”Dollar banklara rəsmi məzənnədən baha satılır”

“Banklarımız dollar satmır. Bunu başqa cür də demək olar: banklarımız manat almır. Çünki müştəri üçün manat müqabilində dollar alışı bank üçün dollar müqabilində manat alışıdır”

Source:

“Banklarımız dollar satmır. Bunu başqa cür də demək olar: banklarımız manat almır. Çünki müştəri üçün manat müqabilində dollar alışı bank üçün dollar müqabilində manat alışıdır”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “facebook” səhifəsində belə yazıb.

Manat Mərkəzi Bankın buraxdığı əşyadır, maldır, əmtəədir

O, bildirib ki, Mərkəzi Bank tələbatı qarşılayacaq qədər dollar satmır:

“Mərkəzi Bank ona təklif olunan manatın hamısını almır. Bankları hardasa başa düşmək olar. Ancaq Mərkəzi Bankın bu mövqeyini başa düşmək olmur. Konstitusiyanın 19-cu maddəsinə əsasən pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Yəni, manat Mərkəzi Bankın buraxdığı əşyadır, maldır, əmtəədir. Nə qədər istəyir, o qədər də buraxır”.

Satacağın qiyməti de, biz də alıb-almayacağımız haqda qərar verək

Ekspert bildirir ki, buna görə də manatın qiymətini Mərkəzi Bank müəyyən edir. Həmin qiymət xarici valyutalara nisbətdə rəsmi məzənnədir. Yəni, Mərkəzi Bank deyirsə ki, 1 dollar 1,6403 manatdır, deməli elan edir ki, 1,6403 manatı 1 dollara almağa hazırdır:

“Hüquqda buna “ümumi oferta” (yəni “ümumi təklif”) deyilir. Mülki Məcəllənin 408.7-ci maddəsinə görə müqavilənin bütün şərtlərini əks etdirən təklif onu irəli sürmüş şəxsin şərtlərinə cavab verirsə, bu ümumi ofertadır. Təsəvvür edin, satıcı kartofun üstündə 1 kq-ın qiymətini 1 manat yazıb. Amma alıcılar gələndə deyir ki, satmıram. Adama deməzlər ki, zalım oğlu dediyin qiymətlə satmırsansa, başımızı niyə xarab edirsən? Satacağın qiyməti de, biz də alıb-almayacağımız haqda qərar verək”.

Rəsmi məzənnənin heç bir mənası yoxdur

Əkrəm Həsənov deyir ki, Mərkəzi Banka gəldikdə, məsələ daha da absurddur. Belə ki, Mərkəzi Bank öz buraxdığı manatı elan etdiyi rəsmi məzənnə ilə almaq istəmirsə, deməli, bunu əlverişsiz hesab edir:

“Əlverişsiz hesab edirsə, deməli, manatın həqiqi dəyəri elan etdiyindən aşağıdır. Elman Rüstəmovun manatın üzərindəki imzası kimi rəsmi məzənnənin də heç bir mənası yoxdur. Həm hüquqi, həm də mənəvi cəhətdən imza edən onun arxasında durmalıdır. Sözünün də arxasında durmalıdır. Ancaq E. Rüstəmov nə ötən ilki devalvasiyalar qabağı verdiyi sözün, nə imzasının arxasında durdu. Heç manatı da elan etdiyi qiymətlə almır”.

Tələb təklifdən azı 10 dəfə çoxdursa, nə hərrac, nə dəhliz?

Əkrəm Həsənov deyir ki, manatı buraxana manat lazım deyilsə, başqalarından nə gözləmək olar? Mərkəzi Bank dolayısı ilə onun rəsmi məzənnəsinə etimad etmirsə, başqaları necə etimad etsin?

“Belə şəraitdə qara bazar necə yaranmasın axı? Həmin bazar bilavasitə Mərkəzi Bankın hərəkəti nəticəsində yaranıb. Kim bilir, bəlkə də istəyi ilə… Maraqlısı isə odur ki, keçirilən hərraclarda da banklara dollar rəsmi məzənnədən bir qədər baha satılıb. Bunun rəsmi əsasını tapa bilmədim. Amma eşitdiyimə görə üstünə 0,0041 də gəlirlər. Yəni, Mərkəzi Bank 1,6403 elan etsə də 1,6444-lə satır. Adını da qoyur hərracın dəhlizi. Tələb təklifdən azı 10 dəfə çoxdursa, nə hərrac, nə dəhliz?”.

Ana səhifəXəbərlər”Dollar banklara rəsmi məzənnədən baha satılır”