Elman Rüstəmov: “Bu gün əsas məsələ neftin 35 dollar ətrafında sabitləşdirilməsi məsələsidir və iqtisadi komandada bunun üzərində çox ciddi iş gedir”
Bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Milli Məclisin iclasında deyib. Onun sözlərinə görə, tənzimləyici vəziyyətin sabitləşdirilməsi üçün ciddi tədbirlər görür: “Mərkəzi Bank banklara kifayət həcmdə valyuta verir və onun likvidliyini təmin etmək iqtidarındadır”.
Elman Rüstəmov valyuta ehtiyatlarından səmərəli istifadədən də danışıb: “Bizim 40 milyard dollara yaxın vəsaitimiz var. Bu, Azərbaycanın milli məhsulundan da, daxili məhsulundan da çoxdur. Neft ixracatçıları arasında belə bir nisbətdə olan ölkə tapmaq çətindir. Bu, çox böyük bir sabitlik komfortudur. Amma neçə illər bu proses dayanacaq? Bizə nə qədər vaxt lazımdı? Hesab edirəm, iqtisadiyyatımızı şaxələndirmək, onu yeni bir dayanıqlı əsasa keçirmək, manevr etmək üçün bu vəsait kifayətdir. Əhəmiyyətli dərəcədə kifayətdir. Amma nə qədər vaxt lazımdır. Ona görə biz strateji ehtiyatlarımızla çox ehtiyatlı davranmalıyıq. Bunu cənab prezident öyrədir bizə”.
Baş bankir digər ölkələrin təcrübəsindən misallar gətirib: “Biz çox böyük inkişaf səviyyəsinə malik olduq. Hərdən bizi qonşu dövlətlərlə müqayisə edirlər. Bu gün Azərbaycan iqtisadiyyatının həcmi Ermənistan və Gürcüstanın toplam iqtisadi həcmindən dəfələrlə çoxdur. Səhv etmirəmsə, regionun potensialının təxminən 2/3-si bizdədir. Biz o borca girmiş dövlətlərin bu gün aqibətini görürük. Bu gün onlarla necə, hansı dildə danışırlar?! Onlar bu gün kifayət qədər dövlət müstəqilliklərini qoruya bilirlərmi? Qoruya bilmirlər.
Bizim kifayət qədər resurslarımız var. Cənab prezident əlavə göstərişlər verdi. Bu resurslardan necə çevik istifadə etməyin lazım olduğunu dedi. İlk dəfə deyirəm bunu, o cümlədən Neft Fondunun resurslarından necə çevik istifadə etməklə manatın məzənnəsini – sabitləşdirmək deməzdim – idarə olunan səviyyədə görməyi tapşırdı. Dünən cənab prezident birmənalı şəkildə dedi, manatın kursu birbaşa xarici faktorlardan asılıdır”.
Elman Rüstəmov deyir ki, ölkədə valyuta qıtlığı ilə bağlı ajiotaj yaradan məntəqələr artıq qapadılıb: “Biz valyuta interversiyalarını artırdıq. Bəli, banklardankənar mübadilə məntəqələri müəyyən dövrdə belə bir ajiotaj yaratmışdı. 200-dən yuxarı mübadilə məntəqəsi ləğv olundu. Bu gün bu əməliyyatların hamısı bank daxilində aparılır. Biz bazara kifayət qədər valyuta veririk. Dünən hətta bazara verdiyimiz valyutanın hamısı satılmadı. Elektron hərrac vasitəsilə, bankların iştirakı ilə tam şəffaf şəkildə ayrılan vəsait iqtisadiyyata ötürülür. Kifayət qədər valyuta var. İqtisadiyyatın valyuta likvidliyini təmin edəcəyik, tələbatı ödəyəcəyik. Amma vətəndaşlarımızı da sakitliyə çağırıram. Xüsusilə fevral devalvasiyası zamanı müəyyən möhtəkir qruplar tərəfindən yaradılmış ajiotaj devalvasiya məntiqinə çox ciddi təsir göstərdi. Təlaş üçün heç bri əsas yoxdur. Şayiələr yayırlar ki, manatın kursu dəyişəcək, 1-ə 2 olacaq, 1-ə 5 olacaq. Məndən soruşurlar. Heç bir əsası yoxdur bunun. Bir daha deyirəm, bu gün əsas məsələ neftin 35 dollar ətrafında sabitləşdirilməsi məsələsidir və iqtisadi komandada bunun üzərində çox ciddi iş gedir”.