Dörd il işıqsız yaşayan ailə

“Məcburi köçkün kimi cəmi 60 manat çörəkpulu alır”.

Source: Specify Source


Xankəndindən köçkün düşən ailənin indi də sığınacaqlarını itirmək qorxusu var

Gəncənin Cavadxan qəsəbəsində yaşayan Əhmədovlar ailəsi ikiotaqlı yarımtikiliyə sığınıb. Ailə illərlə işıqsız yaşayıb.


“Dörd il şam işığında oturmuşuq”

Xankəndinin işğalından sonra üç övladı və həyat yoldaşı ilə köçkün həyatı sürməyə məcbur qalan Fərhad Əhmədov çox yaşayış yeri dəyişdiklərini deyir. Ayrı-ayrı vaxtlarda Ağdamda, Balakəndə, Hacıkənd qəsəbəsində yaşayıblar. Dövlət o vaxt ev verib ki, ailə artıq xeyli böyümüşdü, övladları evlənmək yaşına çatmışdı. İndi Fərhad həyat yoldaşı Nəsibə, oğlu Tural, gəlini Xatirə və üç nəvəsi ilə birlikdə ağlay daşı sexinin həyətindəki yarımtikilidə yaşayır.

“Həmin evi o biri oğluma verdik. Çünki 11 nəfərlik ailəyə çevrilmişdik, ora sığmırdıq. Tural yatağa düşdü, yanına gəldik. Buranı bizə bir polis zabiti vermişdi. İndi də deyir ki, torpağı satıram, çıxın. Dörd il işığımız olmayıb burda, şam işığında oturmuşuq. Səkkiz aydır işıq yandırırıq”, – Fərhad danışır.

Onun sözlərindən sonra diqqətimizi otaqda elektrik lampasının olmaması çəkir. Tural deyir ki, lampa yanıb, alıb dəyişə bilməyiblər: “Sexin işığa 286 manat borcu vardı, onu hissə-hissə ödədik. Qaz yoxdu, odun tapıb yandırırıq”.

image_from_ios (2).jpg
“Oğlu və gəlininin xəstəliyi çox xərc aparır”


“Onkoloji xəstəyəm, amma işləmək məcburiyyətindəyəm”

Tural uzun müddət yataq xəstəsi olub. Onurğasındakı ciddi problemlərə görə işləyə bilmir. Məcburi köçkün kimi cəmi 60 manat çörəkpulu alır. Xatirə Gəncədəki kafelərdən birində qab yuyur, günə 6 manat qazanır.

“Səhər 9-da evdən çıxıram, bir də gecə 11-də qayıdıram. Əldən düşürəm. Mənə bu rejimlə işləmək olmaz. Onkoloji xəstəyəm. Müalicə olunmalıyam, dincəlməliyəm. Çətinliklə işləyirəm. Keçən il sobanın üstünə yıxılıb yanmışdım”, – Xatirə danışır.

Nəsibə deyir ki, həyat yoldaşı ilə birlikdə aldıqları təqaüdün hesabına birtəhər dolanırlar. Oğlu və gəlininin xəstəliyi çox xərc aparır. Tural anasının sözünə qüvvət olaraq deyir ki, illərdir əziyyət içində yaşayırlar. Sosial yardım üçün də müraciət ediblər: “Nə qədər sənəd düzəltdik, axırda dedilər ki, sizə düşmür”.

image_from_ios (1).jpg
Nəsibə deyir ki, həyat yoldaşı ilə birlikdə aldıqları təqaüdün hesabına birtəhər dolanırlar


“İcra başçısı dedi ki, sənə ev borcluyam?”

Yarımtikili yaşayış üçün yararsız vəziyyətdədir. Mətbəx, hamam gözə dəymir. Otaqlar arasında heç qapı da yoxdur. Ailə yaşayış şəraitini yaxşılaşdırmaq üçün çox yerə müraciət edib. Amma dövlət qurumlarından yalnız biganəlik gördüklərini deyirlər.

“Cənab İlham Əliyevə, Mehriban xanıma yazmışdıq. Yalnız bir dəfə bildiriş gəldi ki, məktub prezidentə çatıb. Bəlkə də, cavab gəlir, burda açıb götürürlər. İllərdir mübarizə aparırıq, səsimizi yuxarıya çatdırmağa çalışırıq”, – bunları Xatirədən eşidirik.

Xankəndindən gələnlər Xocalı Rayon İcra Hakimiyyətinə həvalə olunub. Xatirə deyir ki, ora az üz tutmayıblar: “İcra başçısının qəbuluna getmişdim. Yayxanıb oturmuşdu. Vəziyyətimizi danışdım. Dedi, sənə ev borcluyam?”

Xatirə bizim gələcəyimizi eşidəndə işə getməyib. Çox narahatdır. Ailəni hər an yaşadıqları yerdən çıxara bilərlər. Hələ yoxsulluqla, xəstəliklə mübarizə də var…

Meydan TV Xocalı Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə bilməyib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, köçkünlər mərhələli şəkildə evlə təmin olunacaqlar.

image_from_ios (4).jpg
“Səkkiz aydır işıq yandırırıq”
Ana səhifəBölgəDörd il işıqsız yaşayan ailə