Sivil Toplum Platforması yeni təkliflər hazırlayıb
Sivil Toplum Platforması dollar kreditləri üçün güzəşt mexanizmi təklif edir. Qurumun bu barədə yaydığı mövqe sənədində deyilir ki, devalvasiya həm bank sektorunun, həm də əhalinin borc yükünü artırıb. Bankların dollar depozitləri və xarici maliyyə qurumlarına olan borcu manat ifadəsində 2 dəfə artıb. 2016-cı ilin 1 aprel tarixinə bankların hər iki öhdəliklər üzrə cəmi borcu 26,2 milyard manata bərabərdir. Halbuki devalvasiyadan əvvəl, 2015-ci ilin əvvəlində bu rəqəm 12,7 milyard manata bərabər olub. Bankların xarici valyutada kredit qoyuluşunun həcmi 9,7 milyard manatdır və bunun 2,6 milyard manatı əhalinin payına düşür.
Problemli kreditlərin sayı artır
Məlumatda deyilir: “Aylıq kredit ödənişlərinin 2 dəfə artması əhalinin dollar kreditlərini qaytarması imkanlarını çətinləşdirib. Təsadüfi deyil ki, problemli kreditlərin payı son dövrlər artmaqdadır. Rəsmi məlumata görə, 2016-cı ilin 1 aprel tarixinə geri qaytarılmayan kreditlərin həcmi 1,3 milyard manata çatıb. Hazırda ölkə iqtisadiyyatına yatırılan hər 100 manatın 6,7 manatı geri qayıtmır. Problemli kreditlər sahəsində real vəziyyət rəsmi göstəricilərdən daha acınacaqlıdır. Müstəqil araşdırmalara, o cümlədən beynəlxalq reytinq agentliklərinin açıqlamalarına görə, ölkə üzrə problemli kreditlərin payı ən azı 20 faizdir. Bəzi bankların kredit portfelində belə kreditlərin payı 50 faizdən də çoxdur. Kreditlərin geri qaytarılmaması, ilk növbədə, bankları çətin duruma salır. Çünki belə vəziyyətdə banklar əmanətçilər və xarici banklar qarşısındakı öhdəliklərini yerinə yetirə bilmirlər. Kredit şərtlərini daha da ağırlaşdırmaq məcburiyyətində qalırlar ki, bu da ümumilikdə ölkə iqtisadiyyatının pulla təminatını pisləşdirir.»
Platformanın mövqe sənədində bildirilir ki, bu gün faktiki olaraq banklarla əhali üz-üzə qalıb. Əhali dollarda götürdükləri kreditləri geri qaytarmaqda çətinlik çəkir, bank isə onlardan öhdəliklərini yerinə yetirməyi tələb edir. Rəsmi məlumatlara görə, 21 fevral devalvasiyasından sonra xarici valyutada olan istehlak kreditlərinə görə, əhalinin borc yükü 731,8 milyon manat, 21 dekabr devalvasiyasından sonra isə 848 milyon manat artıb. Ümumilikdə isə hər iki devalvasiya nəticəsində vətəndaşlar banklara əlavə olaraq 1,6 milyard manata yaxın vəsait ödəməlidir. Bunların bir hissəsi ödənilib, əsas hissəsi isə ödənilməmiş qalır.
Hökumətdən dəstək yoxdur
«Banklara hökumət tərəfdən müəyyən dəstək olsa da, əhalinin ümidi yalnız banklara qalıb. Bankların güzəşti isə əhaliyə dəymiş zərərin qarşılanması yox, zaman baxımından möhlət hüququnun əldə edilməsinə xidmət göstərir. 2015-ci il devalvasiyalarından sonra kredit ödənişi sahəsində yaranmış böhranı çözmək üçün hökumətin atdığı addımlar təəssüf ki, daha çox bankların xilasına yönəldilmişdi.
Banklar da öz tərəfindən problemi aradan qaldırmaq üçün müəyyən təşəbbüslər göstəriblər. Kredit təşkilatları dollar kreditlərini restrkturizasiya edərək onun şərtlərini nisbətən yüngülləşdiriblər. Məsələn, kreditin müddətini uzadıblar, illik faiz dərəcəsini bir neçə faiz bəndi aşağı salıblar, dollar kreditini manata çeviriblər və s. Hətta nisbətən aşağı məzənnə ilə (1 dollar = 1.35 manat) kredit qəbul edən banklar da olub. Təəssüf ki, bütün bu güzəştlər kifayət etmir və əhalinin devalvasiya nəticəsində düşdüyü zərəri kompensasiya edə bilmir.
Real mənzərə onu göstərir ki, fakitiki olaraq kreditlərin ödənişi donmuş vəziyyətdədir. Burdan da hər iki tərəf itirir. Bankların itkisi ondan ibarətdir ki, onların digər öhdəliklərinin (xarici banklar və əmanətçilər) yerinə yetirilməsi risk altına düşür, gəlirləri azalır, zərəri artır. Əhalinin isə gecikməyə görə borclarına faiz hesablanaraq borc yükü artır, girovları əlindən alınır, kredit tarixçəsi pisləşir. Hökumət isə bu məsələdə dəstək vermək niyyətində deyil. İlk dövrlərdə müəyyən dəstək təşəbbüsləri səslənsə də, son anda maliyyə intizamsızlığı riski əsas gətirilərək, məsələnin həlli banklarla əhali üzərinə atıldı» – deyə sənəddə qeyd olunur.
Kompensasiya təklifi
Sivil Toplum Platforması hesab edir ki, məsələni indiki vəziyyətdə saxlayaraq problemin həllini banklarla əhalinin öhdəsinə buraxmaq çıxış yolu deyil:
«Son dövrlər kredit ödəməməyə görə intihar hallarının artması, insanların əmlaklarının əllərindən alınması kimi neqativ hallar gündəmi zəbt edib. Hətta həbs nümunələri də müşahidə edilməkdədir. Kredit təşkilatları, həmçinin kollektor şirkətəri tərəfindən kredit götürən şəxslər sanki mənəvi terrora məruz qalırlar. Onlar və zaminlər məhkəmələrlə qorxudulur, iş yeri, qohum əqrabaları, ailələri vasitəsilə onlara psixoloji təsirlər edilir. Kreditlərin ödənilməməsi məsələsində sui-istifadə halları olsa da, əsas səbəb devalvasiya nəticəsində müştərilərin aylıq ödənişinin artmasıdır. Problem həllini tapmazsa, nəinki əhali zərbə altına, həmçinin gələcəkdə ölkənin maliyyə sisteminin dayanıqlığı risk altına düşər. Buna görə də hökumət problemin həllinə müdaxilə edərək, kredit ödənişinə dəstək verməlidir.
STP olaraq dəymiş zərərin bütünükdə vətəndaşların üzərinə qoyulmasını qeyri-məqbul sayırıq və zərəri ödənilməsində hər üç tərəfin (vətəndaşın, bankların və hökumətin) aktiv iştirakının vacibliyini qeyd edirik.
STP ekspetləri kompensasiya mexanizminin ancaq xarici valyutada olan istehlak kreditlərinə şamil edilməsini məqbul sayır və aşağıdakı kompensasiya mexanizmini təklif edir:
21 fevral 2015-ci il tarixinə qədər xarici valyutada götürülən kreditlər üzrə: vətəndaşlar 1 dollar – 1.05 AZN məzənəsi ilə kredit ödənişləri edir, hökumət isə ödənilən hər 1 dollara görə banklara 25 qəpik məbləğində kompensasiya ödəyir.
21 fevral – 21 dekabr 2015-ci il tarixi aralığında götürülən kreditlər üzrə: vətəndaşlar 1 dollar – 1.20 AZN məzənəsi ilə kredit ödənişləri edir, hökumət isə ödənilən hər 1 dollara görə banklara 20 qəpik məbləğində kompensasiya ödəyir».