Dollar onları çaşdırıb

Azərbaycan hakimiyyəti dollar aşiqidir

Source:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Azərbaycan hakimiyyəti dollar aşiqidir. Dolları məcnun kimi sevir. Məcnun da, hamı bilir, sevgisində əndazə tanımır. Yəni ictimai rəylə hesablaşmır.

Dolları məcazi mənada deyirəm, zira dollar hakimiyyətimizin dünyada hər şeydən və hamıdan çox sevdiyinin birinci rəmzidir. Bu rəmzə avro da, funt sterlinq də, cahi-cəlal, şan-şöhrət, mütləqi-hakimiyyət, dərəbəylik və məsuliyyətsizlik də daxildir.

Xalqımızın ictimai rəyində şər və böhtan yaman və günah sayılır. Fəqət dollara sevgi hakimiyyətdən tələb etsə ki, şərə və böhtana sığınsın, bir an belə tərəddüd etməz.

Necə ki, özlərinin dollara sevgisinə təhlükə saydıqları İlqar Məmmədovu İsmayıllı iğtişaşı qurtarandan üç gün sonra rayona gəldiyi üçün şərləyib beş ildir məhbəsdə saxlayırlar və bütün dünya buna görə hakimiyyətimizi qınayanda abır-həya bilmədən üzə dururlar, indi də bir an tərəddüd etmədən REAL Partiyasının fəalı Azər Qasımlını polisə müqavimət ittihamı ilə 30 günlük məhbəsə atıblar.

Polisə müqavimət ittihamını hərfi mənada qəbul etsək, hakimiyyət tam haqlıdır. Tədbirdə olmuş Qubad bəy İbadoğlu yazır ki, Azər Qasımlı nümayiş-yürüşə çıxmış adamları polisə heç bir müqavimət göstərməməyə çağırırmış.

Hakimiyyətin rəyinə görə, onun əsl cinayəti bu çağırışlardır!

Necə yəni, polisə müqavimət göstərməyin? Bəs polisin ciddi-cəhdlə hazırladığı və məşqlərini keçirdiyi “iğtişaş” tamaşası baş tutmasın? Axı polis hər bir ictimai tədbir üçün “A”, “B” və s. nəqşələr çəkir. Bu nəqşələrin ən uğurlusu 2003-cü il prezident seçkisindən sonra rəhbərliyi burnunun ucundan uzağı görə bilməyən Musavat Pariyasına qarşı tətbiq edilmişdi.

Yadınıza gəlirsə, o zaman hadisələrin gedişini və öz imkanlarını ölçə bilməmiş Musavat öz fəallarını haraylayıb Azadlıq meydanına apardı, küçə yürüşü zamanı polisin “xalq artist”ləri minik maşınlarının damında hoppanıb-düşdülər və bir neçə mağazanın vitrin şüşələrinə daş atıb onları sındırdılar, sonra isə polis nümayişçilərlə itələşib bu itələşməni xeyli videokamera ilə çəkdi. Ortada hakimiyyət davasına əslində heç bir aiddiyyati olmayan bir bədbəxt musavatçı öldürüldü. Partiya onu rayondan paytaxta çağırıbmış. Bu qətli heç araşdırmadılar da, sanki hansısa qəssab bazar günü cöngə kəsibmiş. Tamaşanın sonunda dalda yerlərdə duran qoşun hissələri hərəkətə gəldi, hakimiyyət və vəzifə aşiqlərini doldurdu avtozaklara və apardı qazamata.

Sonra isə “xalq artist”ləri əl-qollarını tənziflə sarıyıb Bakı Mətbuat Mərkəzində mətbuat konfransı keçirdilər və cəmi-əhli-Azərbaycana göstərdilər ki, bu zalım Müsavat quzu kimi məsum asayiş keşikçilərinin əziz canına necə qəsd edirmiş.

Çox güman ki, bu dəfə də “A” nəqşəsinə görə REAL dinc yürüş zamanı hakimiyyətin göz bəbəyi kimi qoruduğu “ictimai sabitliyə” təhlükə yaratmalı idi. Bu təhlükənin yaranması üçün yürüşdə balaca da olsa qarşıdurma, itələşmə olmalıydı ki, bunu videoya çəkib sonra cahil teletamaşaçı kütləsinə REAL-ın pozuculuq fəaliyyətinin sübutu kimi təqdim etsinlər. Polisin “xalq artist”ləri öz ifaçılıq məharətini göstərməyə başlayarkən Azər Qasımlı böylə gözəl hazırlanmış tamaşanı pozdu, ortaya düşüb hamıya “polisə müqavimət göstərməyin” çağırışını etdi. Nümayişçilər də ona qulaq asıb vətəndaşların konstitusion hüquqlarını gözgörəsi tapdalayan polislə heç itələşmədilər də.

Bu isə polisin nəqşələrini pozurdu və məhz bu hərəkətinə görə Azər Qasımlıya “polisə müqavimət” ittihamını veriblər. Polis qarşıdurma və müqavimət tamaşasını səhnələşdirmişdi, Azər Qasımlı buna mane oldu.

Ə, bə “polisə müqavimət”in buynuzu olur? Bu, əsl “polisə müqavimət”dir və ondan o yana heç nə yoxdur. Odur ki, mədəni və nəzakətli Azər Qasımlı 30 gün məhbəsdə yatacaq ki, başqalarına görk olsun.

Hakimiyyətimizin terror siyasəti tələb edir ki, cəmiyyətdə azca belə tərpənişə və hərəkətə yol verilməməlidir. Yəni əli-qolu bağlanmış millət heç barmaqlarını belə tərpədə bilməsin.

Mirzə Ələkbər Sabir “canımsan, ey pul” deyən azərbaycanlı varlını məsxərəyə qoyanda, elə bil bizim hakimiyyət rəhbərlərinin surətini yaradırdı. Zəmanəmizin ən aktual ədibi Mirzə Ələkbərdir. Onun təsvir etdiyi millətə yabançı ünsürlər indi müstəqil Azərbaycanın bütün ali məqamlı kabinetlərində əyləşib özlərinin 120 il bundan əvvəl yaşamış sələflərinin hərəkətlərini təkrarlayırlar.

Bizim hakimiyyət daima seçim rejimində yaşayır. Bəzi seçimləri birdəfəlik edib və bu seçim zərurəti yarandıqda, hakimiyyətin reaksiyası ildırımsürətli olur. Məsələn, “dollar ya vicdan” seçimi yarandıqda, bütün hakimiyyət Bethovenin beşinci simfoniyasını ifa edən Berlin simfonik orkestri kimi ani olaraq “dollar” deyir.

Yenə iş elə gətirir ki, hakimiyyət “dollar, ya Qarabağ” seçimini etməlidir və yenə də bizim dövlət rəhbərlərimiz bir an belə tərəddüd etmədən “dollar” deyirlər.

“Dollar, ya Vətən”? Əlbəttə, “dollar”!

“Dollar, ya Konstitusiya”? Bu, nə səfeh sualdır? Əlbəttə, “dollar”!

“Dollar, ya Allah”? Keçsin Allah günahımdan, lakin mənim dərin etiqadıma görə, bizim hakimiyyət üçün “əl-Fatihə” surəsi belə səslənir: “Bismi-d-dullari-r-rahmani-r-rahim”.

Belə olmasaydı, Allaha, onun bəxş etdiyi Sirat körpüsünə və qiyamət günü qaçılmaz olan hesabata inansaydılar, məgər böylə zülmü və haqsızlıqları törədərkən gözlərinin önünə əbədi cəhənnəm odunu gətirməzdilərmi?

Qaldı 28 May İstiqlal bayramına, möhtərəm xanımlar və bəylər, məncə, millət müstəqilliyə layiq olmaq üçün bəlağətli nitqlərdən və hətta küçəyə çıxıb yürüş etməkdən əlavə yenə nə isə etməlidir.

Nə? Baxın dünyaya, öyrənin. Öyrənin və ayılın. Zalımlar xalqımızda bir ovucdur, onlar xalq ümmanında bir qətrədir.

Ümman qətrəyə tabe olmamalıdır və olmaz!


Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəXəbərlərDollar onları çaşdırıb