Xəbərdarlıq: qeyri-sabit hava şəraiti mayın 7-dək davam edəcək
Mayın 6-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Bildirilib ki, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
APA Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən yazır ki, havanın temperaturunun gecə 13-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi isə norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağış tədricən kəsiləcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Qeyri-sabit hava şəraiti mayın 7-dək davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.