”Donuz qripi” həyəcanı

Xəstəxanalarda xüsusi şöbələr yaradılsa da, gətirilən xəstələrlə bağlı məlumat verilmir

Source:


Xəstəxanalarda xüsusi şöbələr yaradılsa da, gətirilən xəstələrlə bağlı məlumat verilmir

…Ötən ay Ukraynada yaşayan general-mayor və deputat Natiq Soltanov “donuz qripi”ndən dünyasını dəyişdi.

Mərhumun atası Arif Soltanov virtualaz.org saytına açıqlamasında bildirmişdi ki, oğlunun həyat yoldaşı ukraynalı olduğundan mərhum Mogilyov şəhərində dəfn olunub.

Natiq Soltanovun oğlu idmançıdır və bir müddət əvvəl Gürcüstanda keçirilən yarışlara qatılıb. O, məhz Gürcüstanda “donuz qripi”nə yoluxub. Bunu eşidən kimi Natiq Soltanov Gürcüstana gedərək, oğlunu Ukraynaya gətirib və müalicə etdirib. Oğlu sağalsa da, bu dəfə general-mayor özü “donuz qripi”nə yoluxub. Amma həkimlər onun həyatını xilas edə bilməyiblər…


Ölkələr həyəcan təbili çalır

Azərbaycanla qonşu ölkələrdə “donuz qripi” – H1N1 virusuna yoluxanların sayının artması ilə bağlı hər gün xəbərlər verilir. Məlumatlara əsasən, Rusiya,  Ukrayna,   Türkiyə, Gürcüstan, Ermənistan və İranda virusa yoluxan onlarla insan dünyasını dəyişib.

Rusiyada bu virusa yoluxma halları daha çox Kaluqa vilayətində və Kamçatka diyarında qeydə alınıb. Kamçatka diyarında 39 nəfərin “donuz qripi” virusuna yoluxduğu rəsmən təsdiqlənib. Region hökumətinin mətbuat xidmətindən “donuz qripi”nə yoluxanların 15 nəfərinin uşaq olduğu bildirilib.

Diyarın səhiyyə naziri Marina Volkova virusa yoluxmuş uşaqların əsasən, ağır respirator virus infeksiyasından əziyyət çəkdiklərini qeyd edib.

Yayılan xəbərlərdə deyilir ki, bugünə qədər Gürcüstanda 3, Rusiyada 1, Ukraynada isə 2 azərbaycanlı “donuz qripi”ndən ölüb.

Rusiyada artıq karantin elan edilib, məktəb və bağçalar bağlanıb. Əhali məcburi qaydada poliklinikalarda müayinəyə cəlb edilir. Ermənistanda isə məktəblərdə tətil elan edilib. İranda bu virusa yoluxanların 45-i, Türkiyədə 27-si dünyasını dəyişib.


Sərhəd-keçid məntəqələrində dezinfeksiya aparılır

Səhiyyə Nazirliyi

Azərbaycanın səhiyyə naziri də virusla mübarizə üçün əmr imzalayıb. Əmrə əsasən, xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib, məktəblər dezinfeksiya edilir. Nazirlik sərhəd keçid məntəqələrində yoxlamalar aparıldığını, virusun qeydə alındığı ölkələrdən gələnlər arasında hərarət, qrip əlamətləri aşkarlandığı halda dərhal müayinəyə cəlb edildiyini açıqlayır. Beləliklə də, Azərbaycanda “donuz qripi” virusuna yoluxmanın qeydə alınmadığı bildirilir.

Amma mətbuat və sosial şəbəkələr Azərbaycanda “donuz qripi” virusunun aşkarlandığını iddia edir. İddialara inansaq, Ağciyər Xəstəlikləri İnstituna, 5 saylı şəhər xəstəxanasına, Respublika Klinik Xəstəxanaya, Əbülfəs Fərəc oğlu Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilən xəstələrin 6-sı dünyasını dəyişib.


Qadağandır!

Səhiyyə nazirinin əmrinə əsasən, Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar yaradılıb. İnstituta gedərək, sosial şəbəkələrdə yayılan məlumatları araşdırmağa çalışdıq.

Xəstəxananın ikinci mərtəbəsində yerləşən palatalar dəmir qapı ilə digər şöbələrdən təcrid edilib. Yaradılmış şöbəyə giriş qadağandır.

Şöbənin əməkdaşları virusa yoluxmaqda şübhəli bilinən xəstələrin gətirilib-gətirilmədiyini öyrənmək üçün institut rəhbərliyinə, onlar isə nazirliyə müraciət etməyi məsləhət gördü.

Şöbəyə giriş yasaqlandığı kimi, şəkil çəkmək, görüntü götürmək də qadağandır. Bunun üçün nazirliyin xüsusi icazəsi olmalıdır.

Həkimlər açıq şəkildə məlumat vermək istəməsələr də, tibb bacıları bildiklərini bölüşməkdən çəkinmədilər. Xəstəxananın adını açıqlamaq istəməyən tibb bacısı hər gün onlarla xəstə gətirildiyini təsdiqləsə də, onların “donuz qripi”nə yoluxub-yoluxmadığını söyləməkdə çətinlik çəkdi. Başqa bir tibb bacısı isə əsasən pnevmaniyadan əziyyət çəkənlərin çoxaldığını vurğuladı.


Təcrid olunsa da…

Diqqətimizi çəkən məqamlardan biri şöbənin ikinci mərtəbədə yerləşməsi, xəstələrin ümumi girişdən, liftdən və ya qeydiyyat otağından istifadə etmələri oldu.

Halbuki bütün dünyada xüsusi təhlükəli xəstəliklər yaşayış yerindən kənarda yerləşir. Viruslu xəstənin müayinə olunduğu və hospitallaşdığı müddətdə ümumi xəstələri yoluxdurmadıqlarına kim zəmanət verə bilər?

Digər xəstəxanalardan da suallarımıza cavab vermədilər.

Əbülfəs Fərəc oğlu Qarayev adına 2 saylı Uşaq Xəstəxanasının adının açıqlanmasını istəməyən həkimi isə deyir ki, son günlər əsasən rayonlardan pnevmaniya, “suçiçəyi” diaqnozu ilə gətirilən uşaqların sayı artıb. Bundan başqa, gətirilən uşaqlarda yüksək hərarət, qusma müşahidə edilir və bu cür uşaqlar arasında ölənlər də var.

Amma həkimin bu sözləri rəsmi təsdiqini tapmır. Bütün xəstəxanalarda nazirliyin mətbuat xidmətinin icazəsi olmadan danışmağın qadağan olduğunu dedilər. Nazirlik isə az qala hər gün mətbuata açıqlama verərək, ölkədə “donuz qripi”nin qeydə alınmadığını təkrarlayır.

 “Donuz qripi” əlamətlərinə görə adi qripə bənzəyir. Son 2 ayda əhali arasında  yüksək hərarət, halsızlıq, qusma, qarın ağrısı ilə müşahidə edilən virus yayılıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi isə bu virusun mövsümü qrip olduğunu bildirir. Hələlik ölkədə “donuz qripi” virusunun olub-olmadığı şübhəli olaraq qalır.

Ana səhifəXəbərlər”Donuz qripi” həyəcanı