Sülhəddin Əkbər: ”Kremlin şərtləri o qədər ağırdır ki, hər iki tərəfin bunu qəbul edəcəyi çox çətindir”
Rusiyanın baş naziri Dmitri Medvedev “Rossiya” kanalına müsahibəsi Azərbaycan ictimaiyyəti üçün maraq doğurub.
Baş nazir bildirib ki, hər kəs münaqişənin həllini, vəziyyətin dəyişməsini istəyir: “Burada da bir çox siyasətçilər haqlı olaraq gələcək nəsillər qarşısında öz məsuliyyətlərini anlayırlar. Yəni ki, gələcək nəslə dondurulmuş deyil, həll olunmuş münaqişə ötürmək lazımdır. Problem odur ki, münaqişənin istənilən həlli bir tərəfi qane edəcək, digər tərəfi isə narazı salacaq. Əgər münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, yəni onu tez bir zamanda həll etmək qərarından imtina etmək və münaqişənin həlli yolunda verilən insan itkiləri arasında seçim etməli olsam, mən yenə də ikincini seçərəm. Yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin” (
APA
).
Ancaq maraqlıdır baş nazirin fikirləri Rusiya rəsmilərinin ötən həftə səsləndirdikləriylə ziddiyyət təşkil edir.
Misal üçün XİN rəhbəri Sergey Lavrov deyib ki, münaqişənin həllində 7 rayonun qaytarılması və status məsələsinə bir yerdə baxılmalıdır. Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi yalnız regionda siyasi nizamlanmaya nail olduqdan sonra mümkün ola bilər. Rusiyalı həmsədr İqor Popov dünən İrəvanda söyləyib ki, Dağlıq Qarabağ danışıqların bir mərhələsində tərəf kimi prosesə qoşulacaq: “İkinci, Dağlıq Qarabağın Azərbaycan tərkibində qalıb-qalmaması məsələsi də danışıqların mövzusudur”.
Sadaladıqlarımız Kremlin münaqişənin həllinə ya vahid mövqeyinin olmadığının, yaxud ayrı-ayrı rəsmilərin ziddiyyətli açıqlamalarıyla tərəflərə təzyiq imkanını saxlamaq istəyinin göstəricisi sayıla bilər.
Siyasi şərhçi Sülhəddin Əkbər Rusiya rəsmilərinin açıqlamalarını Meydan TV-yə şərh edərkən bildirib ki, xatırlanan açıqlamalar Rusiyanın Azərbaycana və Ermənistana siyasi və hərbi təzyiqidir: “Məqsəd ondan ibarətdir ki, danışıqlar prosesinə başqa tərəfləri buraxmayıb diplomatik və hərbi sferada üstünlüyünü qoruya bilsin. Atəşkəsin pozulması, yenidən təmin olunması, danışıqların başlaması, bu danışıqlarda şimal qonşunun aparıcı rol oynaması, ardınca rəsmilərinin bir-birinə zidd açıqlamalar verməsi Kremlin müxtəlif yollarla aralıq sazişin imzalanması istəyini göstərir. Amma bu saziş münaqişənin həllinə gətirməyəcək”.
Sülhəddin Əkbər düşünür ki, Kreml İrəvanı təzyiq edib sındırmaqla, Bakını isə şirnikləndirmək yoluyla təkliflərinə razı salmaq istəyir. Amma şərtlər o qədər ağırdır ki, hər iki tərəfin bunu qəbul edəcəyi çox çətindir. Ona görə tərəflərə təzyiqlər üçün müxtəlif bəyanatlar səsləndirirlər: “Amma Rusiya rəsmilərinin bəyanatlarında ziddiyyət görmürəm, çünki müxtəlif tərəflərə müxtəlif istiqamətdə təzyiqlər olur. Bir daha deyirəm, Kreml təşəbbüsü əlində saxlamaq istəyir, bunun üçün tərəflərin birinə təzyiq edir, o birini 2-3 rayonun qaytarılacağı vədiylə şirnikləndirib sülhməramlı qüvvələr adı altında öz hərbi kontingentini bölgəyə gətirmək istəyir. Təbii ki, Azərbaycan bununla razılaşa bilməz. Hakimiyyət Kremlin şərtlərini qəbul etsə, Qarabağla bərabər müstəqilliyimizi də itirəcəyik. 1991-ci ildən indiyə qədər əldə etdiyimiz bütün nailiyyətlər sıfırlanmış olacaq”.