Rusiyanın Baş Prokurorluğu hesab edir ki, telekanal hakimiyyəti gözdən salır
Rusiyanın Baş Prokurorluğu müstəqil “Dojd” telekanalının Latviya və Hollandiya filiallarını ölkə üçün “arzuolunmaz təşkilatlar” elan edib.
Baş Prokurorluğun məlumatında qeyd olunur ki, “SIA TV Rain” (Latviya) və “TVR Studios B.V.”-nin (Hollandiya) telekanalları Rusiyada “xarici agent” elan edilən “xarici jurnalist ” Nataliya Sindeyeva tərəfindən “Dojd” telekanalı bağlandıqdan sonra yaradılıb.
“Dojd”un Latviya və Hollandiyadakı redaksiyalarında “xarici agent” elan edilmiş və Hollandiyanın “Stichting 2 Oktober” fondu tərəfindən maliyyələşdirilən jurnalistlər çalışır.
“Hər iki telekanal ekstremist təşkilatların (Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu), terror təşkilatlarının (“Hizb ut-Təhrir”), xarici agentlərin (“Meduza”, “Radio Svoboda”) məlumatlarını yayırlar”, – Baş Prokurorluğun bəyanatında deyilir.
Rusiyanın Baş Prokurorluğu hesab edir ki, “Dojd”un hər iki filialı hakimiyyəti gözdən salır. Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla (Rusiya hakimiyyəti Ukraynada keçirilən hərbi əməliyyatı belə adlandırır) bağlı yalan məlumatlar yayır. Həmçinin “xarici agent” elan edilmiş insanları və təşkilatları dəstəkləyir, onların materiallarını yayımlayır.
“Dojd” telekanalı 2008-ci ildə Moskvadan yayıma başlayıb.
2014-cü ildə Leninqradın blokadası ilə bağlı sorğudan sonra əksər peyk və kabel operatorları kanalı öz siyahılarından çıxarıblar.
2021-ci ildə “Dojd” “xarici agentlər” siyahısına əlavə edilib.
2022-ci ildə Rusiyanın Ukraynanı işğal etməsindən qısa müddət sonra Rusiya hakimiyyəti kanalı bloklayıb.
Elə həmin il Latviyanın Milli Elektron Media Şurası “Dojd” telekanalının yayım lisenziyasını ləğv edib.
Qərarın ölkənin milli təhlükəsizliyinə təhdidlə əlaqədar qəbul edildiyi bildirilib.