Donald Tramp fələstinlilərin Qəzzadan çıxarılmasını təklif edib

Foto: REUTERS/Ronen Zvulun/File Photo

O deyib ki, Qəzzanın ABŞ-nin nəzarətinə keçməsi bölgəyə sabitlik və iqtisadi rifah gətirəcək

ABŞ Prezidenti Donald Tramp fevralın 4-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında fələstinlilərin Qəzzadan çıxarılmasını və ABŞ-nin ora nəzarətini təklif edib.

Tramp deyib ki, Qəzzanın ABŞ-nin nəzarətinə keçməsi bölgəyə sabitlik və iqtisadi rifah gətirəcək.

Trampın sözlərinə görə, fələstinlilərin ərazidən çıxarılması və Birləşmiş Ştatların bölgəni nəzarətə götürməsi, Qəzzanın müxtəlif millətlərin sülh şəraitində yaşaya biləcəyi mükəmməl bir məkana çevirəcək.

Tramp deyib ki, bu plan fələstinlilərin digər ölkələrə köçürülməsindən sonra həyata keçiriləcək.

ABŞ Prezidenti bu məqsədə çatmaq üçün Amerika hərbçilərinin istifadəsini istisna etməyib.

“Əgər lazım gələrsə, biz bunu edəcəyik. Həmin əraziyə nəzarəti ələ alacaq, onu inkişaf etdirəcək, minlərlə yeni iş yeri yaradacağıq və bu, bütün Yaxın Şərqin fəxr edə biləcəyi bir yer olacaq”, – Tramp deyib.

O, İordaniya, Misir və digər ərəb ölkələrini qəzzalıları qəbul etməyə çağırıb.

HƏMAS isə qətiyyətlə Qəzzada qalmaq istədiyini bəyan edib. Trampın təklifini bölgədə xaos və gərginlik kimi dəyərləndirib və qəzzalıların bu planların reallaşmasına imkan verməyəcəklərini bildirib.

2023-cü ilin oktyabrında HƏMAS-ın 1250-dən çox insanın ölümü və 250-dən çox girov götürülməsi ilə nəticələnən hücumundan sonra İsrail Qəzza zolağında hərbi əməliyyata başlayıb.

BMT-nin məlumatına görə, 2024-cü ilin sentyabrına qədər Qəzza zolağındakı binaların yarıdan çoxu döyüşlər nəticəsində müəyyən dərəcədə zərər görüb. BMT fələstinlilərin ölənlərin sayını 47 min nəfər hesab edir.

Yanvarda tərəflər arasında müvəqqəti atəşkəs razılaşması olub.

Ana səhifəDünyaDonald Tramp fələstinlilərin Qəzzadan çıxarılmasını təklif edib