Dörd gün ailəsinin axtardığı dini inanclı fəal təcridxanadan tapılıb

Foto: Meydan TV

Həbsdə olan dindarların ailələrinə Qurban bayramında pay aparanları müəyyənləşdirib cəzalandırırlar”

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü narkotik ittihamı ilə həbs olunub. Namiq Şirinova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.

Zərdab rayonunun Təzəkənd kənd sakini olan dini inanclı fəal iyulun 26-da tutulub. Lakin yaxınları deyir ki, bu barədə onlara heç bir məlumat verilməyib. Bu üzdən 4 gün Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Ombudsman Aparatına və s. qurumlara müraciət edərək, Namiq Şirinov haqqında xəbər almağa çalışıblar:

“Sonuncu dəfə iyulun 26-da günorta saatlarında telefonla danışmışdı. Nəhayət, 4 günlük axtarışlardan sonra tapdıq. Məlum oldu ki, artıq narkotiklə şərləyiblər, həbs qərarı da çıxarılıb, Kürdəxanıya (Bakı İstintaq Təcridxanası) köçürülüb. Yüzlərlə başqa dindarın başına gəlib deyə, ehtimal edirdik ki, onu da oğurlayıblar, narkotiklə şərləyəcəklər. Elə gözlədiyimiz kimi də oldu. Həbsdə olan dindarların ailələrinə Qurban bayramında pay aparanları müəyyənləşdirib cəzalandırırlar. Bu dərəcədə insafsızlıq, vicdansızlıq olar?”.

İnanclı fəalın atası Hacıalı Şirinov oğlunu görə bilmək üçün iyulun 30-da Bakı İstintaq Təcridxanasına getsə də, buna şərait yaradılmayıb. Deyilib ki, 14 gün karantin rejimində saxlanılacaq və bu müddətdə görüş mümkün deyil.

Yaxınları əlavə edib ki, Namiq Şirinov qazidir, 2020-ci ildə 44 günlük müharibədə iştirak edib.

O, Zərdab sakini olsa da, anasının xəstəxana xərclərini ödəyə bilmək üçün bir müddət öncə Bakıya gələrək, taksi fəaliyyətilə məşğul olmağa başlamışdı.

Hüquq müdafiəçiləri son ilyarım ərzində ölkədə 500-dən artıq dini inanclının həbs olunduğunu bildirir. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, hərəkatın 70-dən artıq üzvü hazırda həbsdədir.

Həbs olunanların böyük əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin onlar özlərini təqsirli bilmir, saxta ittihamla cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə həbs olunan şəxslərin konkret faktlar əsasında saxlandığını bildirir.

Ana səhifəXəbərlərDörd gün ailəsinin axtardığı dini inanclı fəal təcridxanadan tapılıb