Cənab Tramp, sizi dünyanın qlobal dövləti sayılan Amerika Birləşmiş Ştatlarının prezidenti olması münasibəti ilə təbrik edir və idərəçiliyinizin öz ölkənizdən başqa dünyaya və təbii ki, Azərbaycana xeyir və sülh gətirməsini diləyirəm.
Prezident seçildikdən sonra bizim ölkədə də sosial mediada ən çox müzakirə olunan mövzu seçkidəki qalibiyyətiniz və bundan sonra dünyaya təsirləriniz barədə oldu. İnsanlar müxtəlif proqnozlar irəli sürdülər və bu gün də sürməkdədilər. Təsəvvür edin, siyasətdən az-çox başı çıxan, çıxmayan, bilən, bilməyən hər kəs bu haqda yazır. Bu, olduqca təbiidir. Ortada qeyri-təbii olan şey də var. Həmin şey(!) ondan ibarətdir ki, dünya siyasəti barədə mütəxəssislər kimi fikirlər üyüdən həmin vətəndaşlarımızın böyük çoxluğu öz ölkəmizdəki siyasi olaylara reaksiya verməyərək, bizdə məşhur olan “mən siyasətə qarışmıram” ifadəsindən geninə-boluna istifadə edirlər. Bunun da müxtəlif bəlli səbəbləri var.
Ən əsas səbəb insanların daxili siyasəti müzakirə etməyə cəsarətinin olmaması və laqeydliklə birgə sıralarda dayanan məsuliyyətsizlikləridir.
Bəli, cənab Tramp, mən Orxan Adıgözəl sizə elə bir ölkədən yazıram ki, buranın vətəndaşlarının 85-90 faizi özlərini bu ölkədə turist kimi aparırlar. Əslində onlara vətəndaş da demək olmaz. Ən yaxşı ifadə-sakinlərdir. Çünki sakinin elə bir öhdəliyi və məsuliyyəti yoxdur. Siyasətə qarışmaq onluq deyil. Özünü vətəndaş sayan insan isə vətəndaş kimi konstitusion haqlara malik olduğundan xəbərdardır. O, ətrafı laqeydlik saçanlarla dolu olsa belə, məsuliyyəti dərk edir və hətta öz vətəninin və ətrafındakı laqeydlərin də təəssübünü çəkir. Başa düşür ki, bu ölkə, bu millət onundur. O, susa bilmir. O sorğulayır, müzakirə edir və haqlı olaraq tələb edir.
Bilirsiniz, bizim cəmiyyət mədəni, ictimai, sosial və s. mənalarda Amerika cəmiyyətindən 100 il geridədir. Həqiqətən çox ağırdır. Geridə qalmaq və səndən 100 il qabaqda olan bir ölkənin Prezidentinin dünyaya təsiri barədə heç bir dənə siyasi ədəbiyyat oxumadan, öz ölkəndəki siyasətə qarışmaqdan, konsprioloji fikirlər, rəylər bildirməyin şahidi olmaq ağır gəlir adama. Sizin ölkədə adi adamlar arasında 20-ci əsrin əvvəlləridə müzakirə olunan mövzular, bizdə hələ indi müzakirə olunur.
“Siyasətə qarışmayan” sakinlərimiz bu halı dinclik, stabillik kimi qiymətləndirirlər. Sonra nələr olur?
Məhz siyasətə qarışmayan insanlar:
*Çarəsizlikdən qul bazarına üz tuturlar. Cənab Tramp, Amerikadakı quldarlıq dövrü barədə kifayət qədər tarixi məlumatımız var. Bizdə isə hələ də qul bazarları mövcuddur.
*Yeni obyekt və ya hansısa idman kompleksi tikiləcək deyə haqsız yerə evləri sökülür.
*Hərbidə qeyri-döyüş şəraitində şübhəli şəkildə ölən əsgər valideynlərinə çevrilirlər.
*Minimum pensiya ilə götürəndə 107 manat(yəni təxminən 66 dollar) pensiya alıb, səfalət və kədər içində yaşlanan qocalardan olurlar (ABŞ-dakı pensiya ilə bağlı qısa xatırlatma – Bu ölkədə minimal pensiya 300 dollardır. Bu qədər pulu, ümumiyyətlə, heç yerdə heç zaman işləmədiyiniz halda alırsınız. Ən aşağı ixtisaslı işçilər belə istirahətə çıxandan sonra 700 dollardan çox pensiya alırlar).
*Müalicə üçün İrana və Türkiyəyə üz tutanlara çevirilirlər. Bizim səhiyyənin özü xəstədir.
*Qazanc dalınca xarici ölklərə üz tutanlar da belələridir. Bizdə azad sahibkarlıq və sağlam rəqabət mühiti qıtdır.
*Gənclər evsizlik səbəbindən ailə həyatı qura bilmir.
*İşsizlikdən məcbur olub əyalətlərdən paytaxt Bakıya axışan insanları da bura daxil edək.
Bir sözlə, məzlum durumda olan bu insanlar siyasətə qarışmırlar.
Cənab Tramp, vəziyyətimizi təsəvvür etdiniz yəqin?! Problemlərimiz sonsuzdur. Bunlarla bərabər, hələ qonşu dövlətlər Rusiya və Ermənistanın da bizə geosiyasi mənfi təsirləri də var. Bunlardan çətin ki, xəbəriniz olmasın.
Öz ölkəsində prezident seçkiləri keçirilsə belə, prezident dəyişikliyi görməyən biri kimi ABŞ-dakı seçki kampaniyasını maraqla izlədim. Amerika xalqına qibtə etdiyimi gizlətməyəcəm. Ümumiyyətlə, təm-təraqlı və şou stilində olsa belə, aylarla davam edən seçkilər keçirilən ölkələrin vətəndaşlarına qibtə edirəm. Ölkənin cürbəcür yerlərində seçki kampaniyasını özündə ehtiva etdirən mitinqlərin, müzakirələrin, TV debatların və s. predmetlərlə bərabər sadə camaatın üzündə, dilində seçki atmosferini görmək mənə həsəd hissi bağışlayır. Bu zəifliyimi bağışlayın. Təəssüf ki, biz belə şeyləri görməkdən bir xalq olaraq məhrumuq. Amma gənc ölkə olaraq yenə də ümidliyik. Hər çətinliyə və məhdudiyyətə rəğmən təslim olmuruq. Ölkəni aydınlandıran işıqlı, mübariz insanlarımız var.
Bir məsələni də qeyd etmək yerinə düşər. Bunu etiraf etmək istəyirəm. Mən ABŞ seçkilərində həmişə “Respublikaçılara” simpatiya duymuşam. Bunun üçün pozitiv səbəblərim var. Məsələn, son 35 ildə Respublikaçılar ABŞ-da hakimiyyətdə olduğu illərdə SSRİ çökdü, Rusiyanın ən zəif dövrü oldu, Şərqi Avropa azad oldu, Berlin divarı dağıldı, Varşava Bloku çökdü. Buna görə dünyada müsbət dəyişikliklərin olacağına ümid edirəm.
Bəzi mütəxəssislər qeyd edir ki, guya sizin Azərbaycana ya təsiriniz olmayacaq, ya da iddia olunduğu kimi, nəqliyyat nazirimizin oğlu ilə biznes maraqları çərçivəsindən o yana çıxa bilməyəcəksiniz. Əslində nazir oğlu ilə yaxınlığınızın konkret faktlara dayanan xəbərlər mənbəsi səthi və dumanlı görünür mənə, ya da buna inanmaq istəmirəm deyim. Mən çoxundan fərqli olaraq beynimdə Tramp Adminstrasiyasının dünyaya və Azərbaycana təsirinin müsbət fikirlərini dolaşdırıram..
Hörmətlə: Blogger Orxan Adıgözəl.