“Dollar başqa valyutalara münasibətdə möhkəmlənəcək”

Samir Əliyev: “İqtisadi vəziyyət hökuməti günü sabah devalvasiya qərarı verməyə vadar edir”

Source:


Samir Əliyev: “İqtisadi vəziyyət hökuməti günü sabah devalvasiya qərarı verməyə vadar edir”

ABŞ Mərkəzi Bankı – FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısı başa çatıb.

Fins.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, iclasda son 7 ildə ilk dəfə mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcəsinin artırılmasına – 0,25 faizdən 0,5 faizə çatdırılmasına qərar verilib.

FED 2008-ci ilin dekabr ayından bəri faiz dərəcələrini 0- 0.25 faiz aralığında saxlayır. FED-in bügünki qərarından sonra valyuta birjalarında dolların digər valyutalara nisbətdə bahalaşacağı gözlənilir.

Məsələni Meydan TV-yə şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, 2008-ci ildən sonra ilk dəfəydi artım baş verir və bu il başlayandan bu məsələ daim gündəmdəydi: “Hər ay keçirilən toplantıda faiz dərəcəsinin qaldırılacağı bildirilsə də, bu yöndə addım atılmırdı. Əsas səbəb o idi ki, 2 faizlik inflyasiya səviyyəsinə nail olmurdular”.

Samir Əliyev hesab edir ki, FED-in qərarı dolların dünyada mövqeyini bir az da möhkəmləndirəcək: “Dollar avroya, yuana, funt-sterlinqə və başqa valyutalara münasibətdə möhkəmlənəcək. Dekabrın 17-dən isə Azərbaycanda dolların adi bir bahalaşması olacaq. Mən sabah devalvasiyanın olacağını iddia edə bilmərəm, bu, doğru olmazdı. Çünki Azərbaycanda valyuta tənzimlənməsini Mərkəzi Bank həyata keçirir. Amma gələcəkdə manatın ucuzlaşması hər bir halda baş verəcək, hökumət buna gedəcək. Neftin qiyməti də təsirini göstərəcək”.

“Bu mənada yaxın bir ayda devalvasiya gözlənilirmi” sualına iqtisadçının cavabı belə oldu: “Əvvəlki fikrimdə qalıram ki, Azərbaycanda devalvasiya artıq zaman məsələsidir. Sabah da devalvasiya olsa, təəccüblənmərəm. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6 milyarddan da aşağı düşüb, Neft Fondunun da ehtiyatları azalır. İqtisadi vəziyyət hökuməti günü sabah devalvasiya qərarı verməyə vadar edir. Amma siyasi durum buna imkan vermir. Nəzərə alın ki, bu il bir dəfə devalvasiya qərarı verilib, güman ki, hökumət ikinci devalvasiyaya getməz. Ancaq növbəti ili yeni devalvasiya qərarı ilə qarşılaya bilərik. Bütün bunlar hər halda ehtimallardır. Qərarı hökumət verir, hökumətin məntiqini isə tutmaq çox çətindir”.

Ana səhifəXəbərlər“Dollar başqa valyutalara münasibətdə möhkəmlənəcək”