində nazir və digər yüksək postlar tutması cəmiyyətdə qıcıq doğurur. Odur ki, komandasını dəyişir.

Onu da vurğulamaq lazım gəlir ki, Azərbaycandakı seçkilərin taleyi yalnız Bakıda deyil, eyni zamanda dünyanın aparıcı ölkələrinin paytaxtlarında həll edilir. Özünün üç prezidentliyi dövründə İ.Əliyev Rusiya, ABŞ, İran arasında manevr etməklə mövcud siyasi kursun davam etməsində onların maraqlı olmasını ən azı müzakirəyə çıxara bildi.

Yaxın Şərqdəki son olaylardan da hakimiyyət öz xeyrinə bəhrələnmək şanslarından yaralanmağa cəhd göstərdi. Belə ki, cəmiyyətin demokratikləşməsi və etatizmin məhvi yalnız qərbyönümlü siyasətə yol açmır, Qərb üçün arzuolunmaz nəticələr də  doğura bilər. Avtoritar hakimiyyət bir çox halda vətənpərvər-millətçi, radikal-dini qrupların hakimiyyətindən daha sərfedici olur. Rəsmi Bakı nümayiş etdirmək istəyir ki, hazırkı durum Qərbə sərf də edə bilər. Azərbaycan digər Şərq ölkələri qədər despotik bir quruluşa malik deyil, eyni zamanda Avropa ölkələrində mövcud olan demokratiyaya da sahib deyil.

Bu ölkədə  simvolik seçkilər keçirilsə də, Özbəkistan və Tacikistanla müqayisədə Azərbaycan daha demokratikdir. Burada ən azı ayrı-ayrı müxalifətçilər, hüquq müdafiəçiləri və azsaylı demokratik KİV mövcuddur. Lakin Qərb ideoloqları da unutmamalıdırlar ki, demokratik müxalifətin sıradan çıxarılması marginal qruplara, xüsusilə də radikal qruplara yol açır. Nəzərə alsaq ki, ölkədə hakimiyyətdən narazıların sayı həddən ziyadə çoxdur, istənilən anda həmin qrupların narazı təbəqənin lokomotivinə çevrilmək şanslarının arta biləcəyini də ehtimal etmək olar. Bu baxımdan rəsmi Bakının qərbyönlü siyasi kursuna sadiqlik məsələsi Qərb siyasi dairələrini də ciddi şəkildə düşündürməlidir.  Bütün bu deyilənlərə onu əlavə etmək olar ki, Qərbin Azərbaycanda fors-major situasiya üçün ehtiyat variantları da mövcud ola bilər. Yeni namizəd Azərbaycanı idarə edən maliyyə qruplarının gəlirlərinə müəyyən mənada zəmanətçi kimi də çıxış edə bilər. Bu gün Qərbi düşündürən ən ümdə məsələlərdən biri lümpenləşdirilmiş siyasi qürumların hakimiyyətə gələ bilməsi ilə Azərbaycanda başlana biləcək yeni əmlak bölgüsü uğrunda savaşdır ki, bu, sabitliyin tamamilə pozulması demək olardı.

Təbii ki, Qərb belə situasiyaya hazır deyil. Odur ki, maliyyə rıcaqlarına malik olmayan siyasi güc mərkəzlərinin hakimiyyət dəyişiklikləri zamanı yalnız “köməkçi element” kimi istifadə olunmasıdan söhbət gedə bilər.

Lakin Azərbaycanda sistem dəyişikliyi üçün, ilk növbədə, Ukrayna və Gürcüstanda olduğu kimi, “demokratik inqilabın” ruporu ola biləcək yeni telekanallar və qəzetlər yaradılmalıdır. Digər tərəfdən, yeni siyasi komanda üçün zəruri olan maliyyə yardımlarının ayrılması məsələsi öz həllini tapmalıdır. Ən əsası növbəti mümkün dövlət başçısının cəmiyyətə yeni bir simada təqdim olunması prosesinə hazırlıq getməlidir. Bu gün İ.Əliyevdən başqa yalnız bir ictimai-siyasi xadimin bu istiqamətdə təbliğatı getməkdədir.  Bu isə iqtidarın yeni – “ehtiyat planlarından” xəbər verir. Lakin ehtiyat namizəd get-gedə zəiflədilməkdədir.

Azərbaycanın hazırki dövlət başçısının idarəetməsi sağdan və soldan tənqidlərə məruz qalır. Müxalifət dövlət başçısının siyasi kursunu qeyri-ardıcıl, təzadlı və qeyri-məntiqi siyasət adlandırır.

Bu kurs özünü daxili siyasətdə olduğu kimi, diplomatiyada da büruzə verir.  Bu siyasət ilk baxışdan  Heydər Əliyev dönəminin siyasətinin davamı təsirini bağışlayır. Lakin belə kurs qaçılmaz böhranlara yol açır. Bu gün idarəetmənin təzadlarından danışmaq da yersizdir, əslində Azərbaycanda hakimiyyət böhranı müşahidə olunur. Heydər Əliyev dönəmindən fərqli olaraq, artıq bir şəxsin iradəsi ilə idarəolunan mexanizmdən də danışmaq mümüküm deyil. Prezidentin idarəetməsi bir çox müəmmalı suallar doğurur. Cəmiyyət prezidentin ölkə üçün nələr edəcəyini, onun təşəbbüslərinin nə məqsədə xidmət edəcəyini anlamaq istəyir. Bu paradiqmalar uyğunsuzluq, natamamlıqla müşayiət olunmağa başlayıb. Siyasi rəhbərliyin azərbaycansayağı siyasi kursu – demokratiya və  avtoritarlıq arasında manevr siyasətinə bənzəyir. Nə Avropasayağı demokratiya, nə də Şərqsayağı diktatura. İkisinin arasında olan bir siyasət. Ziddiyyətlərlə dolu, eyni zamanda yenilikçi bir siyasət. Bir tərəfdən cəmiyyətin müsbət gözləntiləri və siyasi rəhbərliyin liberal niyyətləri, digər tərəfdən isə anti-Qərb çağırışları və qeyri-demokratik addımlar  dövlət başçısının nə etmək istədiyini müəmmalarla doldurur. Prezident iqtisadi islahatlar və demokratik transformasiya tərafdarı kimi görünsə də, onun addımlarının gözlənilən nəticələr verməməsi paradoksal siyasi kursun təzahürü kimi qiymətləndirilir.

Lakin İ.Əliyev dördüncü prezidentliyində cəmiyyət bu qeyri-ardıcıl siyasi kursun başa çatmasını arzulayacaq. Artıq ölkəyə neft pulları axmır və vətəndaşları son 15 ildə olduğu kimi maliyyə gücünə susdurmaq mümkün olmayacaq.Bu isə ciddi siqnaldır. Odur ki, ölkə başçısının kim olacağından asılı olmayaraq, köhnə sistemin dəfn edilməsi və tamamilə yeni sistemin yaradılması lazım gələcək. Nəzərə almaq lazımdır ki, artıq vahimə yaradan komanda da mövcud deyil. Təkbaşına problemlərin üstünə getmək isə mümkün olmayacaq. Sistem böhranı get-gedə dərinləşə və idarəetmə iflic vəziyyətinə düşə bilər. Bir çıxış yolu qalır – cəmiyyətlə barışığa getmək və vətəndaş institutlarını gücləndirmək. Əks təqdirdə, fiasko qaçılmaz görünür…

Ana səhifəXəbərlərDördüncü prezidentliyə aparan yol