Çalışın andınızı pozmayın, geyiminizdən, dodaq və dırnaq boyanızın rəngindən asılı olmayaraq…
Xəbər yayılıb ki, Mədəniyyət Nazirliyi ölkə teatrlarına və mədəniyyət müəssisələrinə bəzi qadağalar qoyub. Bunlar qadın işçilər üçün qırmızı dodaq və dırnaq boyasından, həmçinin bu rəngdə geyimlərdən, dikdaban ayaqqabılardan, cins və dar şalvarlardan, qısa geyimlərdən istifadənin qadağan edilməsidir. Bunun nə dərəcədə həqiqət olduğu hələ dartışılır, bəziləri belə qadağanın olmadığını deyir. Şübhəsizdir ki, bir gün həqiqət günəşi parlayacaq… və rəsmilərdən kimsə bununla bağlı ağlabatan açıqlama verəcək. Ancaq burda maraqlı olan məqam odur ki, bəs teatrda, mədəniyyət müəssisələrində çalışan kişilərlə bağlı hansı qadağalar var? Hələlik bundan xəbərsizik, ümid edirik ki, qadınlarla bağlı qadağaları ictimailəşdirənlər özlərində cəsarət tapıb bu işə də çarə qılacaq, yəni bizi bilgisiz qoymayacaqlar. İndilikdə belə düşünə bilərik: görünür, ya kişilərlə bağlı bu qadağalar yoxdur, ya da o qədər absurddur ki, üzə çıxarmağa cəsarət eləmirlər.
“Od olmasa, tüstü çıxmaz” məsəli burda lap yerinə düşür, çünki Mədəniyyət Nazirliyinin İnsan Kapitalının idarə edilməsi şöbəsindən Meydan TV-yə verilən cavabdan belə anlaşılır ki, torbada pişik var, yəni hansısa qadağalar qoyulub. Sorğuya cavab verən şöbə, əməkdaş və ya müdirin cavabında “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun adı çəkilir, hər şeyin bu tipli qanun, akt, müəssisədaxili intizam qaydalarıyla tənzimləndiyi deyilir.
Həmin qanunun bir bəndində yazılıb:
4.2. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
İndi biz o nümunəni hardan tapaq. Ha çalışsaq da, bu gün gözümüzün qabağına vicdanlılıq nümunəsi sayılacaq dövlət qulluqçusu gətirməyə çətinlik çəkirik; hər halda, üzdə olanlar arasında. “Dövlət qulluqçusu” sayılacaq xeyli peşə sahibləri var, onların çoxu, Şeyx demiş, vicdanın nə olduğunu hələ də bilmir. Qanuna uyğun gəlməsə də, hansısa yolla qanunla nümunə sayılanların sırasına düşüb.
Həmin qanundan daha bir bəndi yada salaq.
Maddə 9. Mədəni davranış. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.
Biz bu “nəzakəti, xeyirxahlığı, diqqəti və səbri” ən azı Hüseynbala Mirələmovun simasında yaxından izləmişik; həm də dəfələrlə, sosial şəbəkələrdə trendə çevrilən videolar var ki, hər gün adamın qarşısına çıxır.
Keçək dövlət qulluqçusuna qanunla qoyulan tələblərlə bağlı başqa bir maddəyə:
16.2. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.
Görünür, bu maddəni qanuna səhvən salıblar. Bir dövlət qulluqçusunun arvad-uşağı xidməti maşınla işə, məktəbə, bazara, şopinqə, istirahətə getməsə, başqaları heç, bəs qonşular buna nə deyər? Hələ o dövlət qulluqçusunun telefonundan, kompüterindən və başqa avadanlıqlarından istifadəni demirəm. Onun çalışdığı qurumda və qurumdankənar yerlərdə saxladıqlarıyla bağlı problemlərini bir kənara qoyuruq…
Geyim qadağası qoyan Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun həbsi epizodu yadınızda olar. Onun dövlətə 5 milyon manatdan çox ziyan vurduğu bildirilirdi. Z.Sultanov dövlətə vurduğu ziyanın (Ziya Məmmədovla qarışdırmamalı) 4 milyon manatını nağd şəkildə ödədi. Onun 600 min dollarlıq əmlakı və daha 130 min, 10 min və 20 min dəyərində olan əmlakına isə həbs qoyuldu. Yeri gəlmişkən, dövlət qulluqçuları vəzifəyə gətiriləndə Azərbaycan bayrağı altında Konstitusiyaya əl basaraq and içirlər. Şübhə yoxdur ki, dövlət qulluqçusu kimi Z.Sultanov da, qanuna uyğun olaraq, bu vəzifəyə gələndə and içmişdi. Bilməyənlər üçün o andı yada salaq.
«Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm».
1 milyon 800 min manat rüşvət almaq ittihamı ilə həbs edilən mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 8 il cəza aldı. Həbsindən sonra 1 milyon 200 min manatı dövlətə ödədiyinə əsaslanaraq Apelyasiya Məhkəməsi R.Bayramovun cəzasını 4 il 6 aya endirdi. Onun da bu vəzifəyə gətirilərkən and içdiyi şübhəsizdir. Əməkdaşlara davranış, geyim qadağaları qoyan Mədəniyyət Nazirliyi gərək arada vaxt tapıb korrupsiya və rüşvətin qadağan edildiyini (həm də qanunla) andlı və andsız işçilərinə xatırlada; ən azı adına uyğun, yəni mədəni formada.
Qanunlara əməl etmək, onları pozmamaq hamının borcudur, həm də daha çox buna and içən dövlət qulluqçularının…
Çalışın andınızı pozmayın, geyiminizdən, dodaq və dırnaq boyanızın rəngindən asılı olmayaraq…