İcra Hakimiyyəti: ”Fəsadların aradan qaldırılması istiqamətində işlər gedir”
Gəncənin Hacıkənd qəsəbəsinə yağan güclü yağış doluya çevrilib. Nəticədə, insanların evlərinə və əkin sahələrinə ciddi ziyan dəyib.
APA yazır ki, dolunun ölçüsü 3 sm-ə çatıb. 126 evdən 114-nün dam örtüyü, pəncərələri qırılıb. Bəzi evlərə sel suları dolub.
Gəncə şəhər İcra Hakimiyyətindən Meydan TV-yə dəyən ziyanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər getdiyi deyilib:
“İcra başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində olub. O, dəyən ziyana görə tədbirlər görülməsi ilə bağlı tapşırıq verib. Tezliklə problem həllini tapacaq”.
Qəsəbədə sosial obyektlərə, əkin sahələri və 15-dək avtomobillərə ziyan dəyib. Qoşa bulaq yararsız hala düşüb.
Ziyanın miqdarını müəyənləşdirmək və fəsadları aradan qaldırmaq üçün şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri Hacıkənddə tədbirlərə başlayıb.
Qərb bölgəsinin Qazax, Aqstafa, Daşkəsən və Göygöl, Tovuz rayonlarına da güclü yağış və dolu düşüb.
“Yaz çox sərt keçdi. Dolu, şiddətli leysanlar məhsulu məhv elədi”, – Meydan TV-yə Qubanın Ərməkiqışlaq kəndinin sakinləri belə demişdi.
Şimal bölgəsində də aramsız yağan yağışlar Xaçmaz və Quba kəndlərində təsərrüfatlara ciddi zərər vurmuşdu. Sakinlər gəlirlərinin meyvəçilikdən çıxdığını deyirlər. Əkib-becərib satır, bunun pulu ilə bir il dolandıqlarını söyləyirlər. Ancaq onlar builki məhsuldan əllərini üzüblər.