Dollar bahalaşıb, neft düşüb

Neft və dollar. Foto: GAS-photo/shutterstock

Qaz qiymətlərindəki artım regional iqtisadiyyata təsir edib

ABŞ dolları son həftələrdə bir çox valyutaya qarşı 20 ilin ən yüksək həddinə yüksəlib.

Avroyla dolların məzənnəsi isə bərabərləşib.

“Reuters” yazır ki, səbəblərdən biri təbii qaz qiymətlərində davam edən artımın regional iqtisadiyyata təsiridir.

Eyni zamanda, Ukrayna-Rusiya müharibəsi, Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırmaqla rəqiblərini geridə qoyması nəticəsində də avro həssaslaşıb.

Bu gün 1 dollar hardasa 1 avroya bərabər olub.

“Standard Chartered” firmasının əməkdaşı Sara Hyuin deyir ki, avronun zəifləməsinə təkcə enerji daşıyıcıları qiymətlərinin artması yox, həm də Avropa Mərkəzi Bankında uçot dərəcəsi ilə bağlı yaranmış fikir ixtilafı təsir edib.

Avropada isə vəziyyəti gərginləşdirən Rusiya qazını nəql edən “Şimal Axını-1” kəmərinin 10 gün müddətində cari təmirə dayanmasıdır.

İnvestiorlar narahatdırlar ki, Rusiya qazın nəqlini Ukraynada müharibə ilə bağlı daha uzun müddətə dayandıra bilər.

İyulun 12-də neftin qiyməti də dolların yüksək məzənnəsi qarşılığında kəskin düşüb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,82 dollar azalaraq 105,28 dollara, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,02 dollar ucuzlaşaraq 102,07 dollara edib.

Ana səhifəİqtisadiyyatDollar bahalaşıb, neft düşüb