”Hillari Klinton tərəfdarları qarşısında noyabrın 11-da çıxış edəcək”
Prezident seçilən Donald Tramp Demokrat Partiyasından rəqibi Hillari Klintonla danışdığını deyib.
“Mən elə indi onunla telefonla danışdım. O bizi qələbə münasibətilə təbrik elədi, Mən də onu çox çətin, kampaniyada mübarizəyə görə təbrik elədim”.
Hillari Klintonun seçki qərıərgahının rəhbəri Con Potesta isə tərəfdarlarına dəstəyə görə təşəkkür bildirib və onları evə dağılışmağa çaşırıb.
O bildirib ki, Hillari Klinton tərəfdarları qarşısında ertəsi gün çıxış edəcək.
Potesta həmçinin Hillari Klintona səs verənlərə təşəkkür bildirib.
Respublikaçılar partiyasından ABŞ prezidenti seçilən Donald Tramp “bütün amerikalıların prezidenti” olacağını bəyan edib. O qələbə nitqində deyib ki, bundan sonra heç bir vətəndaş yaddan çıxmayacaq və potensialını tam açmaq üçün ona şərait yaradılacaq.
Tramp bildirib ki, ölkənin köhnəlmiş infrastrukturu, yollar, körpülər, tunellər, hava limanları, eləcə də məktəb və xəstəxanalar bərpa ediləcək. Bununla da milyonlarla adama iş yerləri açılacaq. Tramp deyib ki, başqa ölkələr və xalqlarla əməkdaşlıq edəcək, düşmənçilik yolu ilə getməyəcək.
Kreml saytı Rusiya prezidenti Vladimir Putinin Donald Trampı prezident seçilməsi münasibətilə təbrik etdiyi xəbərini yayıb.