Samir Əliyev: ”Bunun zərbəsi əhaliyə və sahibkarlara dəyir”
“Tam üzən məzənnəyə keçidin mənfi fəsadlarından biri özünü göstərir. Söhbət spekulyasiyadan gedir. Dollar süni sürətdə ucuzlaşdırılır” – deyir, iqtisadçı Samir Əliyev.
İqtisadçı bankların vəziyyətdən sui-istifadə etdiyini bildirir:
“Rəsmi məzənnə 1 dollara 1,82 manat olduğu halda banklar alış qiymətini 10 faiz ucuz – 1,65 manata endirib. Satış isə ən çoxu 4 faiz bahadır. Bankların satdığı dolların spredi (alış ilə satış arasındakı fərq) 3 faizdən 15 faizə qədər dəyişir. Ən az 3, ən çox isə bank 15 faiz qazanır. Ortalama bankların gündəlik qazancı 7-9 faiz arasında dəyişir”.
İqtisadçı Mərkəzi Bankın rəsmi məlumatına əsasən, ölkə üzrə gündəlik dollar alışının 7-8 milyon, satışının isə 8-10 milyon dollar arasında dəyişdiyini deyir:
“Bu göstərici illər üzrə dəyişir və 2014-2016-cı illərdə kəskin artıb. 2015-ci ildə özünün pik həddinə çatıb. İndiki spred əsasında bankların dövriyyəsini hesablasaq görərik ki, gündəlik aşağı qiymətə aldığı 7-8 milyon dolları baha qiymətə satdıqda təxminən 500-700 min dollar arası qazanc əldə edirlər. Aldıqlarından əlavə 1-2 milyon dollar satırlar və qazanclarını daha da artırırlar”.
Samir Əliyev bu baxımdan bankların aktiv spekulyasiyaya girişdiklərini, süni şəkildə yaradılmış panikanın makroiqtisadi sabitlik üçün yaxşı gələcək vəd etmədiyini deyir:
“Banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alqı-satqısına girişiblər və bu fəaliyyətlə gündə ən azı 600-900 min dollar qazanırlar. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası isə prosesə müdaxilə etmək əvəzinə, müşahidə mövqeyi tutub. Bunun zərbəsi isə əhaliyə və sahibkarlara dəyir. Sonda da iqtisadiyyat itirir”.