“Xahiş edirəm, mənə kömək edin. Mən Azərbaycan ordusunda xidmət edirəm, kapitan Elçin Süleymanlı barəsində şikayətim var. Hansı ki, Gəncədə yerləşən hərbi hissədə 4 divizionun komandiri vəzifəsini icra edir”.
Bu sözləri adın açıqlamaqdan çəkinən hərbçilərdən biri deyir. Meydan TV-yə ünvanladığı şikayət məktubunda Elçin Süleymanlının komandirlik etdiyi hərbi hissənin nömrəsi də qeyd olunub. Hərbçi şikayət məktubunda dediklərini sübut etməyə çalışır: “Əziz yoldaşlarım, bu insan yuxarı vəzifədə olan day-dayı hesabına hərbi hissədə at oynadır. Həmin divizionda istədiyini edir, əsgərləri söyür, döyür, təhqir edir. MAXE və gizirlərin gününü qara edib, heç kim o divizionda xidmət etmək istəmir. Ümumiyyətlə, onun əlindən zabitlər boğaza yığılıb. Elçin Süleymanlı əsgər Amid Qəhrəmanovun SOCAR-da işləyən anasından pul alaraq, onu otağında saxlayır. Bundan başqa, Məlikyeqanlı, əsgər Cavid Məmmədovdan və 12-ci batereyanın sanitar təlimatçısından küllü miqdarda pul alıb, onlara xüsusi qayğı göstərir. Nəsirzadə, İbadov və digər əsgərləri vəhşicəsinə döyür və söyür. Əsgərlərin hesabına hədiyyə alır. Bu yaxınlarda Valeh adlı əsgər onun qorxusundan xidmət yerindən qaçmışdı. Xahiş edirəm, paylaşın bunu, xalq görsün, sizin də əsgər qohumlarınız var”.
Əsgər adının açıqlamaq istəməməsini belə izah edir: “Əgər kimliyim bilinsə, həyatım məhv olacaq. Bu yazıq əsgərlərin də günü qara olacaq. Bir şeyi də çatdırım ki, həmin kapitan kimlərdənsə pul alaraq bir neçə cinayətin üstünü ört-basdır edib. Xahiş edirəm kömək edin”.
Meydan TV əsgərin şikayətini Müdafiə Nazirliyinin diqqətinə çatdırıb. Nazirliyə ünvanlanmış sorğuda sözügedən hərbi hissənin nömrəsi də qeyd olunub. Lakin Müdafiə Nazirliyi sorğuya cavab verməyib. Qurumdan məsələ ilə bağlı açıqlama verilərsə, dərc olunacaq. Elçin Süleymanlı ilə də əlaqə yaratmaq cəhdləri alınmayıb.