”Onun mesajını rəsmi Bakı düzgün oxumalı və Rusiyanın münaqişənin həllində ədalətli mövqeyinə bel bağlamamalıdır
”
Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq vasitəçilər tərəfindən deyil, yalnız onun iştirakçıları tərəfindən tapıla bilər.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya, bununla yanaşı belə həllə yardım etmək üçün beynəlxalq formatlarda davamlı işləyir (
trend
).
Dmitri Peskovun açıqlamasını Meydan Tv-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu “Rusiya prezidentinin mətbuat katibinin sözlərini belə anlamaq lazımdır ki, Azərbaycan və Ermənistan prezidentləri Rusiyadan Dağlıq Qarabağ münaqişəsinin həllini gözləməsinlər deyərək əlavə edib ki, əslində, Ermənistanın heç belə bir gözləntisi də yoxdur. Dmitri Peskovun mesajı daha çox rəsmi Bakıya ünvanlanıb. Çünki məhz Azərbaycan hakimiyyəti Rusiyanın Ermənistana təsir edəcəyini gözləyir. Rusiya prezidenti Vladimir Putin isə mətbuat katibinin sözləri vasitəsi ilə demək istəyir ki, Moskva İrəvana təsir etməyəcək və Dağlıq Qarabağla bağlı status-kvo Kremli narahat etmir, tam əksinə indiki vəziyyətdən razıdırlar. Dmitri Peskovun dediyi kimi əgər Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq vasitəçilər tərəfindən deyil, yalnız onun iştirakçıları tərəfindən tapılmalıdırsa, Putin niyə ara-sıra Azərbaycan və Ermənistan prezidentlərini görüşdürür və ya keçmiş dövlət başçısı Dmirti Medvedyev niyə azərbaycanlı və erməni həmkarını düz 10 dəfə bir araya gətirmişdi? Məncə, Peskovun mesajını rəsmi Bakı düzgün oxumalı və Rusiyanın münaqişənin həllində ədalətli mövqeyinə bel bağlamamalıdır”.
Siyasi şərhçi onun üçün məsələnin qaranlıq qaldığını deyib: “Əgər Rusiya münaqişənin həlli ilə bağlı neytrallığını elan edirsə, sabah Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa başlayarsa, Moskva neytrallığına davam edəcəkmi? Mən buna inanmıram. Rusiya əlindən gələn hər şeyi edəcək ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini öz xeyrinə həll etməsin. Yaxın tarixdə baş verənlər də bundan xəbər verir. Ona görə də Peskovun sözləri diqqəti yayındırmaq məqsədi daşıyır”.