Dörd ayda 30 hərbçi dünyasını dəyişib, 40 nəfər yaralanıb

Cəsur Sümərinli Azərbaycanda bir erməni əsir və 5 mülki şəxsin saxlanıldığını deyir

Source:

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi (JHAM) 2014-cü ilin yanvar –may (1 mayadək) aylarında 30 hərbçinin dünyasını dəyişməsi haqqında məlumat yayıb.

Meydan TV-yə apardığı araşdırma haqqında məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli bildirdi ki, ötən müddətdə 40 nəfər yaralanıb və ya xəsarət alıb: “Dünyalarını dəyişənlərin 6-ı döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 21-i isə qeyri-döyüş itkiləridir. 4 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 3 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3-ü xəstəlikdən dünyasını dəyişib, 10 nəfər isə intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 26-sı Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır”.

Yaralılara və xəsarət alanlara gəlincə C.Sümərinli bildirdi ki, onların 14-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 4-ü intihara cəhddən, 5-i erməni gülləsindən, 8- nəfər mina partlayışından, 8-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar, 1 nəfər zəhərlənib: “Xəsarət alanlardan 37 nəfəri Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar. Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib”.

C.Sümərinlinin sözlərinə görə, 4 ayda üç mülki vətəndaşımız erməni tərəfinin gülləsindən yaralanıb: “Eyni zamanda iki Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər ikisi qaytarılıb). Ümumilikdə, aprelin 30-na olan məlumatlara görə, Azərbaycanda bir erməni əsir və 5 mülki şəxsə saxlanılır. Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər. Azərbaycanda saxlanılan digər şəxs isə hərbi əsirdir. Erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan ötən ilin avqustun 7-dən 8-nə keçən gecə qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib”.

Ana səhifəXəbərlərDörd ayda 30 hərbçi dünyasını dəyişib, 40 nəfər yaralanıb